ABŞ Vartanyanı hakerlikdə ittiham edir

15-03-2017, 13:29           
ABŞ Vartanyanı hakerlikdə ittiham edir
ABŞ və Rusiya mediasının xəbərlərinə görə “Citadel” kimi tanınan “ziyanlı kompyuter proqramlarını təkmilləşdirməkdə ittiham edilən Rusiya vətəndaşı Mark Vartanyan Atlanta məhkəməsi qarşısında təqsirsiz olduğunu bildirib.

ABŞ sahə prokuroru John Horn deyib ki, həm də “Kolypto” ləqəbi olan Vartanyan kompyuter dələduzluğunda ittiham edilərək 2016-cı ilin dekabrında Norveçdən ABŞ-a ekstradisiya olunub.

Horn jurnalistlərə deyib ki, söhbət Trojan tipli kompyuter viruslarının təkmilləşdirilməsindən gedir.

Citadel proqramı maliyyə və şəxsi məlumatların oğurlanması məqsədilə kompyuter sistemlərini yoluxdurmağa hesablanıb.

Xəbər verilir ki, 2011-ci ilin əvvəllərindən Citadel proqramı kiberkriminalların tez-trez baş çəkdikləri rusdilli internet resursunda satışa çıxarılmışdı.

Vartanyan bu proqramı 2012 və 2014-cü illər arasında inkişaf etdirərək dünya boyunca 11 milyon kompyuterin yoluxdurulmasına və sənaye təxminləri də daxil 500 milyon dollar itkiyə səbəb olub.

Prokuror Horn deyib ki, 2014-cü ildə Norveçdə həbs edilmiş Vartanyan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa razılaşıb.

Bu da xəbər verilir ki, Vartanyan Citadel ziyanlı kompyuter proqramı ilə bağlı məsuliyyətə cəlb olunmuş ikinci rusiyalıdır.

Rainerfox ləqəbi ilə tanınan 22 yaşlı peterburqlu Dimitry Belorossov 2015-ci ildə kompyuter dələduzluğu ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Atlantanın Channel 2 televiziyasına deyib ki, Vartanyan ilk məhkəmədə təqsirini qəbul etməsə də, gələn həftə keçiriləcək dinləmədə etiraf bəyanatı verməyə hazırlaşır.

Norveç 2016-cı ildə Mark Vartanyanı Birləşmiş Ştatlara ekstradisiya edərkən Moskva bu xəbərə acıqlı reaksiya vermişdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Vartanyana qarşı ittihamlar “siyasi motivlidir” və ekstradisiya qərarı Moskva-Oslo münasibətlərinə ciddi ziyan vuracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.