Siyahıyaalmada yaranan problemlər haqda - Rəsmi açıqlama
12-10-2019, 13:01
Xəbər verdiyimiz kimi, 1-10 oktyabr tarixində ölkəmizdə əhalinin siyahıyaalınması prosesi keçirilib. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilib. Bəziləri sayıcıların onların evlərinə getmədiklərini qeyd edərək, öz narazılıqlarını qeyd ediblər. Bu şəxslər arasında sıravi vətəndaşlardan tutmuş, sənət adamlarına qədər bir çox şəxslər var.
Bəz Azərbaycanda siyahıyaalma necə həyata keçirilir? Deyilənlər həqiqətə uyğundurmu?
Mövzu ilə əlaqədar Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, iddia edən şəxslər yaradılmış qaynar xəttə müracət edərək, öz müraciətlərini bildirə bilərlər. Operativ şəkildə onların siyahıyaalınması təmin ediləcək. (Qaynar xətt : (+994 12) 510-07-89, 539-54-44, 536-80-44):
“2019-cu ilin 1-10 oktyabr tarixlərində əhalinin növbəti siyahıyaalınması keçirilib. Okyabrın 10-u 24:00 anında ölkə üzrə əhali siyahıyaalınması başa çatıb. Yerlərdən daxil olan məlumata görə, əhali siyahıyaalmada fəal iştirak edib və əhalinin siyahıyaalınması başa çatıb. Lakin dünya təcrübəsində olduğu kimi, bizdəki siyahıyaalmada da bəzi hallarda siyahıyaalmanı həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getmələrinə baxmayaraq, ev təsərrüfatlarının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər.
Belə olan halda siyahıyaalmanın qaydalarına uyğun olaraq, işçilər tərəfindən evdə çətin tapılan şəxslərə məktub adlı sənəd tərtib edilib və ev təssərrüfatının yaşayış ünvanı üzrə giriş qapısına bərkidilib. Bundan başqa bir sıra hallarda sayıcının öz işini icra etmələri üçün şərait yaradılmayıb, yəni evdə olduqlarına baxmayaraq qapı açılmıyıb. Belə hallarda sayıcı o ünvanlara yenidən müraciət edib.
Mən bir şeyi də bildirmək istəyirəm ki, bəzən sayıcı qapını döyür, vətəndaş da evdə olmasına baxmayaraq, siyahıyaalmada iştirak etmir. Siyahıyaalma sorğudur, burda iştirak könüllüdür. Qayda belədir ki, bizim ölkədə siyahıya alma sorğu vasitəsilə birbaşa həyata keçirilir.
Mənə ən çox verilən sual odur ki, telefonla sorğu keçirilə bilərmi? Telefonla o zaman mümkündür ki, bildiriş gətirilir, qapıya qoyulur, orda nömrə qeyd olunur. Vətəndaş zəng edərək bildirir ki, mümkünsə mən telefon vasitəsilə evdən cavablandırım. Belə olan halda sorğu telefon vasitəsilə keçirilə bilər. Amma təkcə bu halda mümkündür”.
Qurum rəsmisi həmçinin sosial şəbəkələrdə deyilən fikirlərə də aydınlıq gətirib:
“Sosial şəbəkələrdə bəziləri yazırlar ki, bizim evimizə gəlmiyiblər və s. müxtəlif iddialar səsləndirirlər. Bununla bağlı bildirm ki, bizdə qaynar xətt yaradılıb. Müvafiq nömrələrdə saytımızda yerləşdirilib. Əgər kimsə siyahıyaalmada iştirak etməyibsə, ya da hansısa çatışmazlıq varsa, çox xaiş edirik, bizə müraciət etsinlər. Siyahıyaalmada iştirak etməyənlərlə bağlı onu bildirim ki, məlumatların keyfiyyətini təmin etmək məqsədilə 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri başladılıb”.
E.Quliyev bildirib ki, nəticələr 2022-ci ilədək açıqlanacaq.
“Siyahıyaalınmanın yekunları yerlərdə noyabrın 15-dən sonra bizə təqdim olunacaq. Siyahıyaalınmanın ilkin nəticələri ilin sonuna kimi elan olunacaq. Yekun məlumatlar siyahıyaalma qrupuna verildikdən sonra sonrakı proses üçün işə qəbul edilmiş operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, prosesin məntiqi yoxlanılmasına başlanılacaq. Siyahıyaalmanın nəticələri və bu haqda çap oluncaq külliyat 2021-ci ildən başlayaraq, 2022-ci ilədək davam edəcək.
Ölkədə olmayan vətəndaşlarımızın siyahıyaalınması barəsində xüsusi qaydalar mövcuddur. Bununla bağlı sənədləri Xarici İşlər Nazirliyinə təqdim etmişik. Bu şəxslərin siyahıyaalınması Xarici İşlər Nazirliyinin konsulluqları və səfirlikləri vasitəsilə həyata keçirilir.
Siyahıyaalma könüllü olduğundan vətəndaş öz milliyətini necə tədqim edəcəksə, elə də qeyd olunacaq, bunun üçün xüsusi sənədə ehtiyac yoxdur.
Sosial şəbəkələrdə müəyyən bir fikir səsləndirən adamları iddiaçı kimi qəbul edirik. Bununla bağlı bizə müraciət etsinlər, qaynar xəttimizdə mövcuddur. Bizdə bunu araşdıraq və siyahıyaalmanı təmin edək.
Bu prosesə ümumilikdə, 43 min adam cəlb olunub”.