Tramp və Tayvanın çip istehsalçısı ABŞ-da beş yeni zavod tikmək üçün 100 milyard dollarlıq yeni planı açıqlayıb
Dünən, 17:34

Mikroçip istehsalı üzrə nəhəng Taiwan Semiconductor Manufacturing Co., bazar ertəsi günü ABŞ-da əlavə 100 milyard dollar investisiya qoymaq və yaxın illərdə beş əlavə çip zavod tikməyi planlaşdırdığını açıqlayıb.
TSMC baş direktoru C.C. Vey planı Ağ Evdə prezident Donald Trampla görüşdə açıqlayıb.
"Bizə lazım olan çipləri və yarımkeçiriciləri elə burada hazırlaya bilməliyik. Bu, bizim üçün milli təhlükəsizlik məsələsidir”, Tramp deyib.
Dünyanın ən böyük müqaviləli çip istehsalçısı olan TSMC ABŞ-ın əsas avadanlıq istehsalçıları üçün aparıcı təchizatçıdır.
Yerli istehsalı artıracaq və ABŞ-ı Asiyada istehsal olunan yarımkeçiricilərdən daha az asılı vəziyyətə salacaq 100 milyard dollarlıq maliyyə əvvəlki böyük investisiya təşəbbüsünə əlavədir. TSMC aprel ayında ABŞ-da planlaşdırılan investisiyaları 25 milyard dollardan 65 milyard dollara qədər artırmağa və 2030-cu ilə qədər Arizonada üçüncü zavod açmağa razılaşıb.
Noyabrın 5-də keçirilən seçkilərdə qələbəsi böyük ölçüdə seçicilərin iqtisadi qayğılarından qaynaqlanan Tramp iş yerləri yaratmaq üçün yerli sənayelərə investisiyaları artırmaq səylərini genişlədib.
TSMC-in açıqlaması bu inkişaflar silsiləsində ən sonuncusudur. Fevral ayında Apple növbəti dörd il ərzində 500 milyard dollar investisiya qoyacağını bildirmişdi. Birləşmiş Ərəb Əmirliklərindən milyarder Husseyn Sacvani və SoftBank da ABŞ-da milyardlarla dollarlıq investisiyalar vəd ediblər.
TSMC bazar ertəsi bildirib ki, "yarımkeçirici sənayesində innovasiya və inkişaf üçün ortaq baxışımızı müzakirə etməyi, həmçinin müştərilərimizlə birlikdə texnologiya sektorunu gücləndirmək yollarını araşdırmağı səbirsizliklə" gözləyir.
ABŞ Ticarət Departamenti o zaman prezident olan Co Baydenin rəhbərliyi altında noyabr ayında TSMC-nin Arizona ştatının Finiks şəhərində yarımkeçirici istehsalının ABŞ bölməsi üçün 6,6 milyard dollarlıq dövlət subsidiyasını imzaladı.
Bayden 2022-ci ildə Amerika yarımkeçirici istehsalı və tədqiqatı üçün 52,7 milyard dollar subsidiya vermək üçün CHIPS və Elm Aktı qanunlarını imzalamışdı.
Tayvanın cib telefonları və avtomobillərdən tutmuş döyüş təyyarələrinə qədər texnologiyada istifadə edilən çiplərin istehsalçısı kimi dominant mövqeyi xüsusən də Çinin öz suverenlik iddialarını irəli sürmək üçün təzyiqi artırdığı bir vaxt adadan həddən artıq asılılıqla bağlı narahatlıqlara səbəb olub.
Çin Tayvanı öz ərazisi hesab edir, lakin Taypeydə demokratik yolla seçilmiş hökumət Pekinin suverenlik iddialarını rədd edir.