İraqda təklənən İran:Yaxın Şərqdə pozulan balanslar
10-03-2017, 10:38

Beynəlxalq siyasətdə diqqətlər Suriyadakı müharibəyə və siyasi həll arayışlarına yönələrkən, İraqda da regional və beynəlxalq siyasətə təsir edəcək proseslər baş verir. Bir növ, ölkədə siyasətin kodları yenidən cızılır. Bu vəziyyət İraqın həm daxili, həm də xarici siyasəti birbaşa əlaqəlidir.
İŞİD-ə qarşı mübarizə üçün ABŞ liderliyində yaradılan koalisiya qüvvələrinin dəstəyi ilə 17 oktyabr 2016-cı il tarixində başlanan Mosulu qurtarma əməliyyatında əhəmiyyətli mərhələyə qədəm qoyuldu. İraqın Baş naziri Heydər İbadi 24 yanvar 2017-cı ildə Mosulun şərqinin tamamilə İŞİD-dən təmizləndiyini açıqladı. 19 fevralda isə Mosulun qərb yaxasında hərbi əməliyyatlar başladı. İraq təhlükəsizlik gücləri burada qismən irəliləsələr də, sözügedən əməliyyatın şərq yaxasıyla müqayisədə daha uzun çəkəcəyi ehtimal olunur. Bu ehtimalı qüvvətləndirən bir neçə məqam da var.
Əvvəla, Mosulun qərb yaxası şərq yaxasından coğrafi sahə baxımından daha kiçik olsa da, burada daha sıx məskunlaşma prosesi gedib. Bu da İraq təhlükəsizlik qüvvələrinin məhəllələrin içlərinə girməsini çətinləşdirir.
Şəhərin qərbində əhali də daha qələbəlikdir. Təxminən, 750 minlə 1 milyon arasında sakindən söhbət gedir. Mülki ölümlərinin qarşısının alınması üçün İraq təhlükəsizlik qüvvələrinin daha diqqətli davranması tələb olunur. Bu isə əməliyyatın sürətini yavaşladır.
Digər tərəfdən, Mosulun qərb yaxasındakı İŞİD üzvlərinin sayının şərq yaxasına nəzərən, çox daha çox olduğu bildirilir. İraq təhlükəsizlik güclərinin başını şərqdə qatan İŞİD-in Mosulun qərb yaxasında gözlənilən əməliyyata daha ciddi hazırlaşması da iddialar arasındadır.
Mosulun qərb yaxası tamamilə İraq təhlükəsizlik qüvvələrinin əlinə keçsə də, şəhərdə və ümumiyyətlə, İraqda sabitliyin təmin edilməsi qarşıda ən mühüm məsələ kimi dayanır. Çünki İraqdakı təhlükəsizlik və siyasi balans iç-içə keçmiş vəziyyətdədir və siyasi qeyri-sabitlik ciddi şəkildə davam edir.
ABŞ-ın regional balans arayışları
Suriyadakı vəziyyətin regional stabilliyə təsiri, İranın İraqdakı hücumları, Rusiya, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı kimi aktyorların rolları da İraqdakı siyasi tarazlığı dəyişdirir. Suriyada avanqart rolunu Rusiyaya ötürmək məcburiyyətində qalan ABŞ heç olmasa, İraqda nəzarəti əlində tutmağa çalışır. Bu səbəbdən də ABŞ-ın İraqda İŞİD-lə mübarizəsində qərarlı bir şəkildə İbadi hökumətinə dəstək verdiyi görünür. ABŞ İraqda əsgər sayını artırdığı kimi, bölgədəki müttəfiqlərini də səhnəyə çıxarır. Ölkədə hələ də 6 min civarında ABŞ hərbçisi var.
Yeni seçilən ABŞ prezidenti Donald Tramp da çıxışlarında İŞİD-ə qarşı mübarizənin prioritet olduğunu açıq şəkildə dilə gətirib. Tramp bu mübarizədə "ABŞ-ın bölgədəki dostlarıyla" birlikdə hərəkət edəcəyini dəfələrlə ifadə edib. Son dövrlərdə Türkiyə və Səudiyyə Ərəbistanının İraq mərkəzi hökuməti ilə yaxşılaşan əlaqələri də bunun göstəricisidir. Bu nöqtədə ABŞ-ın regional balans çərçivəsində rəsmi Bağdadı Türkiyə və Səudiyyə Ərəbistanı kimi Vaşinqtonla yaxın ölkələrlə münasibətlərini yumşaltmağa məcbur etdiyi sezilir.
ABŞ-ın İraqda regional balans axtarışı içərisində olduğunu söyləmək mümkündür. Bu da səbəbsiz deyil. Çünki İranın İraqdakı fəaliyyəti ABŞ-ı çətin vəziyyətə salır. Vaşinqton bu məqsədlə Türkiyə və Səudiyyə Ərəbistanının İraqdakı təsirini artırmağa çalışır. Bu vəziyyət Türkiyənin də İraqla yaxşı əlaqələr qurmağa maraqlı olduğunu nəzərə alsaq, Ankara baxımından da müsbət hal kimi qiymətləndirilə bilər.
Türkiyə İraqdakı bütün qruplara eyni məsafədə dayanmaq mövqeyi sərgiləməyə çalışır. Bu səbəbdən də hansısa bir tərəfdə dayanmaq istəmir. Balanslaşdırılmış İraq mərkəzi hökuməti ilə Türkiyənin əlaqələrininin hər keçən gün daha irəli getdiyini söyləmək olar.
Səudiyyə Ərəbistanının isə İraqla əlaqələrini inkişaf etdirməkdə Türkiyə qədər istəkli olduğuna şübhələr var. İraqlı radikal sünnilər də əslində Səudiyyə Ərəbistanının İraq hökumətilə yaxınlaşmasını istəmirlər. Ancaq ABŞ-ın mövqeyi bu əlaqələri inkişafına yönəlikdir. Təsadüfi deyil ki, 2003-cü ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cubeyr, ötən ay İraqa getdi, İbadi və özünün iraqlı həmkarı İbrahim Əl-Cəfəri ilə görüşdü. Ziyarət böyük maraq doğurdu. Görüşlərdə əsas gündəm maddəsinin "terrorla mübarizə" olduğu barədə məlumatlar ictimaiyyətə açıqlandı ki, bu da Trampın fikirləriylə üst-üstə düşür.
İran İraqda nə qədər güclüdür?
ABŞ baxımından İraqda çətinlik yaradan əsas məsələ İranın fəaliyyətidir. Siyasi baxımdan İraqdakı təsiri əhəmiyyətli səviyyədə olan İran İŞİD sonrası dövrdə də Haşdi -Şabi və digər könüllü döyüşçü qruplar üzərində təmin etdiyi təsir gücüylə bu bölgədə əhəmiyyətli bir qüvvə halına gəlib.
İran İraq mərkəzi hökumətini siyasi cəhətdən çətin vəziyyətə saldığı kimi, regiondakı qüvvələrə də güc nümayişi edir. Heydər İbadi Haşdi Şabini parlamentdə qəbul olunan bir qanunla İraq təhlükəsizlik qüvvələrinin bir hissəsi halına gətirərək, nəzarət altına almağa çalışsa da, digər könüllü hərbi qrupların varlığı və sahədəki fəaliyyətlərini hələ də davam etdirməsi İraq mərkəzi hökuməti baxımından böyük problemlər yaradır. Necə ki, bu qruplar silahlı qüvvələrinin tərkib hissəsi elan edilmələrinə baxmayaraq, təsirli olduqları bölgələrdə də siyasi addımlar atır. Haşdi Şabi ilə bağlı qəbul olunan qanunda onun heç bir şəkildə siyasətə daxil ola bilməyəcəyi ifadə edilsə də, könüllü qruplar ölkənin gələcəyində siyasətdə də iştirak edəcəklərini açıq bir şəkildə dilə gətirirlər. İraqdakı ən böyük və təsirli qruplardan biri olan “Əsaib-ül Əhlül Haqq”ın lideri Qeys-əl Həzali siyasətdə olacaqlarını gizlətmir.
Digər tərəfdən, Haşdi Şabi qruplarının da parçalandığı gün üzünə çıxmağa başlayıb. Haşdi Şabi içərisindəki qruplardan bəziləri İranın dini lideri Əli Xameneyinin, bəziləri isə İraqdakı ən böyük şiə din adamı olan ayətullah Əli əl-Sistaninin tərəfdarıdır. Bu vəziyyət İraqdakı Nəcəf və İrandakı Qum şiə din hövzəsi arasındakı görüş fərqliliyini inikas etdirir. İraqlı şiələrin böyük hissəsi bütün şiələrə "İran" gözüylə baxılmasından narahatdır.
Heydər İbadinin özündən əvvəl iki dəfə baş nazirlik etmiş Nuri Maliki qədər İrana meylli siyasət yürütməməsi Tehranda ciddi narahatlıq yaradır. Buna görə də Tehran Haşdi-Şabi və Maliki kimi özünə daha yaxın siyasilər vasitəsilə İbadini davamlı təzyiq altında saxlamağa çalışır. ABŞ da öz növbəsində 2003-cü ildə olduğu kimi İraqın əksəriyyətini təşkil edən şiə qruplarını konsolidasiya etməkdə çətinlik çəkir.
Kürdlər, sabitlik və balans
Oxşar parçalanma və daxili rəqabət İraqdakı kürd qruplar arasında da davam edir. 2003-cü il sonrası ABŞ-ın yenidən qurduğu ölkədə bəlkə də ən böyük layihəsi olan Şimali İraq Kürdüstan muxtariyyəti üzərindəki balans da pozulmuş görünür. Muxtariyyətin idarəetmə gücünü əlində tutan Məsud Bərzani hər nə qədər müstəqillik ritorikasından tez-tez istifadə etsə də, öz sosial dayaqlarını itirməyə başlayıb. İran, Kürdüstan Yurdsevərlər Birliyi (KYB) və “Gorran” üzərindən Məsud Bərzaniyə təzyiq edir. ABŞ isə Türkiyə və Səudiyyə Ərəbistanının köməyiylə bölgəyə nəzarəti əlində tutmağa çalışır.
Türkiyə də Şimali İraqda stabilliyin pozulmasından narahatdır. Çünki İraqda yaşananlar Türkiyəyə birbaşa təsir edir. Bu səbəbdən də Türkiyə Ərbil – Bağdad xəttində hər hansı gərginliyin meydana gəlməsini istəmir. Ancaq İranın yaşanan qeyri-sabitliklərdən və ortaya çıxan güc boşluqlarından faydalanmağa çalışdığı sezilir. Bu səbəbdən də ABŞ həmin boşluqları ya özü, ya da müttəfiqləri vasitəsilə doldurmağa səy göstərir.
ABŞ-ın İraq üçün beynəlxalq səfərbərlik elan etdiyini söyləmək mümkündür. Son dövrlərdə Birləşmiş Millətlər Təşkilatının İraq Yardım Missiyasının (UNAMİ) İraqdakı fəaliyyətləri bunun göstəricisidir. UNAMİ xüsusilə İraqda ictimai həmrəylik və sülhün bərqərar edilməsi istiqamətində aktiv və konkret addımlar atmağa çalışır. Bir sözlə, ABŞ bu istiqamətdə əlindəki bütün vasitələrdən İbadi rəhbərliyini ayaqda tutmaq üçün istifadə edir.
ABŞ ən azı 2018-ci ilin fevralında keçirilməsi gözlənilən parlament seçkiləri öncəsi Türkiyə və Səudiyyə Ərəbistanı kimi regional ölkələrinin də dəstəyini alaraq, idarə edə biləcəyi bir siyasi proses meydana gətirməyə çalışır. İran isə oyunpozanlıq siyasətini davam etdirir. Ancaq bu pozucu fəaliyyət İranın ciddi maliyyə yükü altına girməsinə səbəb olur.
Trampın Rusiyaya verdiyi mülayim mesajlar Türkiyə, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə birgə fəaliyyətin təmin edəcəyinə istiqamətli işarələr İranı Yaxın Şərqdə çətin vəziyyətə sala bilər. Status-kvo Tehranı daha təcavüzkar xarici siyasətə sürükləyir. Bunun ağır bədəlini ödəyəcək ilk ölkələrdən biri isə İraqdır. Odur ki, İraqın regional qütblərdən kənarında balanslı siyasət yürütməsi, qütbləşmələrdən uzaq durması ölkədəki stabilliyin ən mühüm amillərindən biri kimi əhəmiyyət daşıyır.
Bilgay Duman
Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi
Sadələşdirən: Strateq.az