Nidadan sonra müharibə gəlir - TƏHLİL
5-10-2019, 10:13
Xəbər verdiyimiz kimi, srağagün Lüksemburqda “Düdelanj”-"Qarabağ" futbol matçı zamanı xoşagəlməz insident yaşanıb. Matç zamanı Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin əski parçası bayraq adına dronla futbol meydançasının üzərində peyda olub - həm də meydanın “Qarabağ” futbolçularına aid hissəsində. Artıq Azərbaycan olaya münasibət bildirib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, nazirlik baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir.
“Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib” - deyə o bildirib.
*****
Xüsusi diqqətçəkən detal odur ki, insident Azərbaycan prezidenti İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxış etdiyi günə təsadüf edib. Hansı ki, Azərbaycanın dövlət başçısı məhz Rusiya ərazindən - Ermənistanın özünə əsas müttəfiq saydığı dövlətin cənub şəhərindən işğalçı ölkənin rəhbərliyinə əzici mesaj göndərmiş, "Qarabağ Azərbaycanındır və nida işarəsi", - deyə bəyan etmişdi. Ondan bir gün qabaq isə Rusiya xarici işlər naziri Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” sərsəm bəyanatının sülh prosesinə fayda vermədiyini bildirmişdi.
Nəzərə alsaq ki, Lavrov erməni kökənlidir və hətta Rusiyadakı erməni lobbisinin “boz kardinalı” sayılır, o zaman onun belə açıqlamanı özxoşuna vermədiyi bəli olar. Yəni bu, heç də Lavrovun özmövqeyi deyil. Açıqlamanın arxasında ilk növbədə Paşinyandan narazı olan və təzəcə İrəvandan qayıdan prezident Putinin iradəsi dayanır...
*****
“Yeni Müsavat” bu yerdə xatırladır ki, cəmi iki həftə öncə - sentyabrın 23-də Nikol Pasinyanın ABŞ-a səfəri "fiasko" ilə başlamışdı. Belə ki, Paşinyanın Los-Ancelesə gəlişini nəzərə alan ölkəmizin bu şəhərdəki Baş Konsulluğu ona əsl sürpriz etmişdi. Konsulluq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda yerli əhalini geniş məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmasına ingilis dilində böyük hərflərlə “KarabakhisAzerbaijan! EndtheOccupation” (“Qarabağ Azərbaycanındır! İşğala son qoy!) şüarını daşıyan təyyarələr qaldırmışdı. Konsulluqdan yayılan xəbərdə deyilirdi ki, bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb. Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los-Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, çoxlu sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti haqda məlumatlanmasına səbəb olmuşdu.
İndi mənfur ermənilər də öz aləmlərində Azərbaycanın addımına bu şəkildə - havaya dron qaldırmaqla cavab verməyə çalışdılar. Ancaq əks-effekt alındı. Lüksemburqlu nazir çıxıb Azərbaycandan dərhal üzr istədi və ölkəsinin ərazi bütövlüyümüzə dəstəyini ifadə etdi. Los-Ancelesdə isə heç bir rəsmi azərbaycanlı bu tutarlı aksiyasına görə Paşinyan qarşısında üzr istəmədi. Çünki İlham Əliyevin də öz çıxışında vurğuladığı kimi, dünya, o cümlədən ABŞ aranlı-düzənli Qarabağlı Azərbaycanın ərazisi sayır. Yəni fərq göz önündədir.
*****
“Lavrovun son bəyanatında ən əsas odur ki, Rusiya ilk dəfə birmənalı şəkildə etiraf edir ki, Ermənistan işğal suçlusudur və Qarabağa əl uzadır. Söhbət faktiki, bundan gedir. Rusiya indiyədək heç vaxt erməni siyasətinin təcavüzkar yönü barədə belə açıq danışmamışdı”. "Yeni Müsavat"ın məlumatına görə, bu sözləri rusdilli Minval.az saytına politoloq Rasim Ağayev deyib.
Onun sözlərinə görə, Rusiya XİN rəhbəri belə bəyanat verməyə vadar edilib. “Məsələ ondadır ki, Rusiya Ermənistanın onunla hesablaşmaq istəməməsi ilə barışa bilməz. İrəvan isə Qərb kursundan imtina eləmək niyyətində deyil və Cənubi Qafqazda müstəqil oyun oynamağa çalışır. Və bu, təkcə onunla bağlı deyil ki, ermənilərə öz mifik böyüklükləri haqda, xüsusi rolları haqda nağıllar danışmaq xasdır. Bu, onunla bağlıdır ki, Ermənistan öz taleyini Qərbə bağlamaq istəyir. Bir şey demək olar: Moskvanın ənənəvi olaraq, Ermənistana, Güney Qafqazın xristian elektoratına oriyentasiyası hazırkı tarixi mərhələdə özünü doğrultmur”, - deyə politoloq qeyd edib.
*****
Sözsüz ki, Rusiyanın regionda kimə stavka eləməsi konfliktin həll perspektivi baxımından az önəm kəsb eləmir. Bütün hallarda Azərbaycan prezidentinin Soçi bəyanatı işğalçı ölkəyə aydın ismarışdır ki, Qarabağda müharibə hələ bitməyib və əgər Ermənistan onun üçün böyük fəlakətlərə gətirəcək dağıdıcı savaşdan qaçmaq istəyirsə, Qarabağ məsələsində konstruktiv mövqe tutmaqdan başqa yolu yoxdur. Əks halda, Azərbaycanla sürətlə silahlanma yarışında onun olan-qalan iqtisadiyyatı da köçəcək, iş qabiliyyətli əhali ölkədən daha sürətlə köç edəcək.
Bu, həmçinin Bakının “sürünən müharibə” taktikası ilə, torpaqların addım-addım azad edilməsi taktikasını davam etdirməklə düşmən ölkənin daha da taqətdən salınacağı deməkdir. Hansı “sürünən müharibə” ki, hər an böyük savaşa çevrilərək İrəvana çata bilər. Ermənistan rəsmiləri gərək yaddan çıxarmasınlar ki, atəşkəs on illərlə uzana bilməz və masa arxasında diplomatların bacarmadıqlarını adətən müharibə meydanında hərbçilər reallaşdırır. Azərbaycanın hərbçilərini, generallarını nəzərdə tuturuq.
“Dağlıq Qarabağ Ermənistanındır” deməklə Qarabağ Ermənistanın olmur. Ola bilməz. Bir də nida işarəsindən sonra heç bir durğu işarəsi gəlmir. Müharibə gəlir!..
“Yeni Müsavat”