Azərbaycanlı ər-arvadın hazırladığı deputat oğlu özünü partlatdı, onlarla adam öldü

5-10-2015, 23:23           
Azərbaycanlı ər-arvadın hazırladığı deputat oğlu özünü partlatdı, onlarla adam öldü
Azərbaycanlı ər-arvadın hazırladığı deputat oğlu özünü partlatdı, onlarla adam öldü
Ötən həftə İraqın Ramadi şəhəri yaxınlığında intiharçı terror hücumu həyata keçirən və onlarla adamın ölümünə səbəb olan İŞİD terrorçusunun azərbaycanlı ər-arvad tərəfindən “verbovka” edildiyi üzə çıxıb. Üstəlik məlum olub ki, həmin terrorçu İordaniya parlamentinin deputatının oğludur. Bu sensasion məlumatı “Əl-Cəzirə” telekanalı yayıb.

Virtualaz.org saytı xəbər verir ki, 23 yaşlı iordaniyalı tələbə Muhammed Dalain ötən həftənin cümə günü İŞİD-in nəzarətində olan Ramadi şəhəri yaxınlığında dalbadal üç terror hücumu həyata keçirən terroçulardan biri olub. Bu terror hücumu nəticəsində azı 24 adam ölüb, 90-a yaxını yaralanıb. Muhammed Dalain İordaniya parlamentinin deputatı Mazen Dalainin oğludur və atasının dediyinə görə o, Ukraynanın Xarkov şəhərində tibb kollecində oxuyarkən Azərbaycandan olan ər-arvad tərəfindən ələ alınaraq “İslam dövləti”nin sıralarına cəlb edilib.

Deputat deyib ki, həmin azərbaycanlı ər-arvad Xarkov şəhərində yaşayır. Onun sözlərinə görə, azərbaycanlı ər-arvad Xarkovda təhsil alan gənc müsəlman-tələbələri İraq və Suriyada İŞİD-in tərəfində döyüşmək üçün fəal şəkildə “verbovka” edirlər. Həmin azərbaycanlı ər-arvadın əsl adları məlum deyil, ancaq deputat kişinin “İbrahim”, qadının “Süməyya” dini adları ilə tanındığını deyib.

Muhammed 21 yaşında olarkən ukraynalı arvadı ilə birlikdə Çeçenistan və Tunisdən olan cütlüklərlə birlikdə “İslam dövləti”nin sıralarına üzv olublar. Onlar 2014-cü ilin yanvarında ilk dəfə İraqa səfər ediblər, bu ilin iyun ayında isə Ukraynadan Türkiyəyə gediblər. Terrorçular oradan İraq ərazisinə keçiblər.



Mahen Dalain deyib ki, məhz həmin vaxtlarda oğluna baş çəkmək üçün Xarkova getmişdi. Lakin onun Ukraynanı tərk etmək və İraqda İŞİD döyüşçülərinin sıralarına qatılmaq planlarından xəbərsiz olub. “Mən indi aydınlaşdırmışam ki, o, Türkiyəyə gedəndən cəmi bir neçə gün sonra İraqa keçib. Əgər bilsəydim ki, ora gedir, imkan verməzdim”-iordaniyalı deputat bildirib. Deputat deyib ki, Ukraynada oğluna tez-tez baş çəkirdi və onunla “İslam dövləti” barədə söhbət apararaq bu qruplaşmaan uzaq durmağı tövsiyə edir, təhsilini başa vurub İordaniyaya geri dönməli olduğunu deyirdi.

“Oğlum ötən ilin yanvarında İordaniyada idi. Mən onun hərəkətlərində ekstremizmə meyl hiss etməmişdim”-Dalain bildirib. Onun sözlərinə görə, oğlu İraqa gedəndən sonra dəfələrlə Muhammedi geri qaytarmağa çalışıb. Ancaq oğlu ona göndərdiyi sms-lərdə “İslam dövləti”ni seçməkdə qəti olduğunu və qayıtmayacağını deyib.

“Əl-Cəzirə” qeyd edir ki, Muhammed bu ilin fevralında İŞİD terrorçuları tərəfindən qəfəsə salınaraq diri-diri yandırılan iordaniyalı əsir pilot Moaz Kesasbanın nəslindəndir, onunla qohumdur.

İraq ordusunun rəsmiləri bildirir ki, Muhammed və digər iki İŞİD terrorçusunun idarə etdikləri partlayıcı yüklü maşınlar təhlükəsizlik qüvvələrinin blok-postu yaxınlığında və şiələr yaşayan məhəllədə partladılıb. İraq əsgərləri intiharçılardan birinin idarə etdiyi maşını Rusiya istehsalı olan “Kornet” tank əleyhinə idarəolunan raketi ilə vuraraq partladıb. Terrorçuların kimlikləri daha sonra müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.