Ərəb ölkələri liderlərinin Trampın Qəzza planına alternativ təklifi dəstəkləyəcəyi bildirilir
Bu gün, 17:38

Ərəb ölkələrinin liderləri çərşənbə günü Qəzzada Misirin bərpa planını qəbul ediblər. 53 milyard dollara başa gələcək bu təklif, Trampın ərazi üçün nəzərdə tutduğu plandan fərqli olaraq, anklavdan fələstinlilərin çıxarılmasını nəzərdə tutmur.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi təklifin Qahirədə keçirilən sammitin sonunda qəbul edildiyini bildirib.
Misirin ev sahibliyi etdiyi görüşdə Qətər əmiri, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Səudiyyə Ərəbistanının xarici işlər naziri iştirak ediblər.
Misirin planı Trampın yanvarda təklif etdiyi və fələstinlilərin Qəzzadan köçürülməsini nəzərdə tutan plana qarşı alternativ təklif kimi irəli sürülüb. Bu plan Qəzza sakinlərinin anklav daxilində, yeddi xüsusi yerdə müvəqqəti sığınacaqlarda qalmasını nəzərdə tutur. Planın icrası müddətində isə anklavda dağıntıların yığışdırılması və ərazinin minalardan təmizlənməsi həyata keçiriləcək.
Misir və bir çox digər ərəb ölkələri Trampın “Yaxın Şərq Rivierası” planının fələstinlilərin Qəzzadan çıxarılmasını nəzərdə tutan hissəsinə qarşı çıxırlar.
Görüş zamanı çıxış edən Sisi Qəzzanın bərpasına göstərdiyi səylərə görə Trampa təşəkkür edib və Misirin təklif etdiyi planın əraziyə müvəqqəti rəhbərlik edəcək idarəetmə qurumu nəzərdə tutduğunu bildirib.
O qeyd edib ki, Misir, keçid dövründə əraziyə texnokratlardan ibarət idarəçi qrupun rəhbərlik etməsini, eyni zamanda yeni Fələstin polis qüvvələrinin hazırlanmasını və donorların dağıntıların bərpası üçün maliyyə təmin etməsini təklif edir. O əlavə edib ki, Misir gələn ay donor konfransına ev sahibliyi edəcək.
ABŞ tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS təklifi alqışlasa da, İsrail bu plana qarşı çıxıb.
İsrail Xarici İşlər Nazirliyi ərəb sammitinin təklifinin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi hücumdan sonra yaranan vəziyyəti nəzərə almadığını bildirib.
“HƏMAS-ın amansız terror hücumu nəticəsində minlərlə israilli həyatını itirdi və yüzlərlə insan girov götürüldü. Lakin bu sammitin bəyanatında nə bu fakt qeyd edilir, nə də bu qətlləri törədən terror təşkilatı pislənir,” – İsrail Xarici İşlər Nazirliyi bəyan edib.
Fələstin Muxtariyyəti lideri Mahmud Abbas Misirin planını dəstəklədiyini və fələstinlilərin yerindən çıxarılmasını nəzərdə tutulmadığı üçün Trampı bu planı dəstəkləməyə çağırdığını bildirib.