“Əcəb olur sizə, niyə nəfəs alırdız?” tipli danlağı eşidəcəyimizə də əminəm – Sevinc Telmanqızı
22-06-2020, 08:53
Sizi deyə bilmərəm, mən hər dəfə Operativ Qərargahın mətbuat konfransında bir vətəndaş olaraq danlanmasam, özümü rahat hiss etmirəm, həyatımda nəsə əskikdir kimi oluram. Komediya ustası Cem Yılmaz demişkən, “şu portağal suyunu içmədən uçamıyorum”.
Şüurlu həyatımızın ən çox danlandığımız dönəmi oldu son iki ay. Ünvanımıza nələr deyilmədi ki. Nə məsuliyyətsizliyimiz qaldı, nə eqoistliyimiz. Nə qədirbilməzliyimiz qaldı, nə də cahilliyimiz. Hər konfransa çıxan özündə bu camaatı tənqid etməyə güc tapdı, qüvvə tapdı, haqq tapdı. Biri dedi, sizə görə işləyirik, gözünüzdən gəlsin. O biri dolayısıyla eyham vurdu ki, “məncə, ölsək, yaxşıdır”.
Hətta və hətta Xarici İşlər naziri Elmar Məmmədyarovun balalarının 4.5 milyonluq London villaları barədə “öz şəxsi işidir, özü bilər” deyən nazirliyin mətbuat sözçüsü də ötən həftəki konfransda yumdu gözünü, açdı ağzını. Məlum oldu ki, ellikcə “tfu, püf” vətəndaşlarıq, elə korona yaxşı olub, bizim canımıza daraşıb. Hətta bir az gecikib...
Amma bir Allahın bəndəsi o konfranslarda durub sual eləmədi ki, ay bacılar, ay qardaşlar, iki həftə dalbadal ikigünlük küçəyə çıxma yasağını siz tətbiq etmədiz? Etdiz. Siz qərar verdiz, biz də riayət etdik də. Hamı yayın cırhacırında quzu kimi evində oturdu. Bir tək Yasamal olayı oldu, ara yerdə polislə vətəndaşı üz-göz elədiz. Amma o da virusun yayılma səbəbi ola bilməzdi. Hansı müəssisəni “bağla” dediz bağladılar, haranı “aç” dediz açdılar. Bu təcrübələri bir-bir camaatın başına açan sizsiz. Yəni, vətəndaş dediyiniz sizin qaydalardan kənara çıxmayıb. Maskasını ağzından çıxarmır qorxusundan, koronavirusun “ka”sı səslənən kimi çantasındakı spirtlə çimir az qala. Hamı xəstəlik xəstəsi olub. Rəqəm niyə azalmır, artır? Bunun səbəbini bir də verdiyiniz bu elastik qərarlarda axtarsaz olmazmı? Hə, cavab bəllidir: vətəndaş savadsızdır.
TƏBİB-in rəmisi Yaqut Qarayeva deyir ki, ölkəmiz müharibə şəraitində olduğu üçüb çarpayı sayını açıqlamırıq.
Bəs yaxşı, virusdan ölən və yoluxanların sayını niyə açıqlayırsız? Müharibə şəraitinin çarpayı sayına nə dəxli var axı? İnsanlar Təcili Yardım deyib, mələyir, müraciətlərə günlərlə cavab verən yoxdur. Deyirlər, evdə müalicə olunun. Amma deyən yoxdur ki, nəylə, necə müalicə olunun. Bütün tanıdığımız həkimlər vatsaplarını deaktiv ediblər – müraciətlərin əlindən. Ölkənin o qədər sayda müalicə diaqnostika mərkəzi, xəstəxanası var, amma məlum olur ki, xəstələr yerləşmir. Bəs o müəssisələrə zamanında ətək-ətək tökülən pullar? Vüqar Səfərlidən yeyintilərə görə 100 min manatı geri alan antikorrupsiya idarəsi bir zəhmət səhiyyə müəssisələrinə də yoxlama göndərsinmi?
Adamlar Almaniyadan test alıblar guya.
Amma bu testlərin cavabı bizdə 3 gün sonra, Almaniyada isə bir neçə saata açıqlanır. Niyə? Çünki vətəndaş anlaqsızdır. Almaniya demiş, o gün rəqəmlər açıqlandı. Demək, 82 milyon əhalisi olan Almaniyada koronavirusa yoluxanların sayı günlük 700 nəfər, 10 milyon əhalisi olan Azərbaycanda isə yoluxanların sayı günlük 472 nəfər. Noldu, bəs deyirdiz Almaniya dağılır? Sonra da inciyirsiz ki, camaat sizin milli efirdən dediklərinizə şübhə edir. Bu rəqəmlərdən dolayı ola bilər?
Ötən həftə rayonlara gedənlərin qarşısını almaq üçün torpaq yolları traktor salıb qazıblar. Bəs bizim şanlı vətəndaşlarımız bunu cavabsız qoyarmı? Gecəynən o çuxurların hamısını əl birliyi ilə torpaqla doldurub elə yolla da davam ediblər. Gecə çəkilən o videolara baxdım, komediya filmi qədər əyləncəli idi. Niyə? Çünki demokrasidə çarələr tükənmir, hər qaranlıq gecənin bir sabahı var və sair. Amma bir şüurlu insan bu qərarı verənlərə izah etməmişdi ki, paytaxtı boşaltmaq lazımdır. İşə, məktəbə getməyən insanlar rayonlarda ev-eşikləri varsa ora yollanmalıdır. Bunlar bu şəhərdə qaldıqca yoluxma daha da artacaq. Axı kim kefindən arvad-uşağını maşına doldurub, istidə 300-400 kilometr məsafə qət edər? Bunların yolunu kəsəcəyinizə, dəftər-kitabla kimin rayonda evi-eşiyi varsa, müəyyən edin. Kənddəki evinə köçmək istəyənlərə “yaxşı yol” deyib yola salın. Görək burda qalanların başına nə iş gəlir.
Özümüzü təcrübə dovşanı kimi hiss etməyimiz üçün yetərincə səbəb var.
Çünki bir stabil qərar yoxdu ortada: bizi evə qapatma qərarı verən də bunlar, sonra yoluxma sayı azalmadığı üçün bizi danlayan da bunlar. İş yerlərini bağlayan da bunlar, insanları “məsuliyyətsiz” adlandıran da bunlar. Avtobusları, metroları açıb, camaatı bir-birinin belinə dırmaşdıran da bunlar, o sərnişinləri danlayan da bunlar. Dərsini sellər-sular kimi əzbərlədiyi, nümunəvi davrandığı halda daim küncə qoyulan şagirdlərin vəziyyətinə düşmüşük. Bir azdan az qala “ əcəb olur sizə, niyə nəfəs alırdız?” tipli danlağı eşidəcəyimizə də əminəm.
Dünən əksər tanışlar “karantin öncəsi son...” tipli paylaşımlar edirdi sosial şəbəkədə. Kimi çimərliyə gedirdi, kimi kafeyə, kimi piknikə... İçi özüm qarışıq sanki həyat yenidən dayanacaq əhvalında idim. 15 gün həyat dayanacaq, yoxsa daha çox davam edəcək... dilemması hamıya hakim kəsilmişdi. Nostradamusluq etmək istəmirəm, amma bu sms-li icazə 15 gündə bizə tıxaclı yollar, postlarda keçən zəhlətökən dəqiqələr olaraq geri qayıdacaq. Yenə camaat posta yaxınlaşan kimi sms yazıb icazə alacaq, yenə işsiz-gücsüz adamlar bir yolunu tapıb küçələrə tökülüşəcək. Axırda nolacaq? Yenə brifinqə çıxıb, bizi danlayacaqlar.
Amma bir ricam var: yeni və daha kreativ tənqidlər gözləyirik. Əvvəlkilər təsir etmir daha...
Sevinc Telmanqızı
pravda.az