Məmurların korrupsiyaya qurşanmasında deputatların “suçu” - TƏFSİLAT
26-08-2020, 09:01
![Məmurların korrupsiyaya qurşanmasında deputatların “suçu” - TƏFSİLAT](/uploads/posts/2020-08/1598418057_1.jpg)
Son günlər mətbuatda sabiq məmurların karantin qaydalarını pozması, xüsusən də dəbdəbəli toy mərasimi keçirməsi, şadlıq sarayından seçilməyən villaları gündəmə gəlib. Burada müzakirə mövzusu tamamilə fərqli istiqamətdə olsa da, bizi daha çox vəzifə müddətində korrupsiya, qanunsuz biznes yolu ilə əldə edilən vəsaitlər hesabına sabiq məmurların dəbdəbəli həyat tərzinə davam etməsidir.
Onların vəzifə müddətində əldə etdikləri gəlirlər və həmin vəsaitlərin mənbəyi ilə bağlı hər hansı araşdırma aparıla bilməməsinin səbəbi isə ölkədə “Gəlir deklarasiyası haqqında” qanunun olmamasıdır. Uzun müddətdir bu məsələ müzakirə olunsa da, təəssüf ki, Milli Məclis tərəfindən qəbul edilməyib. Həmin deputatların bu gün vəzifəli şəxsləri tənqid etməsi əslində bu baxımdan adekvat deyil, çünki gəlir deklarasiyası ilə bağlı qanun qəbul etməməklə əslində baş verənlərə şərait yaradıblar.
Korrupsiya və məmur biznesinə qarşı mübarizə istiqamətində gəlir deklarasiyasının rolunu vurğulayan Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələ 2000-ci illərin əvvəllərindən bəri müzakirə olunur: “Gəlir deklarasiyasının çox vacib şəffaflıq elementi olması haqqında da dəfələrlə danışmışıq. Bununla bağlı qanun və qaydalar da var, sadəcə işləmir. Hər il verilən gəlir deklarasiyası məmurların, deputatların ildən-ilə dəyişən gəlirlərini və əmlaklarını da ölçməyə imkan verir. Rusiyada bununla bağlı çox ciddi monitorinq qrupu yaradılıb. Hər il dövlət başçısından məmura, deputata qədər hər kəsi gəlirləri açıqlanır, Monitorinq Qrupu isə dərhal il ərzində kimin gəlirlərinin nə qədər dəyişdiyi, nəyin hesabına dəyişdiyi ilə bağlı ayrıca hesabat yayır. Azərbaycanda bununla bağlı vəziyyət bərbaddır. Heç bir hesabatlılıq, şəffaflıq yoxdur.
Rəsmi milyonçu yoxdur, rəsmi ən böyük vergi ödəyəciləri ilə bağlı məsələdə də problem var. Bunlar bir -biri ilə bağlı məsələlərdir. Çünki bizdə məmur biznesi iqtisadiyyatda üstünlük təşkil edir. Məmurlar öz gəlir deklarasiyalarını açıqlamaqda ona görə maraqlı deyillər ki, təkcə korrupsiya əməlləri yox, həm də özlərinə və ailə üzvlərinə aid biznesləri haqqında məlumatlar da aşkara çıxa bilər. Bunlar bir-biri ilə bağlı məsələlərdir. Bizneslə dövlət vəzifəsinin birləşməsi onların gəlir deklarasiyası ilə bağlı məsələdə çətinliklə üzləşməsinə səbəb ola bilər. Nəticədə elə bir vəziyyət yaranıb ki, məmurların gəlirləri ilə bağlı, onların fəaliyyətinin şəffaflığı ilə bağlı heç bir məlumat yoxdur”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2005-ci ildə “Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarının təqdim edilməsi qaydası” haqqında qanun qəbul edilib, lakin bu günə qədər qanun tətbiq olunmur: “ Ona görə tətbiq olunmur ki, gəlir deklarasiyasının forması yoxdur. Bizim Konstitusiya Araşdırmalar Fondu 2012-ci ildə gəlir deklorasiyasının formasını hazırlayıb, Nazirlər Kabinetinə təqdim etdi. Beynəlxalq təcrübəni öyrənməklə, eyni zamanda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq nəinki formanı, eyni zamanda qanuna dəyişikliklər təklif etdik. İndiki şəraitdə bir sıra yeni dəyişikliklər baş verməlidir. Gəlir deklorasiyasının tətbiq edilməsi bütövlükdə korrupsiyaya qarşı mübarizə ilə bağlı çox əhəmiyyətli bir alətdir. Bununla biz vəzifəli şəxslərin gəlirlərinin dinamikasını görə bilərik. Bu həm də imkan verəcək ki, vəzifəli şəxslərin qanuni gəlirlərindən əlavə hansısa gəlirləri varsa müzakirə və araşdırma mövzusu olsun. Eyni zamanda onların fəaliyyətində korrupsiyaya yol verib-vermədiklərini araşdırmaq üçün əsaslar ola bilər. Digər tərəfdən, təkcə vəzifəli şəxslərin yox, onlarla bərabər yaşayan qohumlarının da, həyat yoldaşlarının övladlarının da gəlirləri gəlir deklarasiyasına daxil edilməlidir. Azərbaycan qanunvericiliyində həyat yoldaşının və onunla birlikdə yaşayan övladlarının gəlirləri haqqında məlumatın verilməsi tələb olunur. Ancaq bizdə situasiya bir qədər fərqlidir. Digər qohumlarla bağlı məsələyə də aydınlıq gətirilməlidir. Hansı həddə qədər qohumlarla bağlı məlumatların təqdim olunması barədə də düşünməliyik. Gəlir deklarasiyasının elektron qaydada verilməsi və elektron sistem vasitəsilə yoxlanılması da qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edilməlidir”.
Ə.Nuriyevin fikrincə, vəzifəli şəxslərin nəinki gəlirlər, həm də xərclər barədə məlumatın verilməsi çox vacibdir: “ Xərclərlə bağlı maddə vəzifəli şəxsləri daha məsuliyyətli olmağa vadar edəcək. Bizdə bir sıra hallarda bəzi vəzifəli şəxslərlə bağlı şəxslərlə bağlı əhəmiyyətli dəyişiklik baş verməlidir. Yüksək siyasi vəzifə tutan şəxslər, hökumət üzvləri, diplomatlar, hakimlər və digər bu kateqoriyada olan şəxslərin xaricdə əmlak alması və xarici banklarda vəsait yerləşdirməsi qadağan edilməlidir. Bu ilk növbədə ölkədən maliyyə vəsaitlərinin xaricə axmasına gətirib çıxarır, digər tərəfdən xarici qüvvələrin həmin vəzifəli şəxslərə təzyiq etmək ehtimalını gücləndirə bilər. Bu Azərbaycan dövlətinə qarşı xaricdən yumşal güc tətbiq edilməsi deməkdir. Bu günə qədər də bizim yüksək vəzifəli şəxslər, onların övladları ilə bağlı bir neçə dəfə belə problem yaşanıb. Ola bilər ki, hansısa qeyri-qanuni fəaliyyətinə görə, məmurlara kimsə xaricdə əmlak bağışlasın. Qanunda bütün bunlar nəzərə alınmalıdır. Azərbaycan korrupsiyaya qarşı BMT Konvensiyasına qoşulmalıdır, həmçinin digər beynəlxalq sənədlər də var”.
Fond rəhbəri onu da vurğuladı ki, məmurların yaxın qohumlarını vəzifəyə təyin edərkən, maraqların toqquşması prinsipi nəzərə alınmalıdır və bu qanunla tənzimlənməlidir: “ Konstitusiyamız vəzifəli şəxslərə kommersiya fəaliyyəti ilə və digər ödənişli fəaliyyətlə məşğul olmağı qadağan edir: ”Vəzifəli şəxslərlə bağlı maraqlar toqquşması haqqında qanun da qəbul edilməlidir. Çünki bir çox hallarda vəzifəli şəxslər tabeliyindəki qurumlara öz yaxın adamlarını yerləşdirir, bəzən dövlət satınalmalarında öz qohumlarına sifarişlərin verilməsi üçün təzyiq edirlər. Bu konkret maraqlar toqquşmasıdır. Həmçinin yaxın qohumların müxtəlif vəzifələrə təyin edilməsi, bir-birinin tabeliyində çalışmasını da qanun qadağan edir. Burada yalnız seçkili vəzifələr istisnadır. Bu amil korrupsiyaya yol açır. Biz bu gün şahidi oluruq ki, ayrı-ayrı nazirliklər, mərkəzi icra hakimiyyəti orqanları qohum-əqrəbalar fəaliyyət meydançası olur. Bu da korrupsiyaya şərait yaradır. Bir dövlət müəssisəsində çox sayda qohumlar işləyəndə burada qapalı mühit yaranır. Orada pozuntuların aşkarlanması , məlumatın verilməsi prosesi çətinləşə bilər. Ona görə də, vəzifəli şəxslərin gəlir deklarasiyası ilə yanaşı, onlara xaricdə əmlak almağın və vəsait yerləşdirməyin qadağan edilməsi də əhəmiyyətli məsələdir. Milyardlarla vəsait offşor bölgələrə göndərilir. Ona görə də, bu qanunvericilik aktları korrupsiyaya qarşı mübarizədə çox əhəmiyyətlidir".
“Yeni Müsavat”