Malik Həsənov: “2004-cü ildən ÜDM istehsalının artımında ən yaxşı göstərici Azərbaycanda qeydə alınıb”
18-12-2019, 08:02
Milli Məclisin deputatı Malik Həsənov/Foto “celilabad-ih.gov.az”dan götürülüb.
Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytının yazdığına görə, Milli Məclisin deputatı Malik Həsənov deyib: “2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb”.
Teref.az yazır ki,“Fakt Yoxla” millət vəkilinin iddiasının doğru olub-olmadığını araşdırıb.
Öncə qeyd edək ki, Malik Həsənovun haqqında danışdığı ümumi daxili məhsul (ÜDM) iqtisadiyyatın əsas göstəricilərindən biridir. ÜDM müəyyən müddət ərzində bir ölkədə istehsal edilmiş son əmtəə və xidmətlərin bazar dəyəridir. Bu göstərici dövlət tərəfindən təmin edilən müdafiə və təhsil xidmətlərini də əhatə edir.
Ölkə iqtisadiyyatının obyektiv analizi zamanı nominal ÜDM-lə yanaşı istehsal olunan sənaye məhsullarının həcmi, alıcılıq qabiliyyəti pariteti və ÜDM-in real artım tempi nəzərə alınır. Real ÜDM-in hesablanması hər hansı istehsal məhsulunun qiymətindən asılılığını aradan qaldırmaq üçündür.
ÜDM müvafiq ölkənin statistik və ya iqtisadi qurumları tərəfindən hesablanır. Bu məlumatlar metodologiyalarından asılı olaraq, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin Statistika Bölməsi tərəfindən də toplanır.
ÜDM istehsalında ən çox artım
İl Dünya Bankı BVF BMT
2004 Timor-Leşte İraq Timor-Leşte
2005 Timor-Leşte Azərbaycan Timor-Leşte
2006 Timor-Leşte Azərbaycan Timor-Leşte
2007 Azərbaycan Azərbaycan Liberiya
2008 Nauru Nauru Nauru
2009 Əfqanıstan Əfqanıstan Zimbabve
2010 Makao (Çin) Makao (Çin) Makao (Çin)
2011 Makao (Çin) Eritreya Makao (Çin)
2012 Liviya Liviya Liviya
2013 Nauru Nauru Nauru
2014 Nauru Eritreya Nauru
2015 İrlandiya İrlandiya İrlandiya
2016 Şimali Marian adaları İraq İran
2017 Liviya Liviya Liviya
2018 Ruanda Liviya məlumat yoxdur
Dünya Bankının məlumatına görə, Azərbaycan 2004-2018-ci illərdə yalnız bir dəfə, BVF-in məlumatına görə isə 3 dəfə birinciliyə düşüb. BMT-yə görə isə Azərbaycan ümumiyyətlə birinci olmayıb.
Hər bir təşkilat ÜDM artımını öz metodologiyasına uyğun hesablayır. Bu fərq də ona görə yaranır. Məsələn, BVF və Dünya Bankı 185, BMT isə 192 subyekti öz hesablamalarına daxil edir. Amma təşkilatların hesablamaları arasında çox da ciddi fərq olmur. 2004-2007-ci illərdə hər üç təşkilata görə, Azərbaycan dünya üzrə ÜDM istehsalının ən çox artdığı ölkələrin üçlüyünə daxil idi.
2010-cu ildə həm BVF, həm Dünya Bankı, həm də BMT Makaonu dünya birincisi seçib. ÜDM artımına görə, 2013-cü ildə Nauru, 2017-ci ildə Liviya bu göstəriciyə nail olub. Dünya Bankı və BMT-nin məlumatına görə, 2004-2018-ci illərdə Timor-Leşte və Nauru da 3 dəfə birincilik əldə edib.
Qeyd edək ki, Malik Həsənovun açıqlaması ancaq BFV-in metodologiyasına uyğun hesablamaları əhatə edir. Bu təşkilata görə, Azərbaycan ÜDM istehsalı artımında birinciliyə 3 dəfədən çox yox, məhz 3 dəfə nail olub.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Malik Həsənovun açıqlaması faktlarla manipulyasiyadır.
Teref.az