Pakistan Çinin BRI planlarını genişləndirməyə çalışır
17-10-2024, 15:34
Pakistanın Baş naziri Şehbaz Şərif çərşənbə günü Çinin Kəmər və Yol Təşəbbüsünün (BRI) genişləndirilməsinin tərəfdarı olduğunu, bunun regional ticarət əməkdaşlığını gücləndirəcəyini deyib. O, bunları Şanxay Əməkdaşlıq Təşkilatının hökumət başçılarının İslamabadda keçirilən illik toplantısında bildirib.
Pekin və Rusiya 2001-ci ildə təhlükəsizlik, siyasət və iqtisadiyyat sahələrində Qərb ittifaqlarını tarazlaşdırmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) yaradıb.
Şərif ŞƏT toplantısındakı açılış nitqində Çinin Pakistanda infrastruktur layihələrinə yatırdığı sərmayələri qlobal Kəmər və Yol Təşəbbüsünün bir hissəsi kimi alqışlayıb və onun genişləndirilməsinə çağırıb.
“Prezident Si Cinpinin “Kəmər və Yol” Təşəbbüsü, Çin-Pakistan İqtisadi Dəhlizi kimi qabaqcıl layihələr genişləndirilməlidir, əsas diqqəti regionumuzda inteqrasiya və əməkdaşlığı gücləndirən yol, dəmir yolu və rəqəmsal infrastrukturun inkişafına yönəltmək lazımdır. Gəlin bu kimi layihələrə dar siyasi prizmadan baxmayaq və [əvəzində] iqtisadi cəhətdən inteqrasiya olunmuş regionun ümumi vizyonunu inkişaf etdirmək üçün çox vacib olan kollektiv əlaqə imkanlarımıza sərmayə qoyaq" - deyə Şərif qeyd edib.
Pekin Asiya, Afrika və Avropanı yeni quru və dəniz marşrutları vasitəsilə birləşdirmək üçün qlobal infrastruktur və enerji şəbəkəsi olan 1 trilyon dollarlıq iddialı BRI-nion il əvvəl işə salıb.
Birləşmiş Ştatlar və digər Qərb tənqidçiləri bu planı Çinin geosiyasi və iqtisadi təsirini genişləndirmək üçün alət kimi qiymətləndirir. Onlar həmçinin Çin investisiyalarını tənqid edərək, onların inkişaf etməkdə olan ölkələri dayanıqsız borcla yüklədiyini iddia edir. Pekin ittihamları siyasi motivli olaraq rədd edir.
Keçən il G7 çərçivəsi vasitəsilə Qərb ölkələri əlaqə üçün alternativ infrastruktur inkişaf planı yaratmaq üçün 600 milyard dollarlıq təşəbbüs irəli sürüb. CPEC kimi tanınan Çin-Pakistan İqtisadi Dəhlizi yol şəbəkələri, əsasən kömürlə işləyən elektrik stansiyaları və dərin su limanı, eləcə də sahilyanı Qvadar şəhərində hava limanı BRI-nin Pakistana əsas marşrutudur.
Çərşənbə günü keçirilən toplantıda ev sahibi Pakistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan və İran da daxil olmaqla, 10 nəfərlik qrupun liderləri arasında Çinin Baş naziri Li Qiang və Rusiyanın baş naziri Mixail Mişustin də iştirak edib.
Rəsmi bəyanatında Çinin Baş naziri Li İslamabadda keçirilən ŞƏT toplantısı zamanı bildirib ki, Çin sammitlərin nəticələrini həyata keçirmək və “müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və ŞƏT-in birliyini təşviq və regional sülhün, sabitliyin və inkişafın irəliləməsinə daha çox töhfə vermək üçün “bütün tərəflərlə işləməyi səbirsizliklə gözləyir”.
Analitiklər NATO və ya Avropa İttifaqı kimi Qərb ittifaqlarının üzv ölkələrə qarşılıqlı müdafiə və iqtisadi inteqrasiya kimi imtiyazlar təklif etdiyini qeyd edərək, ŞƏT-in iclaslarının üzv dövlətlərin ehtiyaclarını qarşılayacaq nəticələrin olub-olmadığına şübhə ilə yanaşırlar.