Bəzi provayderlər niyə işləmir? - Olmayan internetə inanaq ya Rabitə nazirliyinin absurd cavabına

22-04-2020, 14:23           
Bəzi provayderlər niyə işləmir? - Olmayan internetə inanaq ya Rabitə nazirliyinin absurd cavabına
Ötən gündən etibarən ölkə ərazisində internetin verilməsində ciddi problemlər qeydə alınır. Dünən axşama doğru “Delta Telekom”da olan problem aradan qaldırılsa da, bu gün səhər saatlarından bir neçə provayderin xidmət göstərə bilmədiyi ortaya çıxıb.

Hazırda “Azəronlayn”, “Aztelekom” və “Bakinternet” abunəçilərinin internetə çıxış imkanları məhdudlaşıb. Axr.az-ın sorğusuna cavab olaraq isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova yenə də internetə çıxışda hər hansı problem olduğunu qətiyyətlə inkar edib.

“Məlum olduğu kimi, COVİD-19 virusunun yayılması ilə mübarizə çərçivəsində ölkədə, xüsusilə paytaxtda bir çox şirkətlər onlayn rejimdə fəaliyyət göstərir və dərslər onlayn qaydada keçirilir. Bununla əlaqədar genişzolaqlı şəbəkənin yüklənməsində əhəmiyyətli dərəcədə artım müşahidə edilir.

Bəzən seçdiyi xidmətlər və ya evində yerləşdirdiyi paylayıcı qurğuların vətəndaşın bu müddət ərzində artan tələblərinə cavab verməməsi hallarına rast gəlinir. Mütəxəssislərimiz istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər.

Bununla yanaşı göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkə ərazisində internetlə təminat keyfiyyətli və davamlı şəkildə həyata keçirilir”, – nazirlik sözçüsü deyib.

Qeyd edək ki, ötən gün nazirlik sözçüsü bu sözləri deyərkən də “Delta Telekom”da baş verən ciddi problem səbəbindən ölkədə fəaliyyət göstərən bir neçə internet saytına giriş dayandırılmışdı və “Delta Telekom”dan internet götürərək, paylayan provayderlərin də işi tamamilə bloklanmışdı.

İnternet olmadığı və “Delta Telekom”un öz abunəçilərinə problemin aradan qaldırılması üçün çalışdığı haqda məlumat verdiyi halda nazirlik əməkdaşının bu cür məlumatsızlığı və yaxud absurd cavabı təəccüb doğurur.

Bir daha vurğulayaq ki, hazırda bəzi provayderlərin internet fəaliyyəti hələ də bərpa olunmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.