Kataloniyada sakitlikdir –Ölkədən qaçdığı deyilən Puçdemon kabinetdən foto paylaşdı

31-10-2017, 09:32           

Kataloniyada minlərlə insanın iştirsak etdiyi yürüşdən sonra iş rejimi normal tempdə başlayıb, küçələrdə sakitlikdir. Baxmayaraq ki, bəzi separatçı siyasətçilər vətəndaş itaətsizliyinə çağırmışdı.

Barselonadakı Kataloniya regional hökumətinin binası qarşısında İspaniya və separatçı Kataloniya bayraqları dalğalanır. Dövlət idarələrinin bəziləri yeni rəhbərlərinin əmrlərinə reaksiya verməyib. Ancaq iğtişaşların olmaması maliyyə bazarlarında rahatlıq yaradıb, səhmlər yüksəlib.

Oktyabrın 1-də keçirilmiş müstəqillik referendumundan sonra İspaniyada ciddi siyasi böhran yaranıb. Cümə günü ölkənin baş naziri Mariano Rajoy regiona birbaşa idarəçiliyi ələ alıb, separatçı hökuməti buraxıb, dekabrın 21-nə növbədənkənar seçki təyin edib.

Kataloniya administrasiyasının bəzi aparıcı üzvləri – prezident Çarlz Puçdemont, vitse-prezident Oriol Hunqueras bu addımı qəbul etməyəcəklərini bildirib. İşdən çıxarılmış liderlərin çoxu bazar ertəsi gözə çox girməməyə çalışır, mərkəzi hökumətə meydan oxumayıb. Puçdemont Instagram səhifəsində regional hökumət binasının içindən foto paylaşıb.

Regional nəqliyyat lideri Cosep Rull Tvitter-də ofisdə çalışdığı fotosunu yerləşdirib, ancaq sonradan onu binadan çıxan görüblər. İspaniyanın nəqliyyat naziri radio müsahibəsində deyib ki, Rulla şəxsi əşyalarını toplamağa icazə veriləcək, amma işləməyə yox.

Binadan çıxan Rull deyib ki, PdeCat partiyasının iclasına getməlidir.

Regionun digər liderləri işdə görünməyiblər, ancaq əməkdaşlarının bəziləri işə çıxıblar. İspaniyanın dövlət ittihamçısı regionda hər hansı itaətsizliklə bağlı prezident Puçdemont və digər liderlərə qarşı şikayətləri toplayıb İspaniya Ali Məhkəməsinə təqdim etməlidir.

Buraxılan hökumətin təyin etdiyi 140 yüksək vəzifəli rəsmidən biri durumu “normal” adlandırıb. “Biz dövlət qulluqçuları kimi hər şeyin normal getməsini arzulayırıq. İşlər davam etməlidir. Gündəlik işlər görülməlidir”, – keçmiş vitse-prezident Hunquerasla işləyən rəsmi deyib.

Kataloniyada 200 min dövlət qulluqçusu maaşı birbaşa regional, 100 mini isə Madrid hökumətindən alır. (Amerikanın Səsi)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.