Gürcüstanın separatçı Abxaziya bölgəsində Kremlin dəstəklədiyi namizəd qalib elan edilib
Bu gün, 12:24

Gürcüstanın Rusiyanın dəstəklədiyi separatçı Abxaziya regionunda martın 2-də keçirilən prezident seçkilərində Moskvanın dəstəklədiyi namizəd Badra Qunba ikinci turda qalib gəlib. Bu barədə de fakto seçki rəsmiləri martın 2-də məlumat verib.
47 yaşlı Qunba fevralın 15-də keçirilən səsvermənin ilk turunda tam səs çoxluğu əldə edə bilməmişdi və bu səbəblə də ikinci turda Rusiyanın dəstəklədiyi bəzi iqtisadi siyasətləri tənqid edən rəqibi Adqur Ardzinbaya qarşı gəlmişdi.
Rəsmilər bildiriblər ki, Gunba səslərin təxminən 55 faizini qazanıb, Ardzinba isə 41,5 faiz toplayıb. Seçicilərin 2 faizi hər iki namizədin əlehinə səs verib. Amma sözügedən rəqəmləri doğruluğunu təsdiqləmək mümkün olmayıb. Seçkilərdə iştirakın 70 faiz olduğu bildirilir.
Birinci turda Qunba 46,3 faiz, Ardzinba isə 36,9 faiz səs toplayıb.
Əvvəllər vitse-prezident vəzifəsində çalışan Qunba noyabrın 19-da Aslan Bjaniyanın istefasından sonra müvəqqəti lider vəzifəsini icra etməyə başlayıb. Bjaniya Rusiya ilə imzalanan investisiya sazişinə qarşı kütləvi etirazlar fonunda vəzifəsindən getmişdi. Müxaliflər bu sazişin Abxaziyanın Rusiyanın nəzarəti altında onsuz da zəif olan statusunu daha da təhlükə altına atacağından narahat idi.
Keçmiş de-fakto iqtisadiyyat naziri (2015–2020) və Abxaz Xalq Hərəkatının lideri olan Ardzinba isə seçki kampaniyasında Rusiya ilə investisiya sazişinə qarşı olduğunu vurğulasa da, Moskva ilə yaxın əlaqələri davam etdirməyə söz vermişdi. Bununla belə, Rusiyanın hökumətyönlü mediası onu "Türkiyəyönlü" namizəd kimi təsvir edirdi.
Tənqidçilər investisiya sazişini "istismarçı" adlandıraraq onun Rusiya investorlarına həddindən artıq üstünlüklər verdiyini və Abxaziyanın suverenliyini zəiflədəcəyini iddia ediblər. Daha sonra sözügedən saziş regionun de-fakto parlamenti tərəfindən rədd edilib.
Gürcüstan Xarici İşlər Nazirliyi "Rusiyanın işğal etdiyi Abxaziyada keçirilən prezident seçkilərini" pisləyib və beynəlxalq ictimaiyyəti Moskvanın davam edən qanun pozuntularına qarşı reaksiya verməyə çağırıb.
Avropa İttifaqı (Aİ) da birinci turdan sonra verdiyi bəyanatda Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha vurğulayıb. Aİ "tanınmamış Abxaziyada keçirilən prezident seçkilərinin" hüquqi və konstitusiya çərçivəsini tanımadığını bildirib.
Moskva Qunbanın namizədliyini və onun qalibiyyətini alqışlayıb. Seçkilərdən sonra Rusiya prezidenti Putin Qunbanı təbrik edib.
Gürcüstan hökuməti martın 1-də bəyan edib ki, “qanunsuz” keçirilən seçki “beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə kobud şəkildə pozulmasıdır”.
Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra Gürcüstanın idarəçiliyindən ayrılıb. Rusiya 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziyanın müstəqilliyini tanısa da, əksər beynəlxalq ictimaiyyət hələ də regiona Gürcüstanın bir hissəsi kimi baxır.