Gürcüstan Rusiya və Ermənistan arasındakı yolu aça bilər

24-12-2017, 23:14           

Gürcüstan müxalifəti iqtidarı milli maraqlara xəyanətdə suçlayır.

Baş nazir Georgi Kvirikaşvili bu günlərdə deyib ki, üçüncü ölkələrin mallarının Abxaziya cə Tsxinvali yolları ilə daşınmasının bərpası istisna deyil.

2008-ci ildəki qısa müharibə zamanı Gürcüstan bu separatçı regionlar üzərində nəzarəti itirib.

İndi Gürcüstan hökuməti deyir ki, İsveçrənin SGS şirkəti ilə saziş bağlayıb. Həmin şirkət Rusiya və Gürcüstan arasında 2011-ci ildə bağlanmış müqavilə əsasında sözügedən regionların yolları ilə daşlnacaq malların gömrük sənədləşməsi və monitorinqini həyata keçirəcək.

Müxalifət isə Rusiya və Ermənistan arasında tranzit əlaqəsinin Gürcüstanın işğal altında olan regionları vasitəsilə bərpasının əleyhinə çıxır.

Müxalifət hökumətdən tələb edir ki, İsveçrə şirkəti ilə bağladığı sazişin bütün detallarını açıqlasın.

Baş nazir isə deyib ki, sazişdə Abxaziya və Cənubi Osetiyanın adı çəkilmir. Onun dediyinə görə, bu, fors-major hallarına aiddir. Yəni Rusiya və Gürcüstan arasında Lars buraxılış məntəqəsi əlverişsiz hava şəraitinə görə bağlanarsa, Tsxinvali yolundan alternativ variant kimi istifadə etmək olar.

Kvirikaşvili bildirib ki, bu imkandan Türkiyə, Ermənistan və başqa ölkələr yararlana bilərlər.

Baş nazir əlavə edib ki, hələ ki, İsveçrə şirkəti ilə yalnız Gürcüstan saziş bağlayıb, Rusiya isə yeni-yeni şərtlər irəli sürməklə məsələni uzatmağa çalışır.

Gürcüstan mediası yazır ki, baş nazir beləcə, sazişin detallarını açıqlamaqdan yayınıb.

Kvirikaşvili isə bildirir ki, parlament qrupu yaradılsa, yaxud başqa format seçilsə, hökumət bütün lazımi məlumatları müxalifətlə bölüşə bilər. “Bizim ictimaiyyətdən gizlətməyə heç nəyimiz yoxdur. Danışıqlar Gürcüstanın ərazi bütövlüyü və milli maraqları çərçivəsində aparılır”.

2011-ci ildə Gürcüstanın xarici işlər nazirliyinə Qriqol Vaşadze başçılıq edirdi.

O, indiki baş nazirin mövqeyini anlamır. Neytral bir şirkətlə danışıqların mahiyyətinə şübhə ilə yanaşan Vaşadze deyir ki, ola bilər ki, Gürcüstan hökuməti Rusiyanın təzyiqləri qarşısında tab gətirməyib və yalnız Ermənistana sərf edən məğlubiyyətçi bir saziş bağlayıb:

“Qoy sazişin mətnini açıqlasınlar. Əgər Gürcüstan Ermənistana göndərilən malları buraxacaqsa, bunun 2011-ci ilin müqaviləsi ilə heç bir bağlılığı olmayacaq. O müqavilə yalnız Rusiya və Gürcüstan arasında daşınmaları tənzimləyir. Üçüncü ölkələrə mal göndərmək üçün bu yoldan istifadə həmin müqavilənin ruhuna zidd olacaq. Məncə, Gürcüstan hökuməti Abxaziya vasitəsilə dəmiryol əlaqəsinin də bərpasına çalışır. Bu baş verərsə, Gürcüstanın hüquqi, siyasi və iqtisadi maraqlarına böyük zərbə vurulacaq”.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze isə deyir ki, burada milli maraqlara zidd heç nə yoxdur, dəhlizlərlə hansı malların daşınması Gürcüstandan asılı olacaq, bütün malların monitorinqi aparılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.