Sərt karantin rejiminə görə 190 manatlıq müavinət yenidən verilə bilərmi?- AÇIQLAMA
22-06-2020, 11:13
![Sərt karantin rejiminə görə 190 manatlıq müavinət yenidən verilə bilərmi?- AÇIQLAMA](/uploads/posts/2020-06/1592810002_1.jpg)
Xəbər verdiyimiz kimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda iyunun 21-dən iyulun 5-dək ciddi karantin rejimi elan olunub. İki həftə ərzində ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətləri, bərbərxanalar, gözəllik salonlarının və kosmetik o cümlədən bu sahələrdə insanlara evində, digər məkanlarda xidmətlər, muzey və sərgi zallarının fəaliyyətinə, açıq havada idman oyunlarına qadağa qoyulub. Bundan əlavə karantin rejimi avqustun 1-nə kimi uzadılıb. İyul və avqust aylarında 190 manat birdəfəlik müavinət yenidən verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, yeni növ koronavirus infeksiyasına yoluxma halların sayı artmaqdadır: "İyunun 21-dən yenidən tətbiq olunmuş sərt karantin rejimi infeksiyanın bu artım dinamikasını azaldacaqdır. Təbii ki, bu sabahdan baş verməyəcək. Əlbəttə biz bunu ancaq bir həftədən sonra hiss edəcəyik. Sərt karantin rejiminin tətbiqi bir çox sahələrdə fəaliyyətlərin və insanların hərəkətinin dayanmasına gətirib çıxarıb. Bu da günəmuzd işləyən insanların və ya əhalinin sosial müdafiəsinə ehtiyac olan təbəqəsinə dövlət dəstəyinin göstərilməsi məsələsini yenidən gündəmə gətirir. Hökumət bu məsələləri təhlil edir və zəruriyyət yarandığı halda sərt karantin rejimi tətbiq olunmuş inzibati ərazilərdə yaşayan insanlara dövlətin iqtisadi imkanları nəzərə alınaraq yenidən dəstək proqramının icra olunacağını düşünürəm. Amma onu da qeyd etmək istəyirəm ki, bəzi insanların yenədə lazımı səviyyədə tibbi maskadan istifadə etmədiyini görürük. Hətta bəzi avtobus sürücüləri də tibbi maskanı çənəsinə taxmaqla maşını idarə edirlər. Yoluxmaların sayı kəskin artdığını görə-görə biz özümüzün və ətrafdakıların həyatını niyə təhlükə altına atırıq, çox maraqlıdır. Əgər biz bu işə məsuliyyətlə yanaşmasaq heç bir karantin rejimi yoluxmaların qarşısını ala bilməz. Mən xalqa müraciət edirəm ki, gəlin şüurlu şəkildə sosial məsuliyyətimizi dərk edək və hamılıqla tibbi maskadan istifadə edək. Əks halda nəticələr heç də yaxşı olmayacaqdır".