Bu ilin Qurban bayramı başqa illərlə eyni olmayacaq – pandemiya ilə bağlı ən son yeniliklər və qərarları Şahmar Mövsümov, Xanlar Xanlarzadə və Nadir Zeynalov açıqladı
21-07-2020, 00:01
![Bu ilin Qurban bayramı başqa illərlə eyni olmayacaq – pandemiya ilə bağlı ən son yeniliklər və qərarları Şahmar Mövsümov, Xanlar Xanlarzadə və Nadir Zeynalov açıqladı](/uploads/posts/2020-07/1595269820_2.jpg)
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib. “Trend”in məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri - Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov və Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə jurnalistləri maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Növbəti mərhələlərdə daha çox sahələrdə fəaliyyət bərpa oluna bilər
Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib ki, koronavirusla bağlı müsbət tendensiya davam etsə, daha çox sahələrdə fəaliyyət bərpa edilə bilər.
Ş.Mövsümov bildirib ki, isti havada evdə oturmaq çətindir, ancaq bunun müsbət nəticələrini görürük:“Son günlərin statistikasına nəzər yetirdikdə sağalanların sayının artmasını və yoluxanların sayının azalmasını görürük. Ümid edirik ki, yoluxma sayında azalma tendensiyası davam edəcək. Bu, hamımızım, bütün cəmiyyətimizin əziyyətinin nəticəsidir. Nə qədər müsbət tendensiya olsa, biz növbəti mərhələlərdə daha çox sahələrdə açılışlara gedə bilərik. Bu dəfə bərbərxanalar və digər bir sıra sahələrdə fəaliyyət bərpa edildi”.
Ş.Mövsümov bildirib ki, hər kəs qaydalara əməl etməlidir:“Ancaq biz başa düşməliyik ki, koronavirus hələ bizimlədir, əgər biz qaydalara əməl etməsək, virus yenidən artacaq və hökumət yenidən sərtləşməyə getmək məcburiyyətində qalacaq. Bu da heç kimin xoşuna gələn ssenari deyil”.
Bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır
Prezidentinin köməkçisi bildirib ki, bu günə qədər 212 mindən çox muzdlu işçinin əməkhaqqı üçün 95 milyon 636 min manat dəstək verilib. Ş.Mövsümov vurğulayıb ki, mikrosahibkarlara dəstək məqsədilə 63 milyon manat vəsait yönəldilib.
Onun sözlərinə görə, 689 min insana sosial istiqamətdə 254 milyon manat vəsait ödənilib.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır:“Bu gün biz Tovuz istiqamətdində ermənilərlə mübarizə aparırıq, digər istiqamət isə koronavirusla mübarizədir. Biz birlikdə bütün cəbhələrdə qalib gələcəyik”.
Bu il Qurban bayramı fərqli olacaq
Ş.Mövsümov qeyd edib ki, Qurban bayramının keçirilməsi ilə bağl müvafiq tədbirlər planı hazırlanır. O qeyd edib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək:“Biz anlamalıyıq ki, bu ilin Qurban bayramı digər illərin Qurban bayramı ilə eyni olmayacaq. Biz pandemiya şəraitində yaşayırıq və müəyyən kompromisə getmək məcburiyyətindəyik”.
Çimərliklərə bağlı məsələyə də aydınlıq gətirildi
Prezidentinin köməkçisi bildirib ki, bu gün çimərliklərin açılması yüksək risq daşıyır və virusun yayılma surətini artıra bilər. Ş.Mövsümov bildirib ki, çimərliklərin açılması ilə son günlər əldə etdiyimiz nailiyyətləri itirə bilərik:“Koronavirus bir mühribədir və biz müharibə şəraitindəyik. Biz bu gün çimərliklərin açılışına hazır deyilik. Əgər çimərlikləri açsaq, əldə etdiyimiz nailiyyətləri itirə bilərik. 1-ci risq odur ki, çimərlikdə məsafə saxlamaq çətindir. 2-si isə insanlar çimərliyə gəldikdə eyni yerdən yemək, su alırlar və orada da yoluxma risqi artır. 3-cü risq də odur ki, hər hansı çimərliyə yalnız bir rayondan olan insanlar gəlmir, hər yerdən gəlirlər ki, bu da yoluxmanı bütün rayonlara yaya bilər”.
Ş.Mövsümov əlavə edib ki, çirmərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır:“Avqustun 5-nə qədər biz bunu edə bilməyəcəyik. Əgər əmin olsaq ki, biz bunu həyata keçirməyə qadirik, növbəti mərhələdə bu barədə düşünüləcək”.
Növbəti mərhələlərdə yumşalmalar tədricən olacaq
“Növbəti mərhələlərdə yumşalmalara gedəcəyik, ancaq bu yumşalmalar tədricən olacaq” – deyən
Ş.Mövsümov bildirib ki, sərt karantin rejimi avqustun 5-nə qədər uzadılıb: “Digər yumşalmalar avqustun 5-dən sonra ola bilər. Bütün sahələrin açılmasına tədricən gedəcəyik, ancaq biz elə etməliyik ki, yenidən sərt karantin rejiminə getməyək”.
Rayonlara yollar nə vaxt açılacaq?
Ş.Mövsümov qeyd edib ki, rayonlara yolların açılması koronavirusun geniş yayılmasına səbəb ola bilər. O bildirib ki, rayona yollar açılan kimi yoluxmaların sayı artır:“Biz indiki mərhələdə rayonlara yolları açmaqla əldə etdiyimiz nailiyyəti itirə bilərik. Biz yoluxmaların tam idarəsinə nail olmağa çalışırıq. Buna nail olduqdan sonra rayonlara da yollar açılacaq. Mənim ailəm də deyir ki, gedək İsmayıllıya, Şamaxıya, Qəbələyə, ancaq bu gün bunu edə bilmirik”.
Pandemiyaya görə dövlət büdcəsinə təcili dəyişiklik etməyə ehtiyac yoxdur
Prezidentinin köməkçisi bildirib ki, dövlət büdcəsinə dəyişikliklərlə bağlı müzakirələr gedir, ancaq təcili dəyişikliklərə ehtiyac yoxdur. Ş.Mövsümov bildirib ki, bu gün büdcənin icrasında çətinlik yoxdur. Onun sözlərinə görə, büdcənin gəlir hissəsi profisitlə icra edilib: “Ona görə də bu gün büdcəyə təcili dəyilşiklik etməyə ehtiyac yoxdur, ancaq biz bu məsələyə yenidən baxacağıq”.
İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb
“İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb” deyən DİM mətbuat katibi Xanlar Xanlarzadənin sözlərinə görə, pandemiya şəraitində imtahanların keçirilməsi ilə bağlı təlimatlar hazırlanıb:“İndiyədək keçirilən imtahanlar da həmin təlimatlara uyğun keçirilib. Bu imtahanlarda 143 minə yaxın şəxs iştirak edib”.
X.Xanlarzadə qeyd edib ki, bu il imtahanlar lokallaşdırılmış qaydada keçirilib: “Əvvəl imtahanlar əsasən şəhər mərkəzlərində keçirilirdi. İndi isə imtahanlar kütləviliyin azaldılması üçün bütün rayon və şəhərlərdə keçirilib. Bu da 220-250 nəfərin imtahanda iştirak etməsinə imkan verib”.
Artıq 124 mindən çox şagird və abituriyentin imtahan nəticəsi bəllidir
X.Xanlarzadə bildirib ki, artıq 124 mindən çox şagird və abituriyentin imtahan nəticəsi bəllidir. Onun sözlərinə görə, yaxın iki həftə ərzində sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonların abituriyentləri üçün imtahan keçiriləcək. Təxminən 58 minə yaxın abituriyent bu imtahanda iştirak edəcək: “Artıq epidemioloji vəziyyət imtahanların keçirilməsi üçün uyğundur”.
Koronavirusdan sağalmış şəxslər imtahanda iştirak edə bilər
“İmtahanda hər bir iştirakçıdan bəyannamə tələb edirik. O bəyannamədə göstərilir ki, son 15 gündə onun özündə, ailə üzvlərində, təmasda olduğu şəxslərdə virusa yoluxma faktı aşkarlanmayıb” - X.Xanlarzadənin sözlərinə görə, koronavirusa yoluxmuş və artıq sağalmış şəxslər imtahanda iştirak edə bilərlər:“Ola bilsin ki, kimdəsə bu yoluxma faktı olub və artıq onun sağalma dövrü başa çatıb. Belə şəxslərin gələcək imtahanlarda iştirakı ilə bağlı problem yoxdur və onlar imtahanlarda iştirak edə bilərlər”.
Qəbul imtahanlarının ikinci mərhələsinin keçiriləcəyi vaxt açıqlandı
DİM mətbuat katibi bildirib ki, qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsinə avqustun ikinci yarısından başlanılacaq. Onun sözlərinə görə, bu həftə və gələn həftə əvvəlki və bu ilin məzunları üçün qəbul imtahanlarının I mərhələsi keçiriləcək. Sonra 10-15 gün imtahanların nəticələri emal ediləcək: “Bundan sonra isə imtahanların ikinci mərhələsi olacaq. Avqustun ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq. Bu imtahanların keçirilməsinə 4 gün vaxt ayrılacaq. Biz hər hansı təhlükənin olmadığına əmin olduqdan sonra imtahanların keçirilməsini elan edirik”.
Azərbaycanda koronavirusa təkrar yoluxma qeydə alınmayıb
Azərbaycanda koronavirusa təkrar yoluxma faktı qeydə alınmadığını deyən Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə bildirib ki, hələ ki, COVİD-19-a təkrar yoluxmanın rəsmi şəkildə mövcudluğu ilə bağlı məlumat yoxdur.
COVİD-19 xəstələrinin əksəriyyətində ağ ciyər xəsarət almır
N.Zeynalov deyib ki, COVİD-19 xəstələrinin əksəriyyətində ağ ciyər xəsarət almır. Onun sözlərinə görə, xəstəliyi yüngül keçirən şəxalərin yuxarı tənəffüs yollarında bu aşkarlanmır:"Ağ ciyər tomoqrafiyasında bu göstərici aşkarlanmır. Cavabı müsbət çıxan şəxsin ağ ciyərində xəsarət yoxdursa, bu o demək deyil ki yoluxmayıb. Əgər yaxma cavabı pozitiv olubsa biz onu nəzarətə götürməliyik. O sağalandan sonra onu nəzarətdən buraxa bilərik".
Ev şəraitində müalicə olunanların sayı açıqlandı
Nazirliyin Aparat rəhbəri qeyd edib ki, ev şəraitində COVİD-19-a yoluxan və ambulator şəraitdə müalicə olunan 12 862 nəfər qeydə alınıb. Onun sözlərinə görə, 8 mindən artıq şəxsin müayinə cavabı mənfidir. Mənfi olsa da əlamətləri şübhəlidir. Digərləri isə əlaməti olanlardır. Hər gün onların bir qismi sağalır. Dünən 557 nəfər, bu gün 252 nəfər sağalıb. Poliklinikalara hər gün 400-500 nəfər müraciət edir. Hazırda 6 000 nəfərdən yaxma götürülüb".
N.Zeynalov bildirib ki, ev şəraitində müalicə olunan şəxslərə hazırda dərman preparatları çatdırılır: "Bu prosesdə ləngimələr yoxdur. Əvvəllər bu prosesdə ləngimələr olurdu. Hazırda bu problem aradan qaldırılıb və ehtiyacı olan şəxslərə vaxtında derman preparatları çatdırılır".
Azərbaycan Ordusuna dəstək yürüşündən sonra ciddi yoluxma sayı artmayıb
N.Zeynalov deyib ki, hər hansı bir toplaşmanın yoluxma sayının artmasına səbəb ola bilər. Onun sözlərinə görə, amma son günlər ölkə əhalisinin Azərbaycan Ordusuna dəstəklə bağlı toplaşmadan sonra ciddi yoluxma sayı aşkarlanmayıb:"Son günlərin statistikasını gördük və bu statistikada artım yoxdur, azalma var. Amma buna baxmayaraq, hər kəs özünü qorumalı, tibbi maska və digər qoruyuculardan istifadə etməlidir. Çünki virusun yoluxma inkubasiyası var".
Virus əleyhinə bəzi dərmanların evdə istifadəsi məsləhət görülmür
Virus əleyhinə antibakterial dərmanların ev şəraitində istifadəsinin məsləhət görülmədiyini deyən N.Zeynalovun sözlərinə görə, bu müalicə xəstəxanada aparılmalıdır: "Vətəndaşlardan xahiş olunr ki, ev şəraitində özbaşına müalicə olunmasınlar. Bu təhlükəli ola bilər".
Apteklərdə dərman preparatlarının bahalaşması və qıtlığına Səhiyyə Nazirliyi cavabdeh deyil: "Apteklər biznes obyektdir və Səhiyyə Nazirliyi apteklərə yalnız tövsiyələr edə bilər. Bu tövsiyələr də edilir. Mən özüm bəzi apteklərdə araşdırmalar aparmışam və virus əleyhinə dərman preparatları və vitaminlərin qıtlığına rast gəlməmişəm".