Qarabağda müharibə bunca yaxın olmayıb - danışıqlar bərpa olunmazsa...

12-10-2019, 09:06           
Qarabağda müharibə bunca yaxın olmayıb - danışıqlar bərpa olunmazsa...
Erməni toplumundan sülhə böyük təhdid: nə sülhə gəlir, nə də müharibə istəyir; rusiyalı politoloq: “Hərbi əməliyyatlar labüd olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə gətirəcək...”
Azərbaycan prezidenti İlham Əliyevin Soçidə, “Valday” forumunda Qarabağ mövzusunda etdiyi çıxışı konfliktin həllinə vasitəçilər timsalında yeni, daha ədalətli və daha konstruktiv yanaşmanın zəruriliyini qabarıq şəkildə ortaya qoyub. Gerçək bundan ibarətdir ki, Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” sərsəmləməsi danışıqlar prosesini faktiki, mənasız edib. Doğrudur, Paşinyan “Qarabağ Azərbaycanındır və nida işarəsi!” Bakıdan sərt və layiqli cavab alıb. Ancaq reallıq belədir ki, yekunda yenə İrəvanın günahı üzündən sülh şansı deyil, müharibə riski artıb, nizamlama prosesi tormozlanıb - hansı ki, hətta Rusiya xarici işlər naziri Sergey Lavrov səviyyəsində də etiraf edildi.

Bakının Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyi isə “Valday” forumundan sonra bir daha Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında bəyan edildi. Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşmanın olduğunu deyən prezident bu xüsusda bildirdi: “Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında bu cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin - canlı efirdə, Rusiyada, mötəbər ”Valday" Klubunun panelində dedim və bunu bütün dünya eşitdi".

İlham Əliyev çıxışında bir daha deyib ki, Azərbaycan ərazi bütövlüyü məsələsində Ermənistana heç bir güzəşt olmayacaq. “Ərazi bütövlüyü məsələsində güzəşt ola bilməz. Bu, danışıqların predmeti deyil və olmayacaq”, - deyə ölkə başçısı vurğulayıb və əlavə edib ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.

*****

İrəvan rəsmilərinin təxribatçı mövqeyi və bəyanatları ucbatından konflikt ətrafında yaranmış riskli durum, tormozlanan danışıqlar prosesi Ermənistanın ekspert və siyasi çevrələrində də ciddi müzakirə olunur. Düşmən ölkədə həm də prezident Əliyevin son çıxışından sonra müharibə ehtimalının daha da artmasından dolayı təlaş müşahidə olunmaqdadır.

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, erməni politoloq Artak Akopyan hesab edir ki, əgər Bakı əvvəllər Qarabağ məsələsində Nikol Paşinyanı müəyyən ümidlər bəsləyirdisə, Paşinyanla bağlı nikbin ovqatda idisə, indi artıq ondan məyusdur. Bununla yanaşı, erməni politoloq etiraf edir ki, son il yarımda Azərbaycan beynəlxalq arenada, xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrləri ölkələrinin hakim dairələrində öz mövqeyini ciddi şəkildə möhkəmləndirə bilib. Akopyan daha sonra belə qənaətə gəlib ki, Azərbaycan sülh danışıqlarına artıq Qarabağ konfliktinin həll vasitəsi kimi baxmır. Eyni zamanda, iddia edib ki, Azərbaycanda baş nazirinin əvəzlənməsi guya Bakının müharibəyə hazırlaşmasının daha bir sübutudur.

Erməni tərəfdən səslənən bu kimi arqumentləri şərh edən rusiyalı politoloq Vitali Arkov bildirib ki, rəsmi Bakının xarici siyasətdə son illər ciddi uğurlar əldə eləməsi fikri ilə razıdır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, PolitRus portalına açıqlamasında söyləyib.

Onun sözlərinə görə, erməni politoloq Bakının Nikol Paşinyanla bağlı məyus olduğunu söyləməkdə də haqlıdır və bunun da əsas günahkarı elə Paşinyanın özüdür. “Yeri gəlmişkən, Paşinyanla bağlı məyus olan təkcə Bakı deyil. Moskva da İrəvanla bağlı olduqca narahatdır - xüsusən də Soçidəki ”Valday" Diskussiya Klubunun iclasından sonra bu üzə çıxdı. Aydın idi ki, İlham Əliyevin sensasison bəyanatları onu qonaq kimi qəbul edən tərəflə (Rusiya ilə - “YM”) razılaşdırılmışdı. Və bu tərəf (Rusiya - “YM”) ona dəstək verdi", - deyə analitik qeyd edib.

Bununla belə, rusiyalı ekspert hesab edir ki, erməni tərəfinin Azərbaycanın baş nazirinin əvəzlənməsinin Bakının müharibəyə hazırlaşmasının sübutu kimi qələmə verməsi “dəsmalı ağrıyan başdan ağrımayan başa bağlamaq” cəhdidir: “Reallıq isə belədir ki, məhz Nikol Paşinyan və onun adamları yeni müharibədə maraqlıdır. Onlar üçün Bakını aqressor qismində təqdim eləmək vacibdir. O səbəbdən bunun üçün istənilən absurd bəhanəni axtarırlar”.

Analitikə görə, yeni müharibə əsla Ermənistan xalqına yox, Paşinyan və komandasına lazımdır. “Ermənistanın əksər əhalisi aydın şəkildə başa düşür ki, indiki reallıqlarda müharibə labüd olaraq işğal altındakı torpaqların əldən çıxmasına, Paşinyanın siyasi ambisiyaları naminə minlərlə insan ölümünə və sadə vətəndaşların daha da yoxsullaşmasına gətirəcək”, - deyə o əlavə edib.

*****

Bu arada Ermənistanda müharibə xofunun getdikcə artması müşahidə olunmaqdadır. Düşmən ölkədə hesab edirlər ki, Qarabağda irimiqyaslı müharibə heç vaxt bu qədər yaxın olmayıb. Çünki danışıqların dayandığını hər iki tərəf, eləcə də vasitəçilər təsdiqləyir. Artıq nəinki sülh danışıqları, heç onun imitasiyası da yoxdur. Bu mənada digər erməni politoloq Yervand Bozoyan yaranmış situasiyanı kifayət qədər təhlükəli sayır (Virtualaz.org).

“Son 20 ildə vəziyyət heç vaxt indiki kimi pis olmamışdı. Biz hamımız dərk edirik ki, danışıqlar ciddi uğur gətirmir, amma detalların müzakirəsi, tərəflərin mövqelərinin təqdim edilməsi, fikir mübadiləsi və mümkün nizamlama sxemlərinin hazırlanması üçün vacib idi”, - deyə o “Sputnik Armenia” agentliyinə açıqlamasında bildirib.

Bozoyanın fikrincə, bu gün erməni cəmiyyəti münaqişənin həllinə hazır deyil, amma müharibə də istəmir. O, danışıqlar prosesinin dayandırılmasında Ermənistan hakimiyyətinin rolunu təsdiq edib. Bildirib ki, baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını və Azərbaycan prezidenti İlham Əliyevin ona cavab olaraq Soçidə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını standart hesab etmək olmaz. Onun sözlərinə görə, indi Paşinyan beynəlxalq ictimaiyyəti əmin etməyə çalışır ki, həmin bəyanat daxili auditoriyaya hesablanıbmış.

Erməni ekspertə görə, danışıqlar prosesinin dayandırılması Bakıya hərbi əməliyyatlara başlamaq üçün mənəvi hüquq qazandıra bilər: “Çünki hərbi əməliyyatlara başlamaq üçün təkcə hərbi üstünlüyün olması kifayət deyil, bunun üçün beynəlxalq ictimaiyyətin neytral qalması da vacibdir”.

Bazoyan əlavə edib ki, Ermənistan hakimiyyəti daxili auditoriyaya ünvanlanmış bəyanatlar verməli deyil, çünki belə bəyanatlar xarici siyasətə zərbə vurur.

“Rusiya Paşinyana Lavrovun simasında Qarabağla bağlı ilk siqnalını verdi”. Bunu isə “168 Jam”a müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

“Lavrovun açıqlaması Nikol Paşinyana uzun illər davam edən danışıqlar prosesini məhv etməməsi ilə bağlı xəbərdarlıq idi. Rusiya tərəfi Paşinyanın bəyanatları qarşısında uzun müddət susdu və nəhayət, ilk siqnalını verdi. Ekspert kimi mən belə siqnalı gözləyirdim. Başqa sözlə desək, Moskva imkan verməyəcək ki, bu konflikt Paşinyanın müraciətindən çıxarılan tezislər əsasında Cənubi Qafqazda stabilliyi pozsun”, - deyə o bildirib.

Trofimçuk Paşinyanın qeyri-müəyyən siyasəti nəticəsində Azərbaycanın Rusiyanın strateji tərəfdaşına çevrilməsinin normal hal olduğunu deyib: “Rusiya burada heç bir balansı pozmur. Keçən ilin yazından balansı Ermənistanın yeni hökuməti pozur. Lap yeni pozuntular isə yoldadır”.

Söhbət yəqin ki, İrəvanın sülh prosesini daha da dalana salan addımlarından gedir. Lakin bu addımlar bumeranq kimi elə onun özünə qayıdacaq - Ermənistan üçün özünün bütün ciddi, ağır nəticələri ilə birgə. Necə ki, Paşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” sayıqlamasına Bakı artıqlaması ilə cavab verdi və işğalçı ölkə üçün danışıqlar masası arxasında daha əlverişsiz durum yarandı. Bu isə o deməkdir ki, Azərbaycan yaranmış əlverişli durumdan növbəti uğurlu hərbi əməliyyata başlamaq üçün yararlana bilər. Çünki o zaman baş verənlərə görə bütün günahlar Qarabağ danışıqlarını mənasız edən erməni tərəfinin üzərində qalacaq.

Artıq beynəlxalq birlik də gördü ki, Nikol Paşinyan və onun komandası Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesini irəli aparmaq potensialında deyil, bunu istəmir, əksinə kövrək prosesi də torpedalamaq kursu götürüb. Halbuki, təkcə rəsmi Bakı yox, beynəlxalq vasitəçilər, ABŞ və Avropa Birliyi Ermənistanın yeni rəhbərliyindən dünənə qədər öncəki iqtidarlardan fərqli olaraq daha konstruktiv addımlar atmağı, erməni xalqını sülhə hazırlamağı gözləyirdilər. Çünki Paşinyanın reytinqi sələflərindən fərqli olaraq, yüksək idi. Hələ ki, bu reytinq elə də aşağı deyil. Paşinyan daxildə hələ tam nüfuzdan düşməyib. Demək, sülh şansı da nəzəri olsa belə, qalır...



Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.