Gəl, indi baş sındır görüm icbari nədir, zəruri nədir... - Qanunda işlədilən termin ikili məna daşıya bilməz
4-01-2016, 12:44
Xəbər verildiyi kimi Azərbaycanda birinci sinfə gedəcək uşaqların məktəbə hazırlığının zəruri olması ilə bağlı tələb yeni qanuna daxil edilib. “Qafqainfo”nun məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Trend-ə bildirib ki, bu məsələ yeni hazırlanan “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində nəzərdə tutulur. Qeyd edək ki, indiyə qədər uşaqların məktəbəqədər hazırlığı ilə bağlı ayrı-ayrı qaydalar, müxtəlif qərarlar və təlimatlar olsa da, məsələ qanun çərçivəsində həll ediməyib. Məsələyə tanınmış təhsil eksperti Nadir İsrafilovun münasibətini təqdim edirik.
Nadir müəlim, ilk öncə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ilə bağlı fikirlərinizi oxucularımızla bölüşməyinizi istərdik.
Bilirsiniz, belə bir qanunun gec-tez qəbul olunacağı çoxdan gözlənilən idi. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 №-li Fərmanı ilə təsdiq olunmuş “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” çərçivə qanunu olduğundan “orta ümumtəhsil məktəbi”, “texniki-peşə təhsili”, “ali məktəb”, “elm siyasətı”, o cümlədən də “məktəbəqədər təhsil haqqında” ayrıca sahə qanunlarının qəbul ediləcəyi qabaqcadan nəzərdə tutulmuşdu. Təəssüf ki bu qanunlardan bir çoxunun layihələri bəyan edildiyi kimi çoxdan hazır olmasına baxmayaraq, bunların müzakirəsi parlamentin bir sessiyasından digər sessiyasına keçirilmış, sonra isə bizə məlum olan və olmayan səbəblərdən gündəlikdən çıxarılmışdı.
Elm və təhsil komitəsinin sədr müavininin sözlərinə görə, bağçalarda uşaqların məktəbə hazırlığı zəruridir. Bəzən buradan bir fikir irəli gəlir ki, əgər uşaq hər hansı bir hazırlıq keçməyibsə, məktəbə qəbul edilə bilməz. Bu düzgün fikir deyil, çünki burada söhbət icbarilikdən getmir, zərurilikdən gedir.
Açığını deyim ki, bu fikirdə elə mənim özüm ücün də müəyyən anlaşılmazlıqlar var.Əgər burada söhbət icbarilikdən deyil zərurilikdən gedirsə, bəs onda icbarilik nədir? Məlumdur ki, söhbətini apardığımız Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il, 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası “nın tələblərini özündə ehtiva edir. “Dövlət Strategiyası “nın “Strateji hədəflər və tədbirlər” bölməsinin 3.1.2.1. maddəsi isə məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması tələbini nəzərdə tutur. Göründüyü kimi, “Dövlət Strategiyası“nda “icbarilik”, “Məktəbəqədər təhsil haqqında” qanunda isə “zərurilik” ifadəsinin işlədilməsi, bu sözlərin fərqli anlam daşıması təsəvvürləri yaradaraq cəmiyyətdə müəyyən şaşqınlığa səbəb olacaqdır. Baxmayaraq ki, bunlar hələ gələcək hədəflərdir, artıq belə bir şaşqınlıq müşahidə olunur.
Bəlkə, məsələyə tam aydınlıq gətirmək üçün fikrinizi bir az da genişləndirəsiniz ?
Mən dilçi deyiləm. Bununla belə onu deyə bilərəm ki, məsələn, rus dilində “obyazatelnaya” sözü deyək ki, konkret olaraq təhsilin məcburiliyini ifadə edirsə, biz məcburi sözünü icbari sözü ilə əvəz etməklə təhsildən yayınanların sayını xeyli artırdıq. Çünki, icbari və ya zəruri zözləri lüğətimizdə bir mənalı şəkildə öz ifadəsini tapmayib, və bu sozlərə istənilən baxımdan yanaşma mümkündür. Azərbaycan dilinin izahlı lüğətinə əsasən dilimizdə zəruri sözü aşağıdakı anlamlarda işlənilir: ən lazımlı, ən vacib, onsuz keçinilməsi mümkün olmayan, labüd, istər- istəməz olacaq, məcburi, mütləq. Bu sözün ərəbcədən tərcüməsi isə belədir: ən lazımlı, ən gərəkli, ən vacib. Buradan açıq aydın görünür ki, “zəruri” sözündə heç bir istisnalıq yoxdur. Başqa sözlə, istənilən halda uşağın məktəbə hazırlıq dövrünü keçməsi labüddür.
Digər tərəfdən “Strategiyada” qeyd edildiyi kimi məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi də aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Bu halda məcburilik deyil, könüllülük prinsipi nəzərdə tutulacaqsa, Strategiyanın hədəf kimi müəyyənləşdirdiyi 3.1.2.2. erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması tələbi kağız üzərində söz olaraq qalacaq.
Bir də ki, kim zəmanət verə bilər ki, “zəruri” sözündən “məcburi” kimi istifadə etməyənlər olmayacaq. “Məktəbəqədər təhsil haqqında” qanun hələ qüvvəyə minməmiş, artıq bir cox məktəb rəhbərləri və məktəbəqədər hazırlıq keçməyən uşaqların valideynləri arasında birinci sinfə qəbulla bağlı problemlər yaşanmaqdadır.Görünür, Qanun qüvvəyə minənədək, birmənalı qəbul edilə biləcək daha anlaşıqlı termin haqqında düşünülməlidir.