Almaniyada seçkilər və Translantik əlaqələr
Bu gün, 15:44

Almaniyada seçkilərdə səslərin çoxunu qazandıqdan sonra növbəti kansleri olacağı gözlənilən Fridrix Mertz ABŞ-ın “Avropanın taleyinə bir o qədər əhəmiyyət vermədiyi” barədə xəbərdarlıq edərək, Avropanı təcili olaraq öz müdafiə qabiliyyətini artırmağa çağırıb. Onun açıqlamaları Avropanın ən böyük iqtisadiyyatına malik ölkənin yanaşmasında köklü dəyişikliyə işarə edir. Amerikanın Səsinin müxbiri Henri Ricvell məlumat verir.
Soyuq Müharibə dövründə Şərqi və Qərbi Berlin arasında sərhəd rolunu oynayan Brandenburq qapısı Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin üçüncü ildönümündə mavi və sarı rənglərlə işıqlandırılıb.
Almaniyada mərkəz sağçı Xristian Demokratların qalib gəldiyi seçkilər Moskva tərəfindən yeni təhlükə fonunda keçirilib.
Yurgen Harke, Ukrayna tərəfdarı etirazçı
“Ümid edirəm ki, yeni hökumət Ukraynaya silah tədarükünü davam etdirəcək və Rusiyaya, eləcə də hazırda Trampa qarşı kontrbalans yaratmaq üçün Avropa dövlətləri ilə işləyəcək”.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda müharibənin başlamasında Kyivi günahlandıraraq, ABŞ-ın Ukrayna ilə bağlı siyasətində ciddi dəyişiklik edib. Vaşinqton Avropanın təhlükəsizliyinin artıq prioritet olmadığını bildirir.
Almaniyada keçirilən seçkilərdə qazandığı qələbədən sonra Xristian Demokratların lideri Fridrix Mertz onun sözlərilə, Tramp administrasiyasının “Avropanın taleyinə bir o qədər əhəmiyyət vermədiyini” bildirib.
Xristian Demokratlar Partiyasının lideri Fridrix Mertz: “Aydındır ki, avropalılar indi çox tez hərəkət etməli və müdafiə qabiliyyətimizi çox tez təşkil etməlidirlər”.
Təhlilçi Mattia Nelles bildirir ki, Merz transatlantik əlaqələrin güclü tərəfdarıdır və onun açıqlamaları Almaniya və Avropa üçün seysmik dəyişiklikdən xəbər verir.
Almaniya-Ukrayna Bürosunun təhlilçisi Mattia Nelles: “Biz Almaniya olaraq, Pax Americananın, Amerikanın Avropanın təhlükəsizliyini təmin etməsinin sonu qarşısında şokdayıq və buna tamamilə hazır deyilik. Biz indi ABŞ-ın təhlükəsizliyin əsas təminatçısı olmasından daha çox Avropaya əsaslanan yanaşmaya keçidi təşkil etmək üçün çətin vəziyyətdəyik. Təkcə Ukrayna deyil, həm də öz müdafiəmizi təşkil etmək üçün. Mertz bu məsələdə liderlik etməyə hazır olduğunu deyib. Görək irəliyə doğru addım ata biləcəyikmi?”
Avropa öz müdafiə xərclərini ödəyə bilərmi? Təhlilçi Liana Fiks deyir ki, Mertz maliyyə məsələsində mövqeyini dəyişməli olacaq.
Xarici Əlaqələr Şurasının təhlilçisi Liana Fiks: “O, Avropa səviyyəsində mühafizəkarların həmişə nifrət etdiyi birgə borc almağa razı ola bilər. Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulmasına razı ola bilər. Bu, indiyə qədər edilməyib, amma tezliklə edilə bilər. O, Britaniya və Fransanın nüvə [təhlükəsizliyi] çətirini mümkün bir yol olaraq Almaniyaya uzada bilməsindən danışıb.”
Xristian Demokratlar çoxluq əldə etməyib. Mertz səsvermədə rekord 20,8 faizlə ikinci olan ifrat sağçı Almaniya üçün Alternativ və ya AfD partiyası ilə koalisiya qurmağı istisna edib. Mərkəzçi partiyaların AfD ilə bağlı yanaşması Vaşinqton tərəfindən sərt şəkildə tənqid edilib.
Almaniya üçün Alternativ Partiyasının həmsədri Alis Veidel: “Biz bu blokadanı qeyri-demokratik hesab edirik. Milyonlarla seçicini belə istisna etmək olmaz”.
Bunun əvəzində Mertzin vəzifədən gedən kansler Olaf Şoltsun Sosial Demokratlar Partiyası ilə koalisiya danışıqlarına başlayacağı gözlənilir.
Müdafiə xərcləri ilə yanaşı, miqrasiyanın azaldılması və Almaniyanın iqtisadiyyatının stimullaşdırılması müzakirələrin diqqət mərkəzində olacaq.