Putinin siyasi varisinin kimliyi bəlli olur - keçmiş cangüdən...
26-09-2016, 10:15

Vyaçeslav Volodinin Dumaya rəhbər təyinatının səbəb və nəticələri
Rusiya hakimiyyətində kadr dəyişiklikləri kampaniyası ən yüksək pillələrə qədər çatıb. Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Bu barədə Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərman oktyabrın 5-də qüvvəyə minəcək. Putinin digər fərmanı ilə, Xarici Kəşfiyyat Xidmətinin hazırkı rəhbəri Mixail Fradkov təqaüdə göndərilib.
Ardınca isə prezident Vladimir Putin Kreml administrasiyasının rəhbərinin müavini Vyaçeslav Volodini Dövlət Dumasının spikeri postuna namizəd irəli sürüb. Virtualaz.org “The Financial Times” qəzetinə istinadən qeyd edib ki, Narışkinin kəşfiyyata rəhbər göndərilməsi Vyaçeslav Volodinin sürətli yüksəlişi üçün yolu açır. İndi Volodin spiker postunu tutmaqla növbəti nəsil Rusiya siyasi elitasının super ağır çəkili fiquruna çevrilir: “Volodin üçün son kadr dəyişikliyi xidmətdə nəhəng irəliləyiş oldu. 52 yaşlı məmur əvvəl Dövlət Dumasının deputatı olub, ancaq 2011-ci ilin sonlarından Prezident Administrasiyasında işləyirdi. Orada o, siyasi partiyalar sistemini dəyişdirmək üçün kulislər arxasından işlər aparıb, ”Vahid Rusiya" partiyasının seçkilərdə pis nəticə göstərməsindən və Moskvada Putinə qarşı etirazlardan sonra siyasi sistemi dəyişib".
Ötən ay Putin özünün çoxdankı siyasi tərəfdaşı Sergey İvanovu prezident administrasiyası rəhbərliyindən azad edib, protokol xidmətinin rəhbərini onun yerinə gətirib. Volodini isə spiker vəzifəsinə namizəd kimi nəzərdə tutub. Qəzet yazır ki, bu təyinat Rusiyanın güc strukturlarında, regional hakimiyyət orqanlarında və prezident administrasiyasında uzun illərdir Putinlə birlikdə yol gəlmiş, siyasi çəkiyə malik elita nümayəndələrinin əvəzlənməsinə yönəlmiş kadr dəyişikliklərinin kulminasiya nöqtəsidir.
“Financial Times” qeyd edir ki, Narışkinin Volodinlə əvəzlənməsi Rusiyaya Qərb ölkələri ilə parlament əlaqələrini genişləndirməyə imkan verəcək. Çünki Krıma görə Narışkinə sanksiyalar tətbiq olunub.
Qəzetə danışan mənbələr deyiblər ki, Volodin son seçkilərdə hakim partiyaya Dövlət Dumasında əvvəlki 343 yerə nisbətən 450 yer əldə etməyə imkan verən parlament kampaniyasının arxitektoru idi. İndi isə onu mükafatlandırıblar: “Onun çox böyük ambisiyaları var və o, gözəl günlərin birində prezident olmaq istəyir. Volodinin siyasi karyerası inanılmaz sıçrayışla yüksəlib. İndi inanmaq çətindir ki, o, düz 15 il maşın-traktor stansiyasında mexanizator işləyib. Sonra Saratovda kənd təsərrüfatının mexanikləşdirilməsi institutuna daxil olub. Nəhayət o, öz gücünə, himayəsi Saratov qubernatorunun müavini vəzifəsinə qədər yüksəlib. O vaxtkı qubernator Dmitri Ayatskov Volodini həddən artıq ambisiyalı olduğu üçün yanından uzaqlaşdırıb, Moskvaya göndərib. Tanıyanlar deyir ki, Volodin anadan siyasətçi doğulub, dahi manipulyatordur və prezident olmaq ambisiyalarından xali deyil”.
Sözgedən kadr dəyişikliklərini və bu dəyişikliklərin Rusiyanın qonşusu olan respublikalara münasibətinə təsir edib-etməyəcəyini şərh eləyən politoloq Qabil Hüseynli öncə bildirdi ki, Sergey Narışkin təcrübəli siyasətçidir, amma professional kəşfiyyatçı deyil:
“Ümumiyyətlə, Rusiyada uzun müddətdir Xarici Kəşfiyyat Xidmətinə rəhbər gətirilən adamlar həmin idarənin içərisindən çıxmış professionallar olmur. İndi yenicə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindən çıxarılan Fradkov da bu sahənin adamı deyildi. Bu vəzifəyə o baş nazir vəzifəsindən çıxarıldıqdan sonra təyin edilmişdi. İndi onu çıxarıb yerinə neçə ildir Dumanın spikeri seçilən Narışkini təyin edirlər. Narışkin də güclü siyasətçi kimi, hətta ”boz kardinal" adlandırılsa belə, indi təyin olunduğu sahənin peşəkarı deyil. Hər halda Narışkin də bir müddət sonra Fradkov kimi pensiyaya göndəriləcək. Belə görünür ki, Putinin komandasında ciddi etimadsızlıq mühiti formalaşıb. Kadrlara etibarın səviyyəsi xeyli aşağı düşüb. İndi Dumaya sədr gətirilən Vyaçeslav Volodin vaxtilə Putinin cangüdənlərdən biri olmuş adamdır və Sankt-Peterburq kadrlarındandır. Bunun hesabına sürətlə vəzifə pillələrinə irəli çəkilib. Volodinə Putinin etibar etdiyi bildirilir. Hətta Rusiyada bir sıra təhlilçilər Volodinin Putinin siyasi varisi olacağını, bu adamı Putinin prezident hazırladığını deyirlər.
Belə fikirlər də yayılıb ki, Putinin komandasının içərisində ciddi narazılıqlar, hətta parçalanmalar var və son vaxtlar ard-arda həyata keçirilən şok kadr yerdəyişmələri də bununla bağlıdır. Putinin ikinci dəfə 7 illiyə prezident seçiləcəyi sual altındadır. Həm daxili vəziyyətin dəyişməkdə olması, həm də beynəlxalq birliyin hətta Dumaya seçkinin nəticələrini qəbul etməməsi bu ehtimalı yardır. Rusiyanın siyasi sistemində ciddi böhranın yaşandığını görməmək mümkün deyil. Komanda uğurlu iş apara bilmir və ölkədə vəziyyət gün-gündən pisləşir, işsizlərin sayı artır. Belə kadr dəyişiklikləri həm də əhalinin narazılığını azaltmağa hesablanıb. Lakin artıq bu cür variantlarla xalqa təsir etmək əvvəlki kimi mümkün görünmür. Təsadüfi deyil ki, son zamanlar Putinin reytinqinin aşağı düşməyə başladığı bildirilir.
Odur ki, Putin kadrları dəyişməklə şahmat dili ilə desək, öz ətrafında “qala qurması” aparır, şəxsi sədaqəti olan adamları hakimiyyətin mühüm rıçaqlarına gətirir, öz şəxsi hakimiyyətinin təhlükəsizliyini təmin eləməyə çalışır".
Segey Narışkinin Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyinatının, spiker vəzifəsinə V.Volodinin gətirilməsinin Rusiyanın qonşu respublikalarla münasibətlərində hansısa dəyişikliklərə gətirib çıxarıb-çıxarmayacağına gəlincə, politoloq dedi ki, bu münasibətlərin necə olmasını Putin müəyyənləşdirir: “Ayrı-ayrı məmurlar çox cüzi formada prezident Putinin yeritdiyi siyasətə təsir etmək imkanına malikdirlər. Bütövlükdə siyasi xəttin formalaşmasında formal olaraq iştirak etsələr də, siyasi xəttin əsas istiqamətlərini müəyyənləşdirən Putindir. Putinin xəttinə qarşı hər hansı mövqe nümayiş etdirmək ciddi uğursuzluqla nəticələnə bilər. Ona görə də son kadr dəyişiklikləri hakimiyyətin qonşu ölkələrə münasibətində hər hansı dəyişiklik yaratmayacaq. Münasibətlərin necə olması, hansısa müsbət və ya mənfi tendensiyanın qabarması birbaşa Putinin münasibətindən qırılmaz surətdə bağlıdır. Narışkinin və ya Volodinin bu münasibətləri ciddi şəkildə dəyişdirmək imkanlarına malik olmayacaqlar”.