Milli Məclis üzvü: “Bir millətin iki orduya ehtiyacı yoxdur”
29-07-2020, 11:57
![Milli Məclis üzvü: “Bir millətin iki orduya ehtiyacı yoxdur”](/uploads/posts/2020-07/1596009480_1.jpg)
“Bu addımlar çoxdan atılmalı idi və artıq nədənsə çəkinməyin yeri yoxdur” – Aqil Abbas
İyulun 12-də erməni təxribatı nəticəsində Tovuz istiqamətində baş verən döyüşlərə ara verilsə də, cəmiyyətdə, ictimai-siyasi sferada qızğın müzakirələr davam edir. Məlum qarşıdurmalar zamanı Türkiyə Cümhuriyyətinin Azərbaycanı qətiyyətlə dəstəkləməsi, ardınca iyulun 27-də Türk ordusunun Naxçıvana gəlişi və birgə hərbi təlimlər prosesi yeni müstəviyə daşıyır. Artıq Türkiyə ilə Azərbaycan arasında hərbi sazişin bağlanması və hərbi əməkdaşlığın daha da genişləndirilməsi məsələsi gündəmin əsas mövzusuna çevrilib.
AYNA-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasın fikrincə, bütün bunlar çoxdan olmalı idi: “Əgər biz bir millətiksə, iki ordunu niyə saxlayırıq ki?! Bunu, hətta, Türkiyə “Şahinləri” Azərbaycana gələndə yaşlı bir qadın da demişdi ki, “Bir millətin iki orduya ehtiyacı yoxdur”. Son bir il ərzində də diasporlarımız birləşir, vahid mövqedən çıxış edir və bərabər tədbirlərdə iştirak edirlər”.
Deputat bununla bağlı bir hadisəni də qeyd edib: “Buna uyğun olaraq maraqlı bir hadisəni danışmaq istəyirəm. Mən də daxil olmaqla, əvvəllər 4-5 deputat NATO-nun iclaslarında iştirak edirdik. Bildiyiniz kimi, NATO-da çoxlu türk general və polkovniklər var. Hamısı da həmin iclaslarda hərbi formalarda iştirak edirdi. Biz orada hara gedirdiksə, onların 10-12-si bizimlə bir yerdə olur, bizi müşayiət edirdi. Bizi görənlər az qala qorxurdular ki, bunlar generallarla, polkovniklərlə birlikdə gəzir, tədbirlərə birlikdə gedirlər. Hətta, bir yerdə çörək yeyirdik”.
“Yəni, sözümün canı odur ki, bu addımlar çoxdan atılmalı idi. Təbii ki, burada siyasi və digər məsələlər də var ki, bu məsələnin həllini tapmasına mane olub. Amma artıq nədənsə çəkinməyin yeri yoxdur. Cənab Prezident də çıxışlarının birində bu məsələyə toxunaraq, nədənsə çəkinməyə ehtiyac olmadığını demişdi. Yəni, artıq müəyyən addımlar atmaq lazmdır. Mən demirəm ki, Türkiyə Azərbaycanda hərbi baza qursun. Çünki bizdə heç bir ölkənin hərbi bazası yoxdur. Amma bütün digər məsələlərdə strateji müttəfiqlik qurmaq lazımdır”, - Abbas bildirib.
O xatırladıb ki, Azərbaycanın Türkiyənin hərbi məktəblərində oxuyan çoxsaylı vətəndaşları olub və indi də var: “Onlardan polkovnik, mayor, hətta general olanları var. Çünki biz SSRİ-dən ayrılıb müstəqillik əldə edəndən sonra yüksək hərbi təhsil almaq üçün Türkiyəyə üz tutmuşuq. O cümlədən, türkiyəli səlahiyyətlilər Azərbaycandakı hərbi məktəblərdə vaxtı ilə çox işlər görüblər. Ona görə də belə bir müttəfiqlik bizim üçün çox yaxşı olar. Hətta, biz Pakistan İslam Respublikası ilə də bu yolda müəyyən addımlar ata bilərik. Çünki Pakistan da bizimlə hər zaman bir olub, Ermənsitanla heç bir siyasi və digər əlaqələr qurmayıb və müstəqilliyini belə, tanımır”.
Deputat onu da əlavə edib ki, Milli Məclisin komitə iclaslarında bununla bağlı söhbətlər olur: “Amma məlum məsələdir ki, bu, artıq Parlamentin işi deyil. Çünki Parlament doktrinanı qəbul edir və müəyyən sazişləri ratifikasiya edir. Parlamentdə də bununla bağlı məsələ qaldırıla bilər. Amma növbəti iclas bir də sentyabrda olacaq”.