Tramp Ağ Evdə kriptovalyuta sənayesinin liderlərinin toplantısını keçirib
Bu gün, 16:24

Prezident Tramp kriptovalyuta liderlərini Ağ Evdə toplayaraq rəqəmsal aktivlər və bitkoinin strateji ehtiyatını yaratmaq məqsədi barədə müzakirə aparıb. Bu barədə daha ətraflı Mişel Kuinin reportajında.
Cümə günü Prezident Donald Tramp kriptovalyuta sənayesinin liderlərini Ağ Evdə qəbul edərək rəqəmsal aktivlərin gələcəyini müzakirə etdi.
ABŞ Prezidenti Donald Tramp: “Bilirəm ki, bəziləriniz bu sahədə insanların nə baş verdiyini anlamasındadan əvvəl çalışmısınız. Sizi təbrik edirəm. Bu, böyük bir gündür.”
Bu, ABŞ-ın kriptovalyuta sənayesinə yanaşmasında dramatik dəyişikliyi simvolizə edir. Sənayenin əsas fiqurları Bayden administrasiyasının tənzimləmə və icra tədbirlərindən narazılıqlarını bildirmişdilər.
Tramp ötən il seçki kampaniyasında kriptovalyutalarla bağlı bir neçə vəd vermiş, bu sənaye isə onun yenidən seçilməsi və inauqurasiyası üçün milyonlarla dollar xərcləyıb.
Onun rəhbərlik etdiyi Qiymətli Kağızlar və Birja Komissiyası bəzi kriptovalyuta şirkətlərinə qarşı iddiaları geri götürüb.
ABŞ Prezidenti Donald Tramp: “Administrasiyam federal bürokratiyanın kriptovalyutalara qarşı müharibəsini bitirməyə çalışır. Bu, Bayden dövründə aqressiv şəkildə gedirdi.”
Bundan əlavə, Tramp strateji bitkoin ehtiyatı yaratmaqla bağlı sərəncam imzalayıb.
ABŞ hökuməti cinayət işlərində və ya mülki aktivlərlə bağlı proseslərdə dünyanın ən çox ticarət edilən kriptovalyutası olan bitkoini müsadirə edir. Trampın sözlərinə görə, artıq müsadirə olunmuş bitkoin satılmayacaq, əksinə saxlanacaq. O bildirib ki, bu prosesdə vergi ödəyicilərinin pulu istifadə edilməyəcək.
Pew Araşdırma Mərkəzinin sorğusuna görə, amerikalıların əksəriyyəti kriptovalyutaların etibarlılığı və təhlükəsizliyi ilə bağlı narahatdır. Tənqidçilər kriptovalyutaların həm istehlakçılar, həm də maliyyə sistemləri üçün riskli olduğunu deyirlər.
Tramp administrasiyasının bitkoin ehtiyatı yaratması bəzi investorların rəqəmsal aktivlərə daha çox güvənməsinə kömək edə bilər.
Pol Kupiç, Amerika Müəssisə İnstitutu: “Bu, kriptovalyutanın legitimləşdirilməsi istiqamətində bir addımdır. Əgər hökumət onu saxlayır və satmırsa, bu, onların etibarlı aktivlər olduğunu göstərən bir işarədir.”
Bəzi ekspertlər ABŞ-ın kriptovalyuta bazarlarında lider olmalı olduğunu düşünür.
Olaf Qrot, Haas Biznes Məktəbi: “Biz, əslində, fiat valyuta sisteminə paralel ikinci bir maliyyə sistemi yaratmışıq. ABŞ, maliyyə gücünü itirmək istəmirsə, bu sahədə iştirak etməlidir.”
Bitkoin ehtiyatı üçün ilk addım ABŞ hökumətinin nə qədər bitkoinə sahib olduğunu nəzərdən keçirmək olacaq.
Ağ Ev rəsmilərinin hesablamalarına görə, hökumətin təxminən 200,000 bitkoin ehtiyatı var ki, bu da təxminən 17 milyard dollar dəyərindədir.