BMT təmsilçisi “Ən-Nüsra” yaraqlılarına yalvarır: - əhalini qırdırmayın, Hələbdən çıxın...
7-10-2016, 14:35
Bu gün BMT Təhlükəsizlik Şurası növbədənkənar toplantı keçirib Suriya məsələsini müzakirə edəcək. BMT Hələbin bombalanmasını dayandırmaqdan ötrü islamçı yaraqlıları yola gətirməyi, onların şəhərdən çıxmasına nail olmağı təklif edir.
BMT-nin Suriya təmsilçisi Stefan de Misturanın dediyinə görə, Hələbdə təxminən 900 islamçı döyüşçü var. Bu döyüşçülərlə danışıb, onlarıhansısa sığınacağa yerləşdirmək, bununla da minlərlə şəhər əhalisinin ölümünün qarşısını almaq olar. Əks halda şəhər ilin sonuna tamamilə dağıdıla bilər.
Stefan de Mistura döyüşçülər şəhəri tərk etməyə razı olsalar, onları şəxsən müşayiət edəcəyini bildirib. Suriya və Rusiya hərbi hava qüvvələri Hələbi orda yerləşmiş yaraqlılara görə bombaladıqlarını deyirlər. Günlərdir davam edən hava əməliyyatları nəticəsində minlərlə sakin, o cümlədən uşaqlar həlak olub, binalar yerlə yeksan edilib. Hələbin dağıntıları arasında Suriya ordusuna, “Hizbullah”a və Rusiyaya qarşı döyüşənlər əsasən “Ən-Nüsra” radikal islamçı yaraqlıları və mötədil müxalifət silahlılarıdır.