Hakimiyyət hansı xarici müdaxilədən şübhələnir? - AÇIQLAMA
13-09-2019, 09:02
“İstənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan bəzi şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd edirlər”. Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda dəyirmi masada deyib.
Ə. Əhmədov qeyd edib ki, həmin şəxslər asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər: “Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri ”Youtube"da guya izləyicilərinin hesabına gəlir əldə edirlər. Bu, əsassızdır, araşdıra bilərsiniz. Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hanısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı “demokratik”, Azərbaycan isə “anti-demokratik” göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var".
Qeyd edək ki, dəyirmi masanın sonunda qəbul olunan bəyanatda da xarici qüvvələrin seçkilər ərəfəsində Azərbaycandakı daxili siyasi proseslərə müdaxilə edə biləcəyi və bunun yolverilməzliyi vurğulanır.
Bütün bunlar isə bir sualı gündəmə gətirir: Azərbaycanda seçkilər ərəfəsi daxili siyasi proseslərə müdaxilə etməsindən şübhələr yaranan konkret hansı ünvan və ya ünvanlardır? Söhbət hansısa xarici dövlətlərdən, beynəlxalq təşkilatdan, yoxsa xaricdə yaşayan bir qrup azərbaycanlıdan gedir?
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a öncə bildirdi ki, müxtəlif siyasiyönümlü və müxtəlif siyasi cəbhədə dayanan partiyaların dəyirmi masaya yığışaraq Azərbaycandakı siyasi proseslərə xarici müdaxilənin yolverilməz olduğu barədə ümumi rəyə gəlməsi dəyərləndirilməlidir. Artıq inkişafın elə bir səviyyəsinə gəlib çatmışıq bütün cəmiyyət dərk edir ki, ölkədə bütün məsələlər ancaq daxili resurslara söykənərək həll edilməlidir: “Xarici mərkəzlərin, xarici dövlətlərin, bəzi beynəlxalq təşkilatların Azərbaycandaxili siyasi proseslərə müdaxilə etməsi yolverilməzdir. Ölkənin təcrübəsi var, müstəqilliyimizi yeni qazandığımız dövrdə xarici müdaxilələrin olmasının acı təcrübəsi var. Hesab edirəm ki, vaxtaşırı bu məsələnin gündəmə gəlməsi, bu məsələ barəsində ümumi razılığa gəlinməsi əhəmiyyətli hadisədir. O ki qaldı xarici müdaxilə deyəndə hansısa xarici dövlətlər, beynəlxalq təşkilatlar, yoxsa xaricdəki bəzi azərbaycanlılardan söhbət getməsinə, burada bütün faktorlar nəzərdə tutulur. Burada həm xarici ölkələrin Azərbaycandaxili siyasi proseslərə müdaxilə etməsinə yolverilməzliyi, həm xaricdəki müəyyən mərkəzlərin demokratiya pərdəsi altında Azərbaycandakı proseslərə müdaxilə etmək istəməsi və sair nəzərdə tutulur”.
Deputat qeyd etdi ki, siyasi partiyalar ilk növbədə cəmiyyətə, seçicinin gücünə arxalanaraq öz proqramının təbliğinə, öz namizədlərinin seçilməsinə diqqət etməlidirlər: “Çox təəssüf ki, hər seçki ərəfəsində Azərbaycanda xaricdən müdaxilə cəhdləri müşahidə edilir. Yaxud ayrı-ayrı siyasi qruplar ya xarici səfirlikləri, ya xaricdəki müəyyən dairələri Azərbaycanın daxilindəki siyasi proseslərə zorla cəlb etdirməyə çalışırlar. Yəni bu məsələlər daim önə çıxır. Sentyabrın 11-də keçirilən dəyirmi masa bir daha göstərdi ki, Azərbaycan demokratiyanın inkişafında elə mərhələyə gəlib çatıb siyasi qüvvələr ümumilikdə bir qüvvə kimi bu cür proseslərin yolverilməzliyini qəbul edirlər”.
“Xaricdən müdaxilə olarsa, daxildə hansısa siyasi qüvvələr tapılarmı onlarla iş birliyinə getsinlər, həmin müdaxiləyə dəstək versinlər” sualına A.Mirzəzadə belə cavab verdi: “Azərbaycandan köçərək xaricdə yaşayan insanların çox az qismi bu gün anti-Azərbaycan mərkəzlərin əlində alətə çevrilib. Onlar mənəviyyatı, mədəniyyəti, vətənpərvərliyi bir kənara qoyaraq Azərbaycana böhtan atmaqda, Azərbaycanı çirkaba bulaşdırmaq üçün bütün cəhdləri etməkdədirlər. Azərbaycan cəmiyyəti onları yaxşı tanıyır və bütün cəhdlərə baxmayaraq onlar heç bir dəstək ala bilmirlər. Eyni zamanda seçkilər ərəfəsində seçkilərdə iştirak eləyən müəyyən qruplar xaricdən müxtəlif dəstəklər əldə etməklə öz maraqlarına uyğun siyasət yürütməyə çalışırlar. Ancaq onların da gücü azdır, cəmiyyət onların arxasınca getmir. Ən əsası cəmiyyət bu məsələdə heç bir təxribata uymur, cəmiyyəti aldatmaq qeyri-mümkündür”.