Gürcüstan üzərindən Azərbaycandakı partiyalara pul ötürülməsi məsələsi böyüyür

30-05-2017, 09:49           
Gürcüstan üzərindən Azərbaycandakı partiyalara pul ötürülməsi məsələsi böyüyür
Gözəl Bayramlının həbsindən apelyasiya şikayəti verilib; Əvəz Həsənov: “Tutaq ki, donor 10 min yardım ayırır; bunu ya qrant, ya da mükafat formasında verir”


Mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılan və qaçaqmalçılıq ittihamı ilə həbs edilən AXCP sədrinin müavini Gözəl Bayramlı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Mayın 30-da vəkili Elçin Sadıqov onunla görüşəcək.


Vəkil qeyd etdi ki, G.Bayramlının həbs-qətimkan tədbirinin ləğv olunması üçün apelyasiya şikayəti verib: “Bu həftə ərzində apelyasiya şikayətinə baxılacağı gözlənilir”.


G.Bayramlının həbsindən sonra bəzi müxalifətçilərin, onlara bağlı QHT-lərin Qərb institutları ilə işbirliyi, onlardan maliyyə yardımı almaları və həmin yardımı Gürcüstan üzərindən ölkəyə keçirmələri ilə bağlı iddialar yenidən gündəmə gəlib. Əslində bununla bağlı bu ayın əvvəllərindən mətbuatda bir sıra xəbərlər dərc edilmişdi. Azərbaycanı tərk edən, bir sıra Avropa ölkələrinə, eləcə də Gürcüstana sığınan müxalif fəalların qonşu ölkədən rəsmi Bakıya qarşı fəaliyyətə başladıqları qeyd olunurdu. Həmin xəbərlərdə gürcü hökumətinin həmin şəxslərə açıq dəstək verdiyi qeyd olunurdu. Tiflisin anti-Azərbaycan qüvvələrinin əsas yuvasına çevrilməsindən narahatlıq ifadə olunurdu. Təkcə müxalif fəalların Tiflisdə kök salmaları vurğulanmır, eyni zamanda ölkə daxilindəki bəzi siyasi qurumların rəhbərlərinin, funksionerlərinin məhz Gürcüstana gedib Qərb institutları ilə orada danışıqlar apardıqları, maliyyə razılaşmaları etdikləri və hətta həmin maliyyəni qonşu ölkədən Azərbaycana keçirdikləri iddia olunurdu. G.Bayramlının həbsindən sonra isə bu iddiaların sayı daha da artıb və bu tipli həbslərin davamlı ola biləcəyi, Azərbaycan hökumətinin Gürcüstandakı anti-Azərbaycan qüvvələrini dağıtmaq üçün bundan başqa çarəsinin qalmadığı söylənilir. 2014-cü ilə qədər bəzi Azərbaycan QHT-lərinə qrant ayıran xarici donorların həmin ildə baş verən məlum proseslərdən sonra bu vəsaitləri xaricdə azərbaycanlı mühacirlərin yaratdığı təşkilatara verdiyi, həmin təşkilatlar da bu maliyyədən Azərbaycandakı siyasi qurumlara yardım etdikləri də gəzən söz-söhbətlər sırasındadır.


Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Əvəz Həsənov bildirdi ki, hökumətin QHT-lərə qrant verilməsini faktiki qadağan edən qərarından sonra çoxsaylı donor təşkilatlar Azərbaycan QHT-lərinə qrant verilməsini dayandırıblar, yəni bu qrantın haradan alınmasından asılı olmayaraq: “2014-cü ildən sonra heç bir Azərbaycan QHT-si formal olaraq, heç bir donor təşkilatından qrant almır. Biz neçə il bu sahədə fəaliyyət göstərən bir təşkilat kimi, bu problemlərlə üzləmişik. Bu baxımdan, inanmıram ki, hansısa bir donor rəsmi olaraq bir QHT-yə qrant versin, onu da Gürcüstan və ya digər ölkələrin birində versin. Əgər QHT-yə qrant vermirsə, onu harada verməsinin dəxli yoxdur. Çünki o başa düşür ki, verdiyi qrant Azərbaycanda qeydiyyatdan keçməyəcək. Ola bilsin ki, bəzi xırda donorlar kimlərəsə qrant versinlər, qeyri-leqal qaydada. Bunun da məbləği Azərbaycanda hansısa bir prosesə təsir etmək gücündə olmaz. Ola bilər ki, Azərbaycandan mühacirətə gedib orada fəaliyyət göstərən təşkilatlar qrantlar ala bilsinlər. Onlar şansları burada daha çox olur. Məsələn, burada media və insan hüquqları ilə bağlı layihələr var ki, bunlardan bizim də xəbərimiz var. Onlar Azərbaycandan kənarda layihə ala bilirlər. Onlar ölkədə fəaliyyət göstərməsələr də, ölkədən kənarda fəaliyyətlərini davam etdirirlər. Məsələn, Meydan.TV bu cür layihə alan təşkilatdır, Emin Hüseynovun institutunu misal çəkmək olar. Donor xeyriyyə təşkilatı olsa da, ancaq qrant verə bilər. Bizim təsəvvür etdiyimiz yardım mümkünsüzdür. Bu qrant da hansısa fəaliyyət üçün mümkün ola bilər. Hansısa bir yardım etməyi, açığı, anlamıram. Bizim praktikada belə bir şey olmayıb. Tutaq ki, donor 10 min yardım ayırır; bunu ya qrant, ya da mükafat formasında verir. Keçirilən sorğu, məruzələrlə bağlı da qrantlar verilə bilər. Başqa qrant formasını görmürəm. Donor yalnız risk edib, öz büdcəsindən Azərbaycan QHT-sinə qrant verə bilər, bunu da hansısa proqram əsasında verə bilər, cibindən çıxarıb verə bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.