Ukrayna hərbçiləri Avdeyevka rayonu istiqamətində rusiyayönlü separatçıların hücumunu dəf edib.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Donetsk Hərbi-mülki Administrasiyasının rəhbəri Pavel Jebrivski paylaşıb.
“Əvvəlcə onlar özləri atəşkəs istədilər, amma 10 dəqiqə sonra hücuma keçdilər. Bu barədə mənə 72-ci briqadanın komandiri məlumat verdi. Hərbçilərimiz hücumun qarşısını aldılar. Bir neçə döyüşçü öldürülüb, onlar arasında “Konsul” ləqəbi ilə məşhur olan terrorçu da var”, – deyə o bildirib.
Qeyd edək ki, son iki gün ərzində Donbasda vəziyyət gərginləşib. Ukrayna ötən gün rəsmi olaraq rusiyayönlü separatçıların itkilərini açıqlayıb. Ukrayna ordusunun məlumatına görə, savaşda 100-dən çox separatçı öldürülüb ki, bunlardan 60-a qədəri rus əsgəridir. Onların meyiti Donetskin Kalinin rayon morqundadır.
Donbas separatçıları isə döyüşlərdə 80 ukraynalı hərbçinin öldüyünü bəyan edib.