Tramp və Rusiya ilə biznes əlaqələrinə malik Ukrayna biznesmeninin müəmmalı ölümü

9-03-2017, 00:47           
Tramp və Rusiya ilə biznes əlaqələrinə malik Ukrayna biznesmeninin müəmmalı ölümü
Ukraynada anadan olmuş biznesmen-milyonçu, Donald Trampla yaxın iş əlaqələrinə malik Aleks Oronov ABŞ-da müəmmalı şəkildə dünyasını dəyişib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ vətəndaşı olan milyonçu iş adamı doğma vətənində kənd təsərrüfatı biznesi ilə məşğul olan Grain Alliance (Yaşıl alyans-red.) adlı holdinqin sahibi imiş.

Lakin mərhumun Donald Trampın yaxın çevrəsi və Rusiya kəşfiyyatı ilə gördüyü qaranlıq işlər onu mətbuatın maraq hədəfinə çevirməyi bacarıb.

Böyük Britaniyanın “İndependent” qəzetinin yazarı Reçel Robertsin yazdığına görə, Aleks Oronov Donald Trampın vəkili Maykl Koenin (onun qardaşı, Brayan Koen Oronovun Ukraynadakı spirt biznesi üzrə ortağıdır) Rusiya xüsusi xidmət orqanlarının agentləri ilə Krımın Rusiya tərəfindən ilhaqının tanınması ilə bağlı “sülh planı”nın müzakirə olunduğu məxfi görüşləri təşkil edibmiş.

Plana görə, Krım 50 və ya 100 illiyə Rusiyaya icarəyə verilməli, əvəzində isə Rusiya öz ordusunu Ukraynanın şərq ərazilərindən çıxarmalı imiş.

“ Həmin “sülh planı” ilə bağlı keçirilən müzakirələrdə Ukrayna Ali Radasının deputatı Andrey Artyomenko, rus əsilli amerikalı, Trampın yaxın adamlarından sayılan və rus mafiyası ilə sıx əlaqələrə malik Feliks Sleyter də iştirak ediblər.

Qəzetlərin yazdığına görə, görüşdə Ukraynanın indiki prezidenti Pyotr Poroşenkonun devrilməsi məsələləri müzakirə olunub.

Hesab olunur ki, görüşün detalları barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, Rusiya ilə qeyri-qanuni bağlantılar qurduğu üçün məcburi şəkildə istefa verən general Maykl Flinin də məlumatı olub.

Mətbuatın yazdığına əsasən, Andrey Artyomenkonun Maykl Koen və Feliks Sleyterlə görüşü barədə ilk dəfə “Nyu-York Tayms” qəzetində məlumat verilib.

Həmin xəbərə görə, Donald Tramp qəzeti saxta və yalan informasiyalar verməməkdə günahlandırıb.

Tramp hətta “Nyu-York Tayms” qəzetinin əməkdaşlarının Ağ Evə girişini də qadağan edib.

Artyomenko facebook hesabındakı statusunda Aleks Oronovun qəzetlərdə onun haqqında gedən yazılarla bağlı dünyasını dəyişdiyini inkar etməyib.

“Bu məsələdə mən də özümü günahkar hesab edirəm...Aleks Oronovun Maykl Koenlə qohumluq əlaqələri mövcud idi. Məhz o, mənim Maykl Koenlə görüşümü təşkil etdi”, -ukraynalı deputat yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.