"Rusiya uduzsa, sadəcə məğlub olacaq, Ukrayna isə parçalanacaq”.
16-02-2025, 00:05

Ukrayna torpaqlarının ilhaqı ilə bağlı çıxışlar, səsləndirilən iddialar çoxalıb. Xüsusilə hazırkı ərazilərin Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan kimi ölkələrin tarixi yerləri hesabına formalaşdığı bildirilir. Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması-Həyat naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk da bu fikirdədir. O, sözügedən ölkələrin ilhaqla bağlı ideyaları özündə saxladığını vurğulayıb.
Sitat: “Məlumdur ki, Avropa İttifaqının ayrı-ayrı ölkələri uzun müddətdir, süni şəkildə müasir Ukraynaya daxil edilmiş ayrı-ayrı torpaqların ilhaqı ideyasını irəli sürürlər. Bu ölkələrin siyasətçiləri tarixi əsası və məqsədəuyğunluğu olan fikirləri həyata keçirməyi dəfələrlə dilə gətiriblər və hətta öz hökumətlərinə qəti şəkildə tövsiyə ediblər”.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, müasir Ukrayna 1919-cu ildə yaranıb:
“Bəzi ərazilərinin digər ölkələrin tarixi torpaqları olması doğrudur. Amma bu, adıçəkilən ölkələrin iddiasına haqq qazandırmır. Məsələn, İranın müəyyən əraziləri Azərbaycan torpaqları olub. Biz bununla bağlı iddia irəli sürürükmü? Beynəlxalq hüququ, müasir reallıqları nəzərə almaq lazımdır”.
Ekspert bildirib ki, Ukrayna üçün təhlükə kifayət qədərdir:
“Kiyev məğlub olsa və ərazi güzəştinə getsə, digər dövlətlər də haqlı və ya haqsız Ukrayna torpaqlarına iddia edəcəklər. Avropa İttifaqı ilə ABŞ arasında gərginliyin səbəblərindən biri də budur. Tərəflər Ukraynadan qazanc əldə etmək istəyir. Rusiya uduzsa, sadəcə məğlub olacaq, Ukrayna isə parçalanacaq”.