"İş adamlarına da, fermerlərə də gəlir mənbəyi kimi baxırlar..." - PROBLEM

27-08-2020, 08:55           
"İş adamlarına da, fermerlərə də gəlir mənbəyi kimi baxırlar..." - PROBLEM
Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Dövlət başçısı çıxışında bir çox önəmli məqamlara toxunub ki, onlardan biri də bölgələrdə sahibkarlara edilən təzyiqlər, yerli qurumların biznesə maneə törətməsi ilə bağlı olub. Prezident bildirib ki, indi əsas işimiz biznesə dəstək olmalıdır: “Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir”.
Qeyd edək ki, uzun illərdir dövlət başçısı tərəfindən sərt xəbərdarlıqlara baxmayaraq yenə də bölgələrdə sahibkarlara qarşı yol verilən qanunsuzluqlar bitməyib. Bir çox rayonlarda icra başçılarının vəzifəsindən azad edilməsi, həbsi zamanı ortaya çıxan faktlar da bunu sübut etdi. Səbəb isə odur ki, mərkəzdən kənarda iş adamlarının hüquqlarını qoruyacaq mexanizm, azad məhkəmələr yoxdur. Yerli icra hakimiyyəti başçılarının müstəsna səlahiyyətləri bölgələrdə idarəetmənin digər qollarının da təsir altına düşməsinə səbəb olur ki, bu da sahibkarların hüquqlarının qorunmasını mümkünsüz edir.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ilk növbədə bölgələrdə yerli idarəetmə formasını dəyişmək lazımdır: “Məsələyə daha böyük mənada yanaşsaq, icra strukturlarının indiki forması ləğv edilməlidir. Onun yerinə özünüidarə prinsipi əsasında seçilmişlər tutmalıdır, onlar idarəetmədə əsas söz sahibi olmalıdırlar. Bələdiyyələrlə icra strukturlarının səlahiyyətləri indi bir-birinə qarışıb. İcra strukturları daha çox səlahiyyətə malikdirlər. Bu da doğru deyil. Çünki təyin edilmişlər seçilmişlərdən daha artıq səlahiyyətə malik ola bilməzlər. Məsələnin, qlobal olaraq həlli yolu budur. İndiki şəraitdə isə bunu qısa zamanda həll etmək çətindir. Çünki Konstitusiya islahatları tələb edir. Ən azından yerli icra strukturlarının səlahiyyətləri ilə bağlı ayrıca qanun layihəsi qəbul olunmalıdır. Çünki indiki qanun layihəsində çox boşluqlar var. İcra hakimiyyətinin səlahiyyətləri sadalandıqdan sonra, ” və digər səlahiyyətlər" sözü əlavə edilir. Digər səlahiyyətlərin nə olduğu bilinmir və icra strukturları da bundan istifadə edirlər".
Ekspert deyir ki, icra hakimiyyəti institutunun, icra başçısının səlahiyyətlərinin harada başlanıb, harada bitməsi ilə bağlı ayrıca bir qanun layihəsinə ehtiyac var: “Ən azından keçid dövrü üçün və özünüidarə prinsiplərinin Konstitusiya islahatları ilə formalaşana qədər icra strukturlarının səlahiyyətləri ilə bağlı ayrıca qanun qəbul olunsa, iş adamları da biləcək ki, onun işinə müdaxilə edən icra başçısı hansı səlahiyyətlərə əsaslanır. Əgər qeyri-qanunidirsə, məhkəməyə müraciət edəcək. Burada məhkəmələrin də üzərinə ciddi iş düşür. Məhkəmə yolu ilə və ictimai nəzarət yolu ilə bunun qarşısını almaq mümkündür”.
N.Cəfərli vurğuladı ki, bölgələrdə sahibkarların vəziyyətini çətinləşdirən kəndə icra strukturları da deyil: “Hüquq-mühafizə orqanlarından tutmuş nazirliklərin, dövlət idarələrinin yerli rəhbərlərinə qədər istənilən halda iş adamlarına da, fermerlərə də əlavə gəlir mənbəyi kimi baxırlar. İstənilən halda onların işinə müdaxilə etmə səlahiyyətlərini və gücünü özlərində hiss edirlər. O səbəbdən təkcə icra strukturları ilə bağlı islahat bu məsələni kökündən həll etməkdə yetərli deyil. Regionların idarə edilməsi ilə bağlı bir konsepsiya hazırlanmalıdır. Bu istiqamətdə bir blok layihə hazırlamaq olar, hansısa rayonu pilot kimi seçərək Azərbaycan hakimiyyətinin icra strukturlarını necə görmək istəyirsə, elə bir model yaratmaq olar və sonradan onu təşviq etmək, həmin təcrübəni yaymaq olar. Məmurların davranış qaydalarını, düşüncə tərzini də dəyişmək lazımdır. Bu təkcə qanunla olmur. İllərdir oturuşan Sovetdən qalma raykom təfəkkürü sonradan müstəqillik dövründə də, icra başçısı ilə bağlı bir ”rayon ağası" təfəkkürü ilə birləşdi. Bu düşüncə tərzinə bağlı məsələdir, təkcə qanunların dəyişməsi ilə iş bitmir.
Ekspertin sözlərinə görə, insanların işə yanaşmasına, sistemin fəaliyyətinə nəzarət mexanizmi olmalıdır: “Bu səbəbdən vətəndaş cəmiyyətinin üzərinə də mühüm rol düşür. Vətəndaş cəmiyyəti də, media da bölgələrdə güclü iş aparmalıdır. Regionlarda müstəqil media, demək olar ki, yoxdur. Medianın gücü pis-yaxşı Bakıda cəmlənib. Media nəzarətinin olması da vacib şərtdir. Bütün bu amillər birləşməlidirlər ki, ciddi effekt görmək mümkün olsun”.
Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə bir neçə ildir dövlət başçısı tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların aparılması qadağan edilib və bu müəyyən qədər öz müsbət təsirini də göstərdi. Belə ki, istehsalın artması, qeyri-neft sektorundan ixracın müəyyən qədər canlanmasında bu amilin də rolu var. Lakin pandemiya dövründə sahibkarlar, demək olar ki, fəaliyyətsiz qaldıqlarından və kredit borcları ilə bağlı hər hansı güzəşt edilmədiyindən hazırda fəaliyyətə başlasalar belə ayaqda durmaqda çətinlik çəkirlər. Bu səbəbdən postpandemiya dövrü üçün sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi və kredit tətilinin verilməsi iqtisadçılar tərəfindən təklif olunur. Bununla yanaşı, vergi orqanı tərəfindən yığımlarla bağlı yoxlamaların azaldılması da ilkin mərhələdə karantin dövründən çıxan obyektlərin fəaliyyətini bərpa etməsində rol oynaya bilər. Əks halda biz ən yaxşı halda sahibkarların öz fəaliyyətlərini dayandırmasını, ən pis halda isə həmin investisiyanın xarici ölkələrdən birinə axınını, investorun ölkədən getməsini müşahidə edə bilərik. Bu məqam da dövlət başçısının son çıxışında xüsusi yer alıb ki, yerli sahibkarların xarici ölkələrə investisiya yatırmasını minimuma endirmək lazımdır. Təbii ki, prezidentin bu tapşırığının icrası da əlverişli investisiya mühitinin yaradılmasından keçir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.