Rusiyadan düşmən ölkəyə ortaq mesaj: “Qarabağ sizin deyil!” - TƏHLİL
5-10-2019, 10:42
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Soçidə “Valday” forumunda çıxışı edib və çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə ətraflı toxunub. Qarabağın tarixinə ekskurs edən, işğal edilmiş torpaqlarımızda etnik təmizlənmələrdən və vandalizm aktlarından danışan dövlət başçısı bir daha problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının yeganə ədalətli həll variantı olduğunu bəyan edib. Eyni zamanda, Ermənistan baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” açıqlamasına sərt münasibət bildirib.
“Mən Ermənistan baş nazirinin, təəccüb doğuran ”Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır",-deyə İlham Əliyev Forumun plenar iclasında çıxışı zamanı bəyan edib.Daha sonra o, Ermənistanın özünün də qanunsuz qurumu tanımadığına diqqət yönəldib. “Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi”, - deyə prezident bildirib.
İ.Əliyev onu da qeyd edib ki, Rusiya “Valday” forumu çərçivəsində Ermənistan tərəfinin Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlarına müvafiq reaksiya verib. Bundan əlavə,Azərbaycan prezidenti Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağ “xalqı”nın mənafeləri nəzərə alınmaqla məqbul olması barədə açıqlamasına da toxunub. Sitat: “Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ ”xalqı" üçün məqbul olmalıdır. Deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var",-deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
“Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur” - İlham Əliyev əlavə edib.
*****
Qeyd edək ki, Azərbaycan prezidentinin çıxışından bir gün qabaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov NikolPaşinyanın məlum bəyanatını ziyanlı, sülh prosesinə kömək etməyən mövqe kimi qiymətləndirdiyini söyləyib. Düzdür, Lavrov “Dağlıq Qarabağ Azərbaycanındır” da deməyib - baxmayaraq ki, beynəlxalq hüquq ondan bunutələb edirdi. Bununla belə, Lavrovun bu açıqlaması və narazılığı “Dağlıq Qarabağ Ermənistanın deyil” mənasına gəlir. Beləcə, Paşinyanın Qarabağ kursuna rəsmi Moskvanın neqativ yanaşması ortadadır. Bu narazılıq isə yalnızca Qarabağ konflikti ilə bağlı deyil. İlk növbədə erməni baş nazirin personasının Moskva tərəfindən həzm edilə bilinməməsi ilə əlaqədardır.
İstənilən halda həm Azərbaycan prezidentinin, həm də Rusiya XİN başçısının yuxarıdakı sözləri Soçidən işğalçı ölkə rəhbərliyinə “soyuq duş” effektli xəbərdarlıqlar sayıla bilər. Xüsusən də Azərbaycan dövlət başçısının prinsipial mövqeyi işğalçı tərəfə və onun havadarlarına, o sırada məxsusən separatçı rejimin dünyada təbliğatına aparan ermənipərəst qüvvələrə mesajdır ki, boşuna özlərini yormasınlar. Məsələn, “Valday” forumunda Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin müavini, ermənipərəst avantürist KonstantinZatulun də iştirak edir. O Zatulin ki, zaman-zaman separatçı qurumun “müstəqilliyinin” tərəfdarı kimi çıxış edir, bölgəyə qanunsuz səfərlər edir, Azərbaycanın ünvanına ittihamlar səsləndirir. İlham Əliyev çıxış edərkən o da forum iştirakçıəlarının arasında idi.
Odur ki, Zatulin kimilər də gərək birdəfəlik qulaqlarında sırğa eləsinlər ki, Azərbaycan dövlət başçısının müstəsna olaraq beynəlxalq hüquqa, Dağlıq Qarabağa dair BMT qətnamələrinə, digər mötəbər beynəlxalq təşkilatların sənədlərinə söykənən “Qarabağ Azərbaycanındır, Nida” bəyanatının daha bir anlamı odur ki, ərazilər dinc yolla qaytarılmazsa, o zaman Bakı müharibə hüququndan, özünü müdafiə hüququndan istifadə edib bunu güc yolu ilə reallaşdıracaq. Ümid etmək qalır ki, rəsmi İrəvan, nəhayət, “daşı ətəyindən” tökəcək və status-kvonu süni surətdə uzatmaq siyasətinə son qoyub konstruktiv danışıqlara köklənəcək - ələlxüsus da müharibə təhlükəsinin heç vaxt olmadığı qədər artdığı bir zamanda.
*****
“Həmsədr ölkələrdən məhz Rusiya Nikol Paşinyanın ”Qarabağ Ermənistandır" bəyanatı ilə razılaşmadığını bildirdi". Bunu politoloq Zaur Məmmədov deyib. O, Rusiya xarici işlər naziri Sergey LavrovunPaşinyanın sözügedən bəyanatına verdiyi cavabı belə şərh edib:"Paşinyanın məlum çıxışından sonra bildirmişdim ki, “Qarabağ Ermənistandır” bəyanatı Azərbaycana yox, Rusiyaya ünvanlanıb. Lavrov buna cavab verdi. Rus diplomatın cavabından görünən budur ki, Kreml üçün Qarabağ nə Ermənistandır, nə də Azərbaycandır. Hesab edirəm ki, Moskva hələ uzun müddət Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanılmasında maraqlıdır. Bir neçə il əvvəl Rusiyanın baş naziri Dmitri Medvedyev bunu açıq şəkildə bəyan etmişdi".
Zaur Məmmədov Lavrovun bu bəyanatının prezident Vladimir Putinin Paşinyanla görüşündən sonra Azərbaycan prezidentinin Soçiyə yola düşdüyü vaxta təsadüf etdiyinə diqqət çəkib: "Görünür, Rusiya lideri Ermənistana bərk qəzəblidir ki, Paşinyanın məlum bəyanatı verməsindən iki ay keçməsinə baxmayaraq, bu mövzuya qayıtdı".
Onu da qeyd edək ki, prezident İlham Əliyev “Valday” forumundakı çıxışı zamanı Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq mövzusuna da toxunub. Dövlət başçısı “İnterfaks”a bildirib ki, Bakı və Moskva hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək qərarına gəlib. “Bizim hərbi-texniki əməkdaşlığımı aktiv şəkildə davam edir. Bu gün (dünən-red.) biz razılığa gəldik ki, bu istiqamətdə işləri davam etdirək - baxmayaraq ki, Rusiya texnikasının alınması çərçivəsində imzalanan kontraktlar 5 milyard dollar təşkil edir və onun 3 milyardı artıq realizə olunub”, - deyə prezident qeyd edib.
Şübhəsiz ki, bu açıqlama da İrəvanda təlaşı artıracaq. Hərçənd Rusiya Azərbaycanın yeganə silah tədarükçüsü deyil. Bakı silahlanma strategiyasında şaxələnmə prinsipinə üstünlük verir və öz silah arsenalını həm də İsrail, Türkiyə, Pakistan, Belarus və digər dost-müttəfiq ölkələr hesabına mükəmməlləşdirir. Paralel surətdə özünün yerli hərbi-sənaye kompleksini inkişaf etdirməkdədir. Bütün bunlar həm də Azərbaycanın hərbi cəhətcə Rusiyadan asılılığını minimuma endirməyə hesablanıb ki, müharibə variantında bunun mühüm əhəmiyyəti var.Müharibə isə Ermənistan rəhbərliyinin naşı siyasəti üzündən artıq qaçılmaza çevrilməkdədir.
*****
“Həqiqətən, danışıqlar artıq heç bir nəticə vermir, heç bir irəliləyiş yoxdur, baş verənlərin günahı Ermənistan rəhbərliyinin üzərinə düşür və BMT-nin Nizamnaməsinə uyğun olaraq, Azərbaycan işğalçını öz ərazilərindən çıxarmaq haqqına sahibdir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a müsahibəsində Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyəti hazırda çox ciddi daxili və xarici təzyiq altındadır: “Ona qarşı istifadə olunan təzyiq rıçaqlarından biri də Qarabağ məsələsidir. Paşinyanı həmçinin Ter-Petrosyana yaxın olmaqda, eləcə də öz komandasında Ter-Petrosyanın bəzi adamlarına yer verməkdə ittiham edirlər. O, bu təzyiqlər altında hətta Serj Sərkisyan və Robert Köçəryandan da sərt mövqe ortaya qoymağa başladı. Köçəryanla Sərkisyan ”Qarabağ məsələsi artıq həllini tapıb, Qarabağ Ermənistan ərazisidir. Nöqtə" demirdilər. Əvvəlki hakimiyyətlər Azərbaycanla danışıqlara getməyəcəklərini, danışıqların Qarabağla Azərbaycanın aparılması gərəkdiyini iddia etmirdi. Yəni hazırda Paşinyanın mövqeyi əvvəlki hakimiyyətlərdən fərqli olaraq daha sərt, ancaq daha zəifdir. Bunun isə səbəbi odur ki, Paşinyanın hələ də güclü dayaqları yoxdur".
Politoloqa görə, belə zəif durumda Paşinyanın yeganə məqsədi öz hakimiyyətini qorumaqdır. “Biz Paşinyan hakimiyyətinə vaxt verdik. İl yarım gözlədik və nəticədə vaxt itirdik... İndi əsas məsələ odur ki, Qarabağla bağlı yeni strategiyanı ortaya qoyaq. Əvvəla, bu məsələyə institusional yanaşmaq lazımdır. Bu strategiyanı həyata keçirmək üçün bizə həm ordu, həm diplomatiya, həm güclü informasiya strukturu lazımdır. Bunları uzlaşdırmaq və koordinasiya etmək üçün dövlət qurumu olmalıdır. Bu sahə ilə bağlı mən müxtəlif təkliflər vermişəm. Bu institusional mexanizmləri yaradandan sonra biz yeni strategiyaya keçə bilərik.Açıq deyilməlidir ki, ermənilər artıq bizə başqa imkan qoymayıblar”, - deyə Eldar Namazov əlavə edib.
Məsələ də ondadır ki, işğalçı nəyi istəyəcəksə, onu da alacaq. Sülh, ya da müharibə onun seçimi olacaq. Dağlıq Qarabağ isə heç vaxt onun olmayacaq. Soçidən verilən mesajların qayəsi də elə budur... //musavat.com//