Putin Şimali Koreya qoşunlarının Rusiyaya göndərildiyini inkar etmir
25-10-2024, 17:54
Rusiya prezidenti Vladimir Putin cümə axşamı ABŞ-ın Şimali Koreyanın Rusiyaya 3000 hərbçi göndərdiyi ilə bağlı iddiasını təkzib etməyib, lakin deyib ki, onların necə yerləşdiriləcəyinə, o cümlədən Ukraynaya qarşı cəbhə xəttində döyüşmək üçün göndərilməsinə Moskva qərar verəcək.
ABŞ-ın yüksək səviyyəli rəsmiləri çərşənbə günü Şimali Koreya qoşunlarının oktyabrın əvvəlində Rusiyaya getdiyini və daha sonra bir neçə hərbi təlim məntəqəsinə göndərildiyini bildirib.
ABŞ Moskvanın Ukraynaya qarşı 32 ay davam edən müharibəsində rus qoşunları ilə birlikdə döyüşə biləcəyindən narahatlığını dilə gətirib ki, bu da münaqişənin böyük bir eskalasiyasıdır.
Bir müxbirin Şimali Koreya əsgərlərinin hərəkətini göstərən peyk görüntüləri ilə bağlı sualına Putin "Şəkillər ciddi bir şeydir. Görüntülər varsa, o zaman bu, nəyisə əks etdirir" deyib.
Lakin o, Qərbin Kyivə Rusiyaya qarşı müdafiəsinə kömək etmək üçün NATO zabitlərini və təlimatçılarını göndərməklə Ukraynadakı müharibəni qızışdırdığını iddia edib.
Bu arada Cənubi Koreya rəsmiləri çərşənbə axşamı bildiriblər ki, Şimali Koreya və Rusiya arasında hərbi əlaqələrə qarşı mübarizə tədbirlərinin bir hissəsi kimi Ukraynaya birbaşa silah satışını nəzərdən keçirə bilərlər.
Keçən həftə Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın Rusiyaya “böyük” qüvvə göndərdiyini bildirərək, 1500 xüsusi təyinatlının artıq Rusiyanın uzaq şərqində təlim keçdiyini və tezliklə Ukraynada cəbhəyə yollanmağa hazır olduğunu iddia edib.