"Məhəmmədhəsən Hacınski və Məhəmmədəmin Rəsulzadə olmaqla ən böyük səhvi Osmanlı sədr-əzəmi Tələt Paşanı dinləməmələri idi."

22-06-2020, 09:10           
"Məhəmmədhəsən Hacınski və Məhəmmədəmin Rəsulzadə olmaqla ən böyük səhvi Osmanlı sədr-əzəmi Tələt Paşanı dinləməmələri idi."
Tarixçi Vasif Qafarov ötən həftə "SPACE TV"in efirində yayımlanan “Sadə həqiqətlər” verilişində Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı bir sıra məqamlara toxunub. O, İrəvanın Ermənistana güzəştə gedilməsini tarixi yanlışlıq kimi dəyərləndirib.
Vasif Qafarovun səsləndirdiyi bu kimi fikirlər digər tarixçilər tərəfindən birmənalı qarşılanmayıb.
Həmkarları onu tarixi məqsədli şəkildə təhrif etməkdə və verilişdən sonra bu məsələ haqqında açıqlama verməməkdə ittiham ediblər. Konkret olaraq Firdovsiyyə Əhmədova və Boran Əziz Vasif Qafarovu ciddi tənqid ediblər.


Firdovsiyyə Əhmədova isə sosial şəbəkə hesabında bildirib ki, “Sadə həqiqətlər”in missiyası uğursuz olub: "Missiyanı yerinə yetirənlərin məqsədi iflasa uğradı, təbii olaraq əks nəticə doğurdu. Cəmiyyətə həqiqət adına təlqin etdirilməyə cəhd edilən mülahizələr təzadlığı, bəsitliyi, qərəzliyi ilə tarixi bilgisi cüzi olan şəxsdə belə ən azından kinayə doğura bildi. Cümhuriyyət qurucularının mürəkkəb bir şəraitdə taleyüklü məsələlərin həllində tutduqları mövqeyi imtiyazlı kürsüdən gözə görünməyən aparıcının ( bəlli bilinsə də, kim olduğunun əhəmiyyəti yoxdur, çünki belə xidmət sahibləri yetəri qədərdir) ittihamçı ədası ilə “sadə” tərzdə xülasələndirmək məharəti acı istehzadan savayı bir reaksiya doğura bilməz.
Həqiqətin sadəsi, mürəkkəbi olmur. Həqiqətin bir üzü olduğu üçün çox zaman acı hisslər yaradır, amma “Space” tv kanalında iyunun 19-da təqdim olunan “Sadə həqiqətlər”in yaratdığı hiss veriliş müəllifi adına əhəmiyyət verilməyəsi bir boşluq tutumlu idisə, müsahib həmkarımız adına dərin bir ağrı idi ki, məhz bu reaksiyanı verməyimə səbəb oldu.
Tarixçi-tədqiqatçının vəzifəsi tarixə nə vəkillik etmək deyil, nə də tarixi ittiham etmək. Elmilik prinsipləri hakimiyyətin niyyətindən, cəmiyyətin arzusundan ali tutulanda irəli sürülən müddəalar qərəzli və məqsədli qarşılana bilməz. Verilişdə müasirliklə aparılan müqayisələr, daha dəqiqi 100 il əvvələ kobud bayağı müdaxilələr gülünc “şərhçilik” fonunda müsahib həmkarım adına yumşaq söyləsəm məyusluq yaratdı. Elminə, savadına, qabiliyyətinə dəyər verdiyim həmkarımın daha dərin məyusluq keçirdiyini güman edərək belə hadisələrin təkrarlanmaması məqsədilə ibrət götürməyi lazım bilirəm: xalqın faciəli tarix səhifələri üzərindən siyasi möhtəkirlik etməyə təşviq edənlərə qarşı qəti mövqe bildirmək! Siyasi möhtəkirlərin elmə müdaxiləsinə imkan verməmək, mənəvi, elmi, eləcə də siyasi əxlaqa zidd olduğunu daim diqqətdə saxlamaq!

Siyasi möhtəkirlərin diqqətə almalı mühüm bir məqam var: daxildə düşmən axtarmaq xarici düşmənləri nəinki sevindirir, növbəti həmlələri üçün zəmin yaradır. Daxildə düşmən ovuna çıxmaqdansa, cəmiyyətin mənəvi birliyinə hədəflənmək lazımdır. Bunun yolu zor və təhdiddən deyil, sağlam düşüncədən, real yanaşmadan, tərəfsiz təhlildən, ədalətli davranışdan keçir.
Cəmiyyətimizi mütəşəkkil edə biləcək real, həm də zəruri bir platforma mövcuddur: Ərazilərimizin azadlığı uğrunda mübarizə! Bu müstəvidən kənara çıxmaq istəyən ölkə vətəndaşının olması istisna sayıla bilər. Belə zəmində vətəndaş birliyi zamanın tələbi, xalqımızın yeganə qurtuluş imkanıdır".

Modern.az olaraq, məsələyə aydınlıq gətirmək üçün Vasif Qafarovun özü ilə əlaqə saxladıq. O, internet imkanlarının məhdud olduğunu və həmkarlarının paylaşımlarını oxuya bilmədiyini söyləyib.
Vasif Qafarov haqqındakı ittihamlarla tanış olduqdan sonra bunları deyib: "Mən rayondayam və internet imkanlarım məhduddur. Dostlar zəng edib, həmkarlarımın məni tənqid, hətta bəzilərinin təhqir etdiyini dedilər. Hesab edirəm ki, həmin tarixçilər mənim fikirlərimdən çox, aparıcının müdaxilələrini və verilişin anonsunu izləyiblər. Boran Əziz Kommunist Partiyasını tədqiq edib. Firdovsiyyə Əhmədova isə sovet dövrünün tədqiqatçısı olub. Onların heç biri Cümhuriyyət dövrünün mütəxəssisi deyillər. Əgər hər hansı elmi müzakirə açmaq istəyirlərsə, mən buna hazıram.
Verilişdə çəkiliş 1 saat yarım olub. Efirə isə cəmi 29 dəqiqə 11 saniyə verilib. Yəni çıxışımın 1 saatı montajda kəsilib, atılıb.
Bu mənada anlaşılmazlıqlar yaranıb. Təbiidir. İndi tarixçilər deyil, hətta dilçilər də reaksiya verirlər. Onları da normal qəbul edirəm. Cümhuriyyət dövrünə münasibətdə emosialılıq var.
Sanki hər şey düz idi və s. Amma mən o verilişdə nə demişəmsə, hər bir cümləmin arxasında arxiv sənədi dayanır. Elə bir cümlə yoxdur ki, onu əsaslandıra bilməyim. Mən demişəm ki, Batum konfransındakı Azərbaycan nümayəndələrinin, başda Məhəmmədhəsən Hacınski və Məhəmmədəmin Rəsulzadə olmaqla ən böyük səhvi Osmanlı sədr-əzəmi Tələt Paşanı dinləməmələri idi. Tələt paşa təklif edirdi ki, Cənubi Qafqaz Seymi dağıldığı halda burada iki dövlət yaransın: Gürcüstan və Azərbaycan. Ermənilər yaşayan ərazilər isə gürcülər və azərbaycanlılar arasında bölünsün. Yəni erməni dövlətinin yaradılmasına imkan verilməsin. Erməni məsələsində ən xeyirli addım çibanı kökündən təmizləməkdir. Azərbaycan nümayəndələri isə Ənvər Paşaya böyük bir müraciətnamə göndərdilər. Onlar yazmışdılar ki, biz xahiş edirik, Cənubi Qafqaz Seymi dağıldığı halda nəyin bahasına olur olsun, burada erməni dövləti də yaradılsın. Hətta biz ermənilərə torpaq güzəştə getməyə də hazırıq".


"Mən bu mövqenin düzgün olmadığını qeyd etmişəm. Kim bunun əksini iddia edirsə, müzakirəyə hazıram. Haqqımda ittihamlar səsləndirənlər arasında Elmar Həsənli də var. O uşaqdır, nə elmi dərəcəsi, nə də elmdə böyük addımları var.
Yenə qeyd edirəm, istər Firdovsiyyə xanım, istər Boran Əziz, istərsə də Solmaz Tohidi olsun, Cümhuriyyət dövrünün tədqiqatçısı deyillər. Və onların çoxu da ciddi tədqiqatçı deyillər. Ona görə həmin tarixçilər mənimlə bu məsələdə müzakirə açmaq səviyyəsində də deyillər. Boran Əzizli məni medal həvəsində olmaqda ittiham edib. Medala qalanda, Boran müəllimin özünün son çıxışları elə onun özünün medal sevdalısı olduğunu göstərir. Utanmaqdan danışır, amma utanmaq Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxanlarla əməkdaşlıq edən həmin adama aiddir", - deyə V.Qafarov bildirib.

V. Qafarov onu da deyib ki, tarixçi Cəmil Həsənli də həmin verilişdən sonra onu haqqında təhqiredici fikirlərlə çıxış edib: "Mən bir neçə günə Bakıya qayıdıb, kim nə yazıbsa oxuyaram. Onlara ümumi cavabımı verərəm. Yenə qeyd edirəm, o verilişdə nə demişəmsə, arxasında arxiv sənədləri dayanır. Cəmil Həsənli də Cümhuriyyət dövrünün tədqiqatçısıdır. Onun əlində sənədlər varsa, gəlsin, elmi mübahisəyə hazıram. Görürəm ki, haqqımda fikir səsləndirənlər ya o dövrün tədqiqatçısı deyillər, ya da mənimlə müzakirə aparacaq potensialları yoxdur. Ona görə, təhqir, söyüş mövqeyini tutublar. Mən o səviyyəyə enmək istəmərəm. Amma internet imkanım olan kimi geniş izahat verəcəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.