İŞİD dağlara çəkilir: məğlubiyyət, yoxsa yeni taktika...

3-03-2017, 09:39           

İlham İsmayıl: “İŞİD aktiv formada məğlub oldu, amma...”


İŞİD lideri Əbubəkr əl-Bağdadinin martın 1-də tərəfdarlarına etdiyi vida müraciəti dünya gündəminin əsas mövzularından birinə çevrilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, müraciətində o, sonuncu döyüşlərdə məğlub olduqlarını etiraf edərək, İraq və Suriyadakı silahdaşlarını dağlıq bölgələrdə gizlənməyə çağırıb.


İŞİD liderinin müraciətinə mövqelər birmənalı deyil. Xüsusilə tərəfdarlarını dağlıq ərazilərdə gizlənməyə çağırmasının təsadüf olmadığı vurğulanır. Ekspertlər hesab edirlər ki, Bağdadi əslində yeni taktika işlədir, bu cür siyasətə əl ataraq yeni qüvvələr toplamamağa çalışır.

“İŞİD lideri Bağdadinin vida nitqi hələ terror qruplaşmasına qarşı mübarizənin dönüş nöqtəsi kimi dəyərləndirilə bilməz”.
Axar.az xəbər verir ki, bu sözləri Ranxiqs İctimai Elmlər İnstitutunun dosenti, politoloq Sergey Demidenko deyib.
Mütəxəssis bunu Bağdadinin yeni taktikası adlandırıb və qeyd edib ki, İŞİD yenidən Suriya və İraqdakı ərazilərini qaytarmağa çalışacaq: “Onlar indi dağlara çəkiləcək, yenidən güc toplayacaq və hərəkətə keçəcəklər. 2007-ci ildə də biz oxşar hadisə ilə rastlaşdıq. İslam radikalizminin süquta uğradığını, geri çəkildiyini düşündüyümüz bir vaxtda İŞİD qruplaşması önümüzə çıxdı. Bağdadinin bu çıxışını yeni strategiya kimi qəbul etmək lazımdır. Onlar bu yolla yeni həmləyə keçmək, yeni hücumlar hazırlamaq niyyətindədirlər.Onlar asanlıqla təslim olan deyillər”.


Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl beynəlxalq güclərin çəkici bir zindana vurduqları vaxtda İŞİD liderinin müraciətinin yayılmasının təsadüf olmadığını düşünür: “Əl-Bağdadi görürdü ki, Mosuldan sonra Rakka gəlir. Bunun da böyük qırğınlara səbəb olacağını düşündü. Bu bəyanatı ilə ağıllı addım atıb. Amma bu İŞİD-in tam məhvi demək deyil. Uzun müddət İŞİD xatirələrdə qalacaq, plagiyatları çıxacaq. Çünki hər İŞİD terrorçusu Bağdadidən sonra özünü bu işin davamçısı kimi sayacaq. Bağdadi müraciət göndərib ki, bu yerlərdə dayanın. Bu o deməkdir ki, onlar yenidən canlana bilərlər. Hansısa qüvvələr həm maliyyə, həm də silah cəhətdən nələrəsə təsir etmək üçün onların arxasında dayana bilərlər. İŞİD aktiv formada məğlub oldu, amma terror təşkilatı tamamilə sıradan çıxmayıb. İŞİD-in hələ uzun müddət əks-sədası gələcək”.


Ekspert Azərbaycan sərhədlərinin qorunmasının vacibliyindən də söz açdı: “Xüsusi xidmət orqanlarımız bundan sonra sərhədlərimizi ciddi şəkildə qorumalıdırlar ki, Azərbaycan vətəndaşlarının geri dönmələri mümkün olmasın, yaxud cinayət məsuliyyətinə cəlb olunsunlar. Terrorçunun taktikası və strategiyası əvvəl-axır təhlükədir. Fikirləşsək ki, bu gediş sülhə aparacaq, xeyr, bu mümkün deyil. Yeni təhlükələrin yaranması zamana, şəraitə və güclərin bir-birilərinə olan münasibətlərinə bağlıdır. Onların olduğu regiondakı hansısa maraqlarına da bağlı ola bilər. Yeni təhlükə öz-özünə yaranmayacaq, necə ki yaranmamışdı. Bir daha baş qaldırsa, demək, hansısa beynəlxalq gücə lazım oldu, bunun vasitəsilə ya olduqları yerə, ya da digər yerlərə təsir etmək üçün istifadə olunacaq. İŞİD birdən-birə silinməyəcək. Yenidən qüvvə toplaya, yaxud kiminsə maraq dairəsinə düşə bilərlər. "Əl-Qaidə", göründüyü kimi, hələ itməyib, bu və ya digər şəkildə fəaliyyət göstərirlər. Elə bilirsiniz ki, ASALA fəaliyyətini dayandırıb deyə yeri gələndə fəaliyyət göstərməyəcək?

Yeri gələndə tapşırıq bu terror təşkilatına da veriləcək. İndiyə qədər bu qədər böyük ərazi zəbt edən ikinci bir terror təşkilatı olmamışdı. Bu baxımdan, İŞİD-in birdən-birə silinəcəyi heç kimin ağlına gəlməsin. Bu yeni taktika ola bilər, amma o da ola bilər ki, yeni lider Bağdadi olmasın. Dünya arxayınlaşmamalıdır, arxayınlaşacaqlarını da düşünmürəm. Ola bilsin ki, yaxın vaxtlarda hətta Bağdadi öldürülsün. Amma bu da hələ İŞİD-in məhvi demək olmayacaq. Aydın məsələdir ki, terrorla mübarizə bundan sonra da aparılacaq, Türkiyədə PKK dağlara çəkilib. 40 ildir döyüşlər dağlarda gedir. Amma hələ də onların kökünü kəsə bilməyiblər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.