Sankt-Peterburq-Bakı aviareysinin sərnişini çantasında bomba olduğunu bildirib - FOTO
31-12-2017, 09:08
Rusiyanın "Pulkovo" beynəlxalq hava limanından (Sankt-Peterburq) Bakıya uçmalı olan "J2 9120" saylı reysin sərnişini bomba barədə xəbərə görə təyyarəyə buraxılmayıb.
"Report" "Fontanka.ru"ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, şənbə günü 23:45-də Azərbaycana uçmalı olan reysin sərnişini qeydiyyat zamanı baqajını təhvil verərkən aviaşirkət əməkdaşına çantasında "bomba" olduğunu bildirib.
Baqaj partlatma işləri mütəxəssisləri tərəfindən müayinə olunub, təhlükəli heç nə aşkar edilməyib. Sərnişinin ad günü ilə əlaqədar zarafat etməsi ilə bağlı izahatları "Pulkovo" hava limanında xidmət göstərən nəqliyyat polislərini qane etməyib və 30 yaşlı gənc növbətçi hissəyə aparılıb.
Polisin yoxlamalarından sonra məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumatlara görə, kişi sərxoş olub.
Aeroportun onlayn-tablosuna əsasən, Bakıya və digər istiqamətlərdə uçmalı olan reyslər cədvəl üzrə yola düşəcək.