NATO: Şimali Koreya qoşunları Rusiyanın Kursk bölgəsinə yerləşdirilib
29-10-2024, 17:05
NATO bazar ertəsi Ukraynaya qarşı müharibəyə yardım etmək üçün Şimali Koreya qoşunlarının Rusiyaya göndərildiyini və avqust ayında Kyiv qüvvələrinin gözlənilmədən ələ keçirdiyi və həmin ərazini hələ də əlində saxladığı Kursk bölgəsinə yerləşdirildiyini təsdiqləyib.
"Rusiya və Şimali Koreya arasında dərinləşən hərbi əməkdaşlıq həm Hind-Sakit okean, həm də Avro-Atlantik təhlükəsizliyinə təhdiddir" - deyə, NATO-nun baş katibi Mark Rutte Brüsseldə NATO rəsmiləri və diplomatlarının Cənubi Koreyanın kəşfiyyat və hərbi məmurlarından məlumat aldıqdan sonra jurnalistlərə bildirib.
Rutte deyib ki, 3 min Şimali Koreya hərbçisinin yerləşdirilməsi Pxenyanın Rusiyanın Ukraynadakı "qanunsuz müharibəsində" iştirakının "əhəmiyyətli dərəcədə artması", BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və 32 aydır davam edən müharibənin müddətinin "təhlükəli şəkildə uzadılması" deməkdir.
NATO-nun baş katibi Şimali Koreya qoşunlarının Rusiyaya yerləşdirilməsinin prezident Vladimir Putinin "çarəsizliyinin artmasının" əlaməti olduğunu deyib.
"Putin müharibəsində 600 mindən çox rus əsgəri həlak olub və ya yaralanıb və o, xarici dəstək olmadan Ukraynaya hücumunu davam etdirə bilmir"- deyə, Rutte bildirib.
Kreml Şimali Koreyanın Rusiyaya qoşun yerləşdirməsi ilə bağlı xəbərləri "saxta xəbər" adlandırıb. Lakin Putin keçən həftə Şimali Koreya qoşunlarının hazırda Rusiyada olduğunu inkar etməyib və iyun ayında Şimali Koreya lideri Kim Çen Inla imzaladığı qarşılıqlı müdafiə təhlükəsizliyi paktının bir hissəsi olaraq, onları necə yerləşdirməyin Moskvanın ixtiyarında olduğunu deyib.
Keçən həftə Şimali Koreyanın BMT-dəki nümayəndəsinin Pxenyanın Rusiyaya qoşun yerləşdirməsi ilə bağlı xəbərlərin "əsassız şayiələr" olduğunu deməsi Putinin şərhləri ilə ziddiyyət təşkil edir.