Suriya ordusu Dürzi əhalisinin üstünlük təşkil etdiyi cənubdakı Süveyda şəhərinə daxil olub
Bu gün, 07:14

Suriya ordusu Dürzi əhalisinin üstünlük təşkil etdiyi cənubdakı Süveyda şəhərinə daxil olub. Bu addım, Bədəvi tayfaları ilə Dürzi döyüşçüləri arasında bir neçə gün davam edən toqquşmalardan sonra atılıb.
Toqquşmalar həftəsonu başlayıb, daha sonra Süveyda vilayətinin digər hissələrinə yayılıb. Ölənlər arasında 60 Dürzi , 18 Bədəvi döyüşçü, 14 təhlükəsizlik əməkdaşı və şəxsiyyəti məlum olmayan 7 hərbçi geyimində şəxs var. Suriya Müdafiə Nazirliyi isə 18 hərbçinin öldüyünü təsdiqləyib.
Hadisələrin gərginləşməsindən sonra, Dürzi dini liderliyi şəhərdə uzun müddət davam edən orduya müqavimətdən vaz keçərək, silahlıların silahı yerə qoymasını və orduya giriş icazəsi verilməsini istəyib.
Bu gün səhər saatlarında ordu konvoyları Süveyda istiqamətində irəliləyib, ağır artilleriya ilə birlikdə şəhər ətrafına yerləşdirilib. Müdafiə Nazirliyi sakinlərə evdə qalmağı və "qanunsuz silahlı dəstələrin" hərəkətləri barədə məlumat verməyi çağırıb. Şəhərdə komendant saatı tətbiq olunub.
Bu, Bəşər Əsədin dekabr ayında devrilməsi və müvəqqəti Prezident Əhməd əl-Şəraa rəhbərliyində keçid hökumətinin formalaşmasından sonra hökumət qüvvələrinin Süveydaya ilk rəsmi gəlişidir.
Dürzilər — əsasən Şiə İslamının bir qolundan 10-cu əsrdə yaranmış dini azlıqdır. Suriyada təxminən 700 min Dürzi yaşayır və əsasən Süveyda vilayətində və Dəməşqin cənub qəsəbələrində məskunlaşıblar.
Süveydada Dürzi və Bədəvi tayfaları arasında uzunmüddətli gərginlik mövcuddur və bu, zaman-zaman silahlı toqquşmalara səbəb olur.
“Əl-Cəzirə”nin Deir əz-Zordan verdiyi məlumata görə, şəhərdə döyüşlər cümə günündən etibarən davam edir. Jurnalist Osama bin Cavidin sözlərinə görə, vəziyyət o qədər gərginləşib ki, Suriya ordusu əlavə qüvvələr göndərib, lakin bu qüvvələr də pusquya düşüb, nəticədə ən azı 18 əsgər ölüb və ya yaralanıb.
Bin Cavid əlavə edib ki, bölgədəki vəziyyətə İsrailin hökumət mövqelərinə qarşı hücumları da təsir göstərir. İsrail, özünü Suriyadakı Dürzilərin qoruyucusu kimi təqdim edərək bazar ertəsi bir neçə Suriya tankını bombalayıb.
“İsrail bildirir ki, Suriya cənubunda baş verən istənilən hərbi hərəkətləri izləyəcək və lazım gəldikdə müdaxilə edəcək,” – deyə bin Cavid qeyd edib.
Meydan TV