BMT: Livanda 400 mindən çox uşaq 3 həftə ərzində gedən müharibə səbəbindən didərgin düşüb
16-10-2024, 12:44
BMT-nin uşaq agentliyinin yüksək səviyyəli rəsmisi bazar ertəsi Livanda son üç həftə ərzində 400 mindən çox uşağın evlərindən didərgin düşdüyünü bildirib və çoxsaylı böhranlarla qarşılaşan və hazırda müharibənin ortasında olan bu kiçik ölkədə "itirilmiş nəsil"lə bağlı xəbərdarlıq edib.
İsrail Qəzzada HƏMAS ilə müharibə zamanı bir il davam edən atışmalardan sonra quruda hücum da daxil olamqla, Livanda Hizbullah silahlı qruplaşmasına qarşı kampaniyasını gücləndirib.
Livanda gedən döyüşlər nəticəsində 1,2 milyon insan evindən didərgin düşüb. Onların çoxu vəziyyətin gərginləşməsindən sonra son üç həftə ərzində Beyruta və şimalda başqa yerlərə qaçıb.
UNICEF-in humanitar fəaliyyətlər üzrə icraçı direktor müavini Ted Çayban köçkün ailələr üçün sığınacaqlarına çevrilmiş məktəblərə baş çəkib.
"Məni heyrətə gətirən odur ki, müharibə cəmi üç həftədir davam edir, lakin çox sayda uşaq təsirə məruz qalıb", Çayban Beyrutda Associated Press xəbər agentliyinə deyib.
“Bu gün burada oturduğumuz zaman 1,2 milyon uşaq təhsildən məhrum qalıb. Dövlət məktəbləri ya bağlanıb, ya müharibə nəticəsində zədələnib, ya da onlardan sığınacaq kimi istifadə olunur. Bu ölkənin başına gələn hər şeyə əlavə olaraq, ehtiyac duyduğu son şey itirilmiş nəsil riskidir" - deyə, o bildirib.
Səhiyyə Nazirliyinin məlumatına görə, Livanda 2300-dən çox insan İsrailin hücumları nəticəsində həyatını itirib ki, onların təxminən 75%-i son bir ayda baş verib. Çaybanın sözlərinə görə, son üç həftə ərzində 100-dən çox uşaq öldürülüb, 800-dən çoxu isə yaralanıb.