Şefin qovulmasından sonra Rusiya şöbəsinin agentləri dərddən içməyə başladılar
15-05-2017, 16:03

Ötən həftə ABŞ prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini qəfil işdən azad edəndən sonra FTB-nin Rusiya şöbəsinin əməkdaşları görüşərək içməyə, onları hansı aqibətin gözlədiyi barədə danışmağa başlayıblar. Virtualaz.org xəbər verir ki, bu barədə “The Daily Best” nəşrində dərc edilmiş məqalədə deyilir.
FTB-nin geniş əlaqələrə malik olan iki əməkdaşı deyib ki, FTB-nin Vaşinqtonun mərkəzindəki mənzil-qərargahında Ceyms Kominin işdən azad edilməsi haqda qəfil xəbəri alandan bir neçə saat sonra Rusiya üzrə əks-kəşfiyyat agentləri özlərini içkinin ixtiyarına veriblər. Onlar heç də şefin işdən azad edilməsinə sevindikləri üçün içmirdilər, əksinə, prezident Trampın Rusiya ilə əlaqələrini araşdıran Ceyms Kominin işdən çıxarılmasından sonra özlərinin də belə aqibətlə üzləşə biləcəyindən narahat idilər. Agentlər içki şüşəsi arxasında kədərlə danışıblar ki, görünür bundan sonra FTB-də Rusiya üzrə iş prioritet olmayacaq.
“Kominin istefasından sonra FTB-də belə narahatlıqlar yarandı ki, yeni administrasiya Trampın Rusiya ilə əlaqələrinə dair təhqiqatı dalana dirəyəcək. Prezident özü bu narahatlıqları gücləndirib və onun Rusiya ilə əlaqələrinə dair deyilənləri “demokratların uydurması” adlandırıb”-nəşr yazır.
Bildirilir ki, ABŞ əks-kəşfiyyatının Rusiya üzrə agentləri Ağ Evin bu təhqiqata mane olacağından narahatdırlar. “Bu, tamamlə sayıqlamadır. Əks-kəşfiyyatın rəhbərliyi olduqca narahatdır ki, Ağ Ev sərhədi keçəcək və təhqiqata mane olacaq, siyasi əngəllər yaradacaq”-FTB-dəki mənbə bildirib.
Hazırda Tramp-Rusiya əlaqələrinə dair təhqiqat FTB-nin mərkəzi qərarghında və bir neçə regional bürosunda aparılır. FTB-nin müvəqqəti direktoru Endryu Makkeyb ötən həftə Senatın kəşfiyyat komitəsində dinləmələr zamanı heç kimin bu təhqiqata mane ola biləyəcəyini deyib. Lakin məlumatlara görə tezliklə Makkeybin özünü də FTB-dən çıxaracaqlar.