Diplomatik mənbələr Əliyev-Sərkisyan gizli paktının detallarını açıqladı SAMVEL BABAYANIN DEDİKLƏRİ BAKIDA TƏSDİQLƏNDİ...
26-08-2020, 11:15
![Diplomatik mənbələr Əliyev-Sərkisyan gizli paktının detallarını açıqladı](/uploads/posts/2020-08/1598426126_1.jpg)
Müəllif: Eynulla Fətullayev
Qarabağdakı işğalçı rejimin "Təhlükəsizlik Şurasının katibi" Samvel Babayan avqustn 24-də gözlənilməz və sensasiyalı bəyanatla çıxış edib. Bir vaxtlar maraqları Köçəryan-Sarkisyan alt-klanı ilə üst-üstə düşən, ardınca illərlə dəmir barmaqlıqlar arxasında oturan "erməni müharibə qəhrəmanı"nın, Qarabağ klanının əsas liderlərindən birinin açıqlamasında iki vacib məqam diqqəti cəlb edir.
Birincisi- Prezident İlham Əliyevin, Azərbaycan hərbi hissələrinin Seyran Ohanyanın mifik müdafiə xəttini asanlıqla dağıdan ildırım sürətli uğurlu hücumundan dərhal sonra Moskvaya zəng etməsi. S.Babayan təsdiq edir ki, İ.Əliyev işğal altındakı azad olunmuş əraziləri tərk etməyəcəklərini Kremlə açıq şəkildə bəyan edib.
İkincisi-Dağlıq Qarabağı Azərbaycanla birləşdirən bufer zonada işğal olunmuş beş rayonun azad edilməsi barədə Ermənistanla Azərbaycan arasında gizli Paktın hazırlanması. S.Babayan təsdiq edir ki, saziş layihəsinin gizli mətninə əsasən, Ermənistan Dağlıq Qarabağın beş rayonunun işğaldan azad edilməsi və silahsızlaşdırılması öhdəliyini öz üzərinə götürüb.
Samvel Babayanın ikinci açıqlaması qətiyyən şübhə doğurmur, çünki Əliyev və Sarkisyan Vladimir Putinin vasitəçiliyi ilə Soçidə baş tutmuş danışıqlarından sonra, virtualaz.org Kremlə yaxın mənbələrə istinadən Azərbaycan və Rusiya liderlərinin Ermənistan rəhbərini Qarabağın azad edilməsi prosesinə başlamağa çağırması barədə konsolidə edilmiş mövqeyi barədə yazmışdı.
2015-ci ildə danışıqların növbəti mərhələsi başa çatdıqdan bir neçə ay sonra, sülh müqaviləsinin imzalanacağını gözləyən tanınmış Kreml tərəfdarları tez-tez öz çıxışlarında və şərhlərində beş rayonun işğaldan azad edilməsinin “həll edilmiş məsələ” olduğu barədə fikirlər səsləndirməyə başladılar. Aprel döyüşlərinin yekunlaşmasından dərhal sonra Lavrovun məlum planı da ortaya çıxdı. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri 5 rayonun işğaldan azad edilməsini nəzərdə tutan konkret sülh planını açıqlayaraq Yerevana, oradan da Bakıya səfər etmişdi.
Beləliklə, erməni “sevgi inqilabı” və Yerevandakı hakimiyyət dəyişikliyinə qədər həm vasitəçilər, həm də nüfuzlu ekspert cameəsi, ATƏT-in Minsk Qrupu və münaqişə tərəfləri tərəfindən işlənib hazırlanaraq danışıqlar masasına qoyulmuş Madrid prinsipləri ilə dəstəklənən Qarabağ tənzimlənməsinin vacib mərhələsinə dair konsensusun əldə edilməsinə şübyə yeri qoymadılar.
Lakin S.Babayanın rezonans doğuran son açıqlamasından sonra, virtualaz.org diplomatik mənbələrə müraciət edərək qondarma rejimin “Təhlükəsizlik Şurası katibi” nin danışıqlar prosesində yeni dönüş yarada biləcək ifadələrinə aydınlıq gətirilməsini xahiş edib.
Diplomatik mənbələr Samvel Babayanın məlumatlarını təsdiqləyiblər, bundan əlavə onun dediklərinə bəzi sensasiyalı detallar da əlavə ediblər. Bildirildiyinə görə, həqiqətən Əliyevlə Sərkisyan arasındakı danışıqlarda konkret saziş layihəsi müzakirə olunub, bu sülh planına görə, ilk mərhələdə Ermənistan beş rayonu işğaldan azad etmək öhdəliyini götürüb. Bunun ardınca- 5 il sonra Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsi planlaşdırılıb. Aprel döyüşlərindən sonra, 20 iyun 2016-cı il tarixində bir neçə saat davam edən danışıqlar zamanı Əliyev və Sarkisyan Putinin vasitəçiliyi ilə həmin sülh sazişinin hazır mətnini müzakirə ediblər.
İndi Sərkisyanın nizamlı sülhpərvərdən kompromisləri inkar edən “qırğıya” çevrilməsi, katolikosun özündən daha çox qriqoryanlığa iddia etməsi anlaşılmazlıq yaradır. Çünki hələ Ermənistanda Qarabağ klanının hakimiyyətdə olduğu dövrdə, o cümlədən Robert Köçəryanın iştirakı ilə Azərbaycan prezidenti ilə aparılan danışıqlarda münaqişənin məhz mərhələli nizamlama planı müzakirə edilib. Bu plan Minsk Qrupunun hər iki tərəfin dəstəklədiyi və işğalçı qoşunların geri çəkilməsini nəzərdə tutan prinsiplərə əsaslanıb.
Bu məqamda Ermənistanın məcburi köçkün azərbaycanlıların daimi yaşayış yerlərinə qayıtmasına, o cümlədən Qarabağın dağlıq hissəsinə qayıtması barədə üzərinə götürdüyü öhdəliyi də qeyd etmək yerinə düşər. Azərbaycan tərəfi üçün Samvel Babayanın bəyanatında təəccüblü və paradoksal heç nə yoxdur, çünki Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, danışıqlar məhz təsdiqlənmiş Madrid prinsiplərinin əsasında aparılır.
Saytımıza danışan diplomatik mənbələr Samvel Babayanın İlham Əliyevin Kremllə danışıqlarına dair dediklərini də təsdiqləyiblər. Azərbaycan prezidenti doğrudan da işğaldan azad edilmiş əraziləri geri qaytarmağı rədd edib, amma bununla belə atəşkəin bərpa edilməsi təklifi ilə razılaşıb.
Lakin İlham Əliyevin bu cür prinsipiallığı onun siyasi fəlsəfəsinin ruhuna və danışıqlardakı qətiyyətli mövqeyinə uyğundur. İlham Əliyev Sərkisyandan və Köçəryandan fərqli olaraq öz xalqına qarşı səmimi olub, Azərbaycan ictimai mövqeyinin ifadəçisi kimi çıxış edib. Görünür buna görə də Qarabağdan olan səhra komandirlərinin devrilmiş xuntasından fərqli olaraq İ.Əliyev hələ də xalqın yüksək etimadını itirməyib və siyasi Olimpin zirvəsindədir...
virtualaz.org