ABŞ husilərlə bağlı yeni sanksiyalar tətbiq edir

Bu gün, 16:28           
ABŞ husilərlə bağlı yeni sanksiyalar tətbiq edir
ABŞ çərşənbə günü Yəməndə İranın dəstəyi ilə fəaliyyət göstərən Husi hərəkatının yeddi yüksək rütbəli üzvünə sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib.

Nazirliyin açıqlamasına görə, həmin şəxslər husilərin nəzarətində olan ərazilərə hərbi təyinatlı avadanlıqlar və silah sistemləri qaçaqmalçılığı ilə məşğul olub, həmçinin Rusiyadan silah alınması üçün danışıqlar aparıb.

Bundan əlavə, Əbdulvəli Əbdoh Həsən Əl-Cəbri və onun Əl-Cəbri Ümumi Ticarət və Sərmayə şirkəti yəmənliləri Rusiyanın xeyrinə Ukraynada döyüşməyə cəlb etdiyinə və husi hərbi əməliyyatlarını maliyyələşdirmək məqsədilə vəsait topladığına görə sanksiya siyahısına salınıb.

"ABŞ hökuməti Husilərin Rusiyadan, Çindən və İrandan silah və silah komponentləri əldə edərək Qırmızı dəniz təhlükəsizliyinə təhdid yaratmasına görə onları məsuliyyətə cəlb etməkdə qətiyyətlidir," – Dövlət Departamentinin sözçüsü Tammi Brüs açıqlamasında bildirib.

Çərşənbə axşamı Dövlət Departamenti Prezident Donald Trampın ilin əvvəlində etdiyi çağırışdan sonra Husilər hərəkatını “xarici terror təşkilatı” kimi tanıma qərarını həyata keçirdiyini bəyan etdi.

Lakin bu addım regionun təhlükəsizliyinə təsir edə biləcəyi və Yəməndəki humanitar böhranı daha da dərinləşdirə biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub. İdxalçılar ABŞ sanksiyalarına məruz qalmaqdan ehtiyatlanırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.