Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə mədəniyyət inkişafımızın prioritet sahələrindən birinə çevrilib
25-08-2020, 00:00
![Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə mədəniyyət inkişafımızın prioritet sahələrindən birinə çevrilib](/uploads/posts/2020-08/1598296509_1.jpg)
Bütün dövrlərdə cəmiyyətin mütərəqqi, demokratik yolla inkişafı sağlam əqidəli, xalqa və dövlətə sədaqətli xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olub. Bu gün də belədir. Onlar ona görə cəmiyyətin sayılıb-seçilən, sevilən şəxsiyyətlərinə çevrilirlər ki, üzərlərinə düşən sosial, siyasi, eləcə də mədəni missiyanı düzgün dəyərləndirir, bunun nəticəsində isə xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da belə şəxsiyyətlərdəndir.
Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu, onun dövlət, millət və bəşəriyyət üçün önəmli proqramlar həyata keçirməsi ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, Mehriban xanım 2004-cü ildə UNESCO-nun, ondan cəmi iki il sonra ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatını alıb. Həmin ildə Ümumdünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatı olub. 2010-cu ildə Fransanın “Şərəf legionu” ordeninə və UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsublarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.
Mehriban xanım Əliyevanın həyat yoluna nəzər saldıqda daim mədəniyyət, xeyriyyə, qayğı, yardım etmə kimi humanist fəaliyyətdə olduğuna tam əmin oluruq. O, uzun illərdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvərliyə, humanizmə, mərhəmətə əsaslanan proqramları, başqa sözlə, Azərbaycanla yanaşı, regionda, Rusiya Federasiyasında, Asiya ölkələrində, Avropada çox humanist məzmunlu mədəniyyət layihələri reallaşdırmaqla böyük rəğbət qazanıb.Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlərin miqyası o qədər böyükdür ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə missiyasına uyğun olaraq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində gördüyü işləri, həmçinin ictimai-siyasi fəaliyyətini də nəzərə alsaq, onun dövlətimiz və xalqımız qarşısında xidmətlərinin ölçüyə gəlməz dərəcədə önəmli olduğunu bir daha görərik.
Mehriban xanım Əliyevanın ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev onu Vətənimizin ən ali mükafatı – “Heydər Əliyev mükafatı” ilə təltif edərkən bildirib ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi – bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşür”.
Fond ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərlə bərabər, həm də milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində də önəmli rol oynayıb. Xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində yaxından iştirak edib, Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycanla bağlı orta əsr əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanan Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib.
Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin qorunması istiqamətində yorulmaz səyi nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb. Başqa sözlə, muğam sənəti, aşıq sənəti, Novruz bayramı, İçərişəhər, tar ifaçılığı sənəti UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilib.
UNESCO-nun İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin qurumun Ümumdünya İrs Siyahısına daxil edilməsi də Mehriban xanımın milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması istiqamətində gördüyü işlərin real nəticəsidir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ötən illər ərzində dünyanın bir çox ölkələrində Azərbaycanın mənəvi irsi mütəmadi olaraq təbliğ olunub. Filmlərimizin premyeraları keçirilib, rəssamlarımızın sərgiləri təşkil olunub, milli musiqimiz böyük konsert salonlarında səsləndirilib.
Bu gün ölkəmizdə fondun mədəniyyətlə bağlı həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən rəğbətlə qarşılanır. Yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Beynəlxalq Muğam Mərkəzinin, Xalça Muzeyinin yeni binalarının istifadəyə verilməsi incəsənətimizə, mədəniyyətimizə ən yaxşı töhfədir.
Dövlət Film Fondunun yeni binası xalqımızın mənəvi sərvəti olan kinofilmlərimizin qorunması və mühafizəsi üçün əlverişli şərait yaradıb. Ötən müddətdə Nizami Kino Mərkəzinin, S.Vurğun adına Rus Dram Teatrının, Akademik Milli Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının əsaslı təmiri mədəniyyətimizə göstərilən böyük qayğının ifadəsi kimi olduqca əhəmiyyətlidir. Belə quruculuq işləri, söz yox ki, regionlardakı mədəniyyət obyektlərində də davam etdirilir.
Ötən illər ərzində Müasir İncəsənət Mərkəzinin istifadəyə verilməsi, İncəsənət Muzeyinin bərpa edilərək yenidən sənətsevərlərə təqdim olunması cəmiyyətdə əlamətdar mədəniyyət hadisələri kimi dəyərləndirilib. Muzeylərimizin bir çoxunda bu cür əsaslı təmir işləri aparılıb. Elə Tarix Muzeyinin təmir edilərək yenidən istifadəyə verilməsi, görkəmli şəxsiyyətlərin ev muzeylərinin yeniləşdirilməsi də bunun bariz ifadəsi, müasirlik, güclü ənənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır.
Mehriban xanım Əliyevanın dəstəyi ilə ötən illər ərzində respublikamızda mədəniyyətin bütün sahələrinə olduğu kimi, rəssamlığa da böyük önəm verilib. Rəssamlarımızın səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların çoxu yaradıcılıq emalatxanası ilə təmin olunub, vaxtaşırı əsərlərinin sərgiləri təşkil olunub. Bütün bunlar ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaradıb. Bunun nəticəsidir ki, hazırda Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin tanınmış muzeylərinin eksponatına çevrilib, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib.
Mən mədəniyyət işçisiyəm, ölkədə gedən mədəni prosesləri həmişə diqqətlə izləyirəm. Bilirəm ki, mənim kimi mədəniyyət sahəsində çalışan minlərlə işçi dövlətimizin siyasətini dəstəkləyir. Bunun da obyektiv səbəbləri var. Çünki Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə mədəniyyət inkişafımızın prioritet sahələrindən birinə çevrilib.
Bəli, bütün bunlar dövlətimizin uğurlu mədəniyyət siyasəti nəticəsində gerçəkləşib. Bu siyasət strateji xarakter daşıyır və Azərbaycan gücləndikcə, dövlətimiz inkişaf etdikcə mədəniyyətimizin də tərəqqisinə geniş imkanlar açılır. Mədəniyyət işçiləri ölkəmizdə gedən siyasi proseslərdən heç vaxt kənarda qalmırlar. Onlar azad, demokratik bir ölkənin vətəndaşları olmaqdan qürur duyur və yaxşı bilirlər ki, bu gün baş verən müsbət meyilli proseslər onların xoşbəxt gələcəyi üçün zəmin olacaq.
Elçin ORUCOV,
Əməkdar mədəniyyət işçisi, rəssam