Keri Leyk USAGM-in xüsusi müşaviri təyin edildi

Bu gün, 16:34           
Keri Leyk USAGM-in xüsusi müşaviri təyin edildi
ABŞ Qlobal Media Agentliyi (USAGM) cümə axşamı elan edib ki, siyasi fəaliyyətindən öncə jurnalist olmuş Keri Leyk agentliyə xüsusi müşavir kimi qoşulacaq.

ABŞ prezidenti Donald Tramp 2024-cü ilin dekabrında 30 illik jurnalistlik təcrübəsi olan Leyki Amerikanın Səsinə (VOA) rəhbər təyin etmək istədiyini açıqlamışdı.

Lakin Trampın USAGM-ə rəhbərlik etməsi üçün seçdiyi mühafizəkar siyasi aktivist və yazıçı Brent Bozel Senat tərəfindən təsdiq prosesini gözlədiyindən Leykin bu vəzifəyə təyinatı ləngiyir.

Agentlik həmçinin yeni iki partiyalı idarə heyətinin təsdiqlənməsini gözləyir. Bu idarə heyəti baş direktorla birlikdə şəbəkə rəhbərlərinin təyin olunması və ya işdən çıxarılması kimi məsələlərə məsul olacaq.

USAGM-in öncəki rəhbəri Amanda Bennet istefa verdikdən sonra agentliyin rəhbəri vəzifəsini icra edən Roman Napoli Leykin təyinatını əməkdaşlara göndərdiyi elektron poçt vasitəsilə elan edib.

“Keri Leyk çoxillik televiziya jurnalistikası təcrübəsinə malikdir və böyük media bazarlarında aparıcı və müxbir kimi iki onillikdən çox çalışıb”, – Napoli yazıb.

Onun nailiyyətlərini vurğulayan Napoli bildirib ki, Leyk iki ABŞ prezidenti də daxil olmaqla, dünya liderlərindən müsahibə alıb və beynəlxalq reportajlarına görə iki Emmy mükafatına layiq görülüb.

“Tramp Administrasiyasının Baş Müşaviri kimi Keri, USAGM-in agentliyi, onun şəbəkələrini və onun maliyyələşdirdiyi qurumları optimallaşdırmaq üçün lazımi siyasət və strategiyaları həyata keçirməsinə kömək edəcək”, Napolinin yazdığı məktubda qeyd edilir.

USAGM xəbərlərin yayılmasına və senzura ilə mübarizə aparılmasına yönəlmiş bir neçə qurumu idarə edir. Bu qurumların yayımları həftə ərzində 420 milyondan çox auditoriyaya çatır. Onların arasında Amerika Səsi, Kuba Yayım Ofisi və qeyri-kommersiya təşkilatları olan Azad Avropa/Azadlıq Radiosu, Azad Asiya Radiosu, Yaxın Şərq Yayım Şəbəkələri, Açıq Texnologiya Fondu və Frontline Media Fondu var.

Müstəqil şəbəkələrin idarə edilməsindən əlavə, USAGM-in bəyan edilmiş missiyası “dünyadakı insanları azadlıq və demokratiyanı dəstəkləmək üçün məlumatlandırmaq, cəlb etmək və birləşdirmək”dir.

“Keri Leykin təcrübəsi Tramp Administrasiyasının siyasətlərini dünyaya açıq və effektiv şəkildə təqdim etmək missiyamızı davam etdirdiyimiz bir zamanda çox qiymətli olacaq”, Napolinin əməkdaşlara göndərdiyi məktubda deyilir.

USAGM-in ictimaiyyətlə əlaqələr departamenti Amerikanın Səsinin şərh sorğusuna dərhal cavab verməyib.

Agentliyin nəzarət etdiyi media qurumlarının jurnalist fəaliyyətinə müdaxilənin qarşısını almaq üçün redaksiya müstəqilliyi prinsipi mövcuddur.

USAGM-in tabeçiliyində olan media orqanları İkinci Dünya Müharibəsi dövründə Amerikanın Səsinin ilk yayımlarından başlayaraq dezinformasiyaya və propaqandaya qarşı mübarizə aparır. Bununla yanaşı, agentlik qərəzli materiallar, idarəçilik problemləri və təhlükəsizlik boşluqları, o cümlədən kadrların yoxlanılması məsələlərinə görə tənqidlərə məruz qalıb.

Keçən həftə Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı Leyk USAGM-ə yönəlmiş bəzi tənqidləri dilə gətirib.

O, Amerikanın Səsinin direktoru kimi xəbər agentliyini “dəqiq və dürüst jurnalistika” fəaliyətinə yönəldəcəyini bildirib.

“Amerikanın Səsi bazar ertəsi günü 83 yaşını tamamlayır. Bəzən yayımı möhtəşəm olub, bəzən isə çox zəif. Biz informasiya müharibəsi aparırıq və həqiqətdən daha güclü silah yoxdur. Mən inanıram ki, Amerianın Səsi bu silah ola bilər”, – Leyk deyib.

Amerikanın Səsinin bağlanmasına çağırış edənlər arasında Trampın xüsusi müşaviri İlon Mask da var.

“Biz Tramp TV-yə çevrilməyəcəyik. Amma “Trampdan Narahatlıq Sindromu TV”-yə də çevrilməyəcəyik. Belələrini CNN, MSNBC, PBS, 60 Minutes, The Washington Post və The New York Times-da kifayət qədər tapa bilərsiniz”, - Leyk bildirib.

Jurnalistika sahəsindəki təcrübəsindən əlavə, Leyk son illərdə siyasi fəaliyyətlə də məşğul olub.

O, pandemiya ilə bağlı yayımlanan məlumatların dezinformasiya olduğunu düşündüyü üçün Arizona telekanalındakı işini tərk edib. Sonradan Arizona qubernatorluğu uğrunda namizədliyini irəli sürüb və seçki məğlubiyyətini məhkəmədə mübahisələndirib. O həmçinin, daha öncə senatorluq yarışında iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.