“Putinin nə düşündüyünü anlamağa çalışmağı dayandırmışam” –
16-10-2024, 00:07
“NATO komandanlığının Almaniyanın Visbaden şəhərindəki işi Ukraynaya döyüş meydanında real dəyişiklik əldə etməyə və alyans ölkələrinin təhlükəsizliyini təmin etməyə kömək edəcək”.
SAVASHMEDİA.az NATO mətbuat xidmətinin yaydığı xəbərə istinadla bildirir ki, bunu komandanlığın qərargahına baş çəkdikdən sonra Alyansın baş katibi Mark Rutte deyib.
Baş katib hərbi heyətlə söhbəti zamanı 700 hərbçinin hazırlığı üzrə onların işinin nə qədər vacib olduğunu vurğulayıb. Bu hərbçilər Visbadendə və Alyansın şərq cinahındakı logistika qovşaqlarında yerləşdiriləcəklər.
Rutte bildirib ki, Ukraynanın öz məqsədlərinə çatmasını, Rusiyanın isə çatmamasını Alyans təmin etməlidir.
O, deyib ki, Visbadenin NATO-nun Ukraynadakı qərargahına çevrildiyi üçün hərbi hədəfə gətiriləcəyi narahatlıqlarına şübhə ilə yanaşır: “Mən uzun illər əvvəl Putinin nə düşündüyünü anlamağa çalışmağı dayandırdım”.
NATO-nun Ukraynadakı yeni Təhlükəsizliyə Yardım və Təlim Komandanlığı alyansın iyul sammitinin qərarı ilə yaradılıb. Hazırda Vaşinqton Ukraynaya silah və sursat tədarükünün koordinasiyasında əsas rol oynayır.
“The New York Times” yazır ki, Ukraynaya yardım missiyası respublikaçı Donald Tramp seçkilərdə qalib gəlsə belə, fəaliyyətini davam etdirəcək. Adının açıqlanmasını istəməyən vəzifəli şəxslər qeyd ediblər ki, alyansa daxil olan bütün ölkələr NSATU-nun yaradılmasını dəstəkləyiblər.
Qərargah ABŞ ordusunun istifadə etdiyi Visbaden-Erbenhaym ərazisində yerləşir. Hərbçilər çadırlarda yerləşdirilib, lakin tezliklə avadanlıqla təchiz olunmuş helikopter anqarına keçəcəklər. NATO komandanlığın nə vaxt işə başlayacağı ilə bağlı konkret tarixi açıqlamır.
Xatirə SADİQ