Silahlı Qüvvələrə qarşı DÜŞMƏN YANAŞMASI: "Bəzi kar və kor məmurlar..."
18-12-2019, 00:40
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov vaxtsız həyatdan köçən hərbi qulluqçuların aldıqları məvacib və ya pensiya, təqaüdü onların həyat yoldaşlarının adlarına sənədləşdirilməsi ilə bağlı müraciət yayıb. Nazir, komitə sədrləri və xidmət rəhbərlərinə müraciət edən hərbi ekspert yazır:
"Əziz dostlar! Hörmətli həmkarlar!
Son vaxtlar şəxsən məni ən çox narahat edən, daim düşündürən məsələlərdən biri aşağıda haqqında danışılan anlaşılmazlıq və kökündən yanlış bir vəziyyət idi. Tanıdığım bir neçə zabit dostumuz- polkovnik-leytenant Səməd Səmədzadə, polkovnik-leytenant Abış Abışov və onlarla digər rəhmətlik dostlarımızın ailə üzvləri onlar vaxtsız həyatdan köçəndən sonra faktiki taleyin ümidinə buraxılmışdılar. Əvvəlki illərdə, əgər ailə başçısı olan zabit və ya gizir, həmçinin MAXE əgər bu və ya digər səbəblərədn dünyasını dəyişirdilərsə, onların aldıqları məvacib və ya pensiya, təqaüd onların həyat yoldaşlarının adlarına sənədləşdirilirdi. Qanunla bu 100 faiz olmasa da, hardasa 70-80 faiz pul vəsaiti ailə başçısını itirən həyat yoldaşının, ailə üzvünün adına sənədləşdirilirdi. Sonradan isə Dövlət Sosial Müdafiə Fondunun və onların başında duran hansısa başıxarab və səfeh məmurun təklifi ilə bu qaydaya əndrabadi dəyişilik edildi. Yəni, sadə dillə desək, bütün ömrünü-gününü zabitin, gizirin, MAXE-nin dövlət üçün xidmətinin yüksək səviyyədə keçməsinə sərf edən ailə üzvü yalnız əlillik dərəcəsi olduğu halda mərhum ailə başçısının məvacibinin və ya pensiyasının cüzi hissəsini almaq hüququna malik olurdular. Bu da faktiki ailə başçısını itirmiş xanımlar üçün dəhşətli bir zərbə idi.
Biz bu məsələni dəfələrlə müvafiq qurumlar qarşısında qaldırmağımıza baxmayaraq nədənsə bəzi kar və kor məmurlar bizi eşitmək istəmirdilər. Hətta fəaliyyətinə xitam verilmiş Milli Məclisin bəzi üzvlərinə də biz təkidlə müraciət edirdik ki, bu məsələni həll etmək lazımdır. Əslində bu vəziyyətin özü dövlətə qarşı çox böyük təxribat və ağılsızlıq idi. Hansı cavan qız və ya gəlin razılaşardı ki, o ömrünü dövləti üçün sərf edən hərbçiyə bağlayan, günlərin birində isə əri, ailə başçısı dünyasını dəyişsin və onun faciəvi günləri başlasın. Bunun özü Silahlı Qüvvələrə qarşı bir düşmən yanaşması idi. Çox şükürlər olsun ki, qaldırdığımız məsələyə nəhayət ki, ölkə başçısı, Ali Baş Komandan reaksiya verdi və 2020-ci ilin yanvarın 1-dən bu məsələ həllini tapacaq. Ancaq bir vacib məsələ qalır.
Hörmətli nazir, komitə sədrləri və xidmət rəhbərləri! Bu arada dünyasını dəyişmiş hərbçi dostlarımın ailə üzvlərinə mütləq mənada real dəstək və köməklik göstərilməlidir. Bu çox prinsipial məsələdir. Ən əsası isə, dünyasını vaxtsız dəyişmiş dostlarımız və yoldaşlarımızın qarşısında mənəvi borcumuzdur.
Allah vaxtsız dünyasını dəyişmiş dostlarımıza rəhmət eləsin!
Tanrı Azərbaycanımıza müdrik və ağıllı məmurlar nəsib etsin!
Bu statusumu imkan daxilində bütün dost və tanışlarımıza çatdıraq və yayaq."
Miq.Az