ABŞ-da qızılcaya yoluxma halları 146-ya çatıb, bir məktəbli ölüb
Dünən, 17:14

Texasda qızılcaya yoluxan insanların sayı 146-ya çatıb. Səhiyyə rəsmilərinin cümə günü bildirdiyinə görə, epidemiya bu həftə peyvənd olunmamış məktəb yaşlı bir uşağın ölümünə səbəb olub.
Son 30 ildə Texasda qeydə alınmış ən böyük epidemiyada çərşənbə axşamından bəri yoluxma halları 22 nəfərə artıb. Texas Dövlət Səhiyyə Xidmətləri Departamenti bildirib ki, yoluxma halları Texasın doqquz bölgəsinə yayılıb və 20 nəfər xəstəxanaya yerləşdirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bildirib ki, çərşənbə axşamı gecəsi ölən uşaq 2015-ci ildən bəri ABŞ-da qızılcadan ölən ilk şəxsdir.
ABŞ-ın səhiyyə sisteminin baş rəsmisi və peyvənd tənqidçisi olan Robert F. Kennedi çərşənbə günü bildirib ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti epidemiya hallarını izləyir, lakin vəziyyəti “qeyri-adi” hesab etmir.
Lakin cümə günü günortadan sonra Kennedi X sosial şəbəkəsində paylaşım edərək, epidemiya təsirinə məruz qalan ailələrə başsağlığı verib və “bu epidemiyanın ailələr, uşaqlar və tibb işçiləri üzərində ciddi təsir yaratdığını” deyib.
Kennedi həmçinin bildirib ki, onun agentliyi Texasın peyvənd proqramını maliyyələşdirməyə davam edəcək və epidemiya ilə mübarizə onun və komandasının “prioritet” məsələsidir.
Virus əsasən Texasın Qərb bölgəsində, neft qazma qurğuları ilə dolu kənd yerlərində yayılıb. Yoluxma halları, peyvənd olunmamış, sıx əlaqədə olan Menonit icmalarında cəmləşib. Bu haqda Texas Dövlət Səhiyyə Departamentinin sözçüsü Lara Anton bildirib.
Geyns dairəsində evdə təhsil alan və özəl məktəb şagirdlərinin sayı yüksəkdir. Bu bölgədə Texas ştatında ən yüksək peyvənddən imtina göstəricilərindən biri müşahidə olunur – keçən il məktəblilərin təxminən 14%-i tələb olunan peyvəndlərdən ən azı birindən imtina edib.
Texas qanunvericiliyinə əsasən, uşaqlar dini inanc və digər şəxsi səbəblərə görə məktəb peyvəndlərindən azad edilə bilərlər. Anton bildirib ki, Geyns dairəsində peyvənd olunmamış uşaqların sayı rəsmi statistikadan daha yüksək ola bilər, çünki evdə təhsil alan uşaqlar barədə məlumatlar hesabatlara daxil edilmir.
COVID-19 pandemiyasından sonra ABŞ-da peyvəndləmə səviyyələri azalıb və əksər ştatlarda uşaq bağçalarında tələb olunan 95%-lik vaksinasiya həddi aşağı düşüb. Bu hədd qızılca epidemiyalarının qarşısını almaq üçün vacib sayılır.
ABŞ 2000-ci ildə qızılcanın aradan qaldırıldığı elan etmişdi, yəni virusun ölkə daxilində daimi yayılmasının qarşısı alınmışdı. Lakin 2024-cü ildə yoluxma halları artdı və Çikaqoda baş verən epidemiya 60-dan çox insanın xəstələnməsinə səbəb oldu.
Şərqi Nyu Meksiko ştatında doqquz qızılca halı qeydə alınıb, lakin ştatın səhiyyə departamenti bildirib ki, bu halların Texasdakı epidemiya ilə əlaqəsi yoxdur.
Cümə günü Ostində keçirilən mətbuat konfransında rəsmi şəxslər insanları peyvənd olunmağa çağırıb.
“Biz burdayıq ki, sadə bir həqiqəti deyək: Qızılca öldürə bilər, cahillik öldürə bilər və peyvənddən imtina isə mütləq öldürür”, ABŞ Konqres üzvü, demokrat Loyd Doget bəyan edib.