RUSİYANIN “SİFƏTİ” - Biri atom bombası atmaqla hədələyir, o biri “strateji tərəfdaşıq” deyir!

27-08-2020, 09:13           
RUSİYANIN “SİFƏTİ” - Biri atom bombası atmaqla hədələyir, o biri “strateji tərəfdaşıq” deyir!
Xəbər verildiyi kimi, bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə gedib və bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşüb. Bu sırada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da var.

Ceyhun Bayramovla görüşdən sonra Sergey Lavrov deyib: «Rusiya Azərbaycanın strateji tərəfdasıdır».

Gəlin baxaq görək, gerçəkdənmi belədir?

Rusyanın müxtəlif səviyyələrdə səsləndirdiyi gəlişigözəl bəyanatların pərdəarxasına işıq saldıqca, yumşaq desək, deyilənlərin əksini görürük - Rusiya Azərbaycanla səmimi deyil və özünün imperiya maraqları səbəbilə, Dağlıq Qarabağ probleminin həlli məsələsində hər zaman təcavüzkar Ermənistanın yanında olub, indi də yanındadır və həm də təcavüzkarı sürətlə silahlandırır. Rusiyalı bir sıra rəsmilərin və «müstəqil» ekspertlərin zaman-zaman səsləndirdikləri «həyasız» bəyanatlar bu qənaəti sübuta yetirir. İndi bunlardan birini hörmətli oxucuların diqqətinə çatdıraq istərdik…

İyul ayının 29-da Rusiya KİV-də rusiyalı hərbi ekspert Pavel Felgenhauerin müsahibəsi dərc olunub. Müsahibə Rusiya-Azərbaycan-Türkiyə münasibətlərinə və bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinə yönəlik Rusiyanın gerçək mövqeyinə həsr olunub. Əhəmiyyətini nəzərə alaraq, müsahibəni Azərbacan oxucusunun “menyüsünə” təqdim edirik:

- Sizin fikrinizcə, indiki gərgin dövrdə Naxçıvanda Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi Ermənistan-Azərbaycan münaqişəsində Bakıya mənəvi dəstəyin nümayişidir, yoxsa Türkiyə Bakının tərəfini ciddi şəkildə tutmağa hazırdır?

- Nə danışırsınız, nə mənəvi dəstək? Həm Ərdoğan, həm də onun müdafiə naziri ondan danışırlar ki, ehtiyac yaranarsa, Azərbaycanın tərəfində döyüşəcəklər. Beləliklə, onlar öz mövqelərini ortaya qoyublar, həm də həmişə bu mövqedə olublar. Belədə, bir sıra problemlər yaranır, o cümlədən, 1921-ci il Moskva müqaviləsi ilə müəyyən olunmuş Naxçıvana aid problemlər. Müqavilə Türkiyə və Sovet Rusiyası arasında bağlanıb. İndi türklər deyirlər ki, əgər Azərbaycan problemlə üzləşsə, o zaman onlar məsələyə qarışa bilərlər və bu qarışma çox ciddi ola bilər.

- Türkiyənin belə müdaxiləsi olarsa, Rusiya nə edəcək?

- Əlbəttə, hadisələrin belə inkişafı Moskva ilə müharibə vəd edir - bu halda Rusiya Ermənistanı türklərdən qoruyacaq. Elə bu məqsədlə də Gümrüdə bizim hərbi bazamız yerləşir.

- Bəli, Moskva belə halda Ermənistanı müdafiə etməsə, o zaman belə bir sual yaranar ki, ümumiyyətlə KTMT nəyə lazımdır. Axı Yerevan da bu təşkilatın üzvüdür…

- Yox, söhbət konkret olaraq KTMT-dən getmir - bunlar hamısı baş aldatmaqdır, çünki bu təşkilata üzv olan ölkələr - nə Qırğızıstan, nə Qazaxıstan, nə Tacikistan və ya Belarus heç bir halda Qafqazda döyüşməyəcək. Axı KTMT NATO deyil… Məsələn, Belarusun konstitusiyası bu ölkənin ordusuna öz ərazisindən kənarda döyüşməyi qadağan edir. Təşkilata üzv olan Orta Asiya respublikaları da Qafqazda döyüşməyə hazırlaşmırlar. Başqa sözlə, bu iş təkcə Ermənistana və Rusiyaya aiddir, KTMT-nın digər iştirakçıları ən yaxşı halda onlara mənəvi dəstək verərlər, vəssalam.

Bu zaman Ermənistanda yerləşən Rusiya ordusu elə də Rusiya ordusu deyil - onun şəxsi heyətinin 90 faizi ermənilərdir. Köhnə imperiya ənənəsidir - xidmət üçün yerliləri muzdla tutmaq. Bu, sadəcə ucuz başa gəlir…

İstənilən halda, orada cəmi bir motoatıcı briqada var - 4 minə yaxın şəxsi heyət. Bundan əlavə orada bizim daha bir MiQ-29 aviasiya dəstəsi, zenit-raket kompleksi var. Ümumilikdə isə o, sərhədin o yanındakı Türkiyə 3-cü səhra ordusu ilə müqayisədə xeyli simvolik əhəmiyyət daşıyır.

Bu qruplaşmanın gücləndirilməsi də kifayət qədər məhduddur. Çünki ehtiyac yaranacağı halda Gürcüstandan yarıb keçmək lazım gələcək. Gürcülər isə buraxmaya bilərlər və onda bu ərazini döyüşlərlə keçmək lazım gələr… Əlbəttə, köməyi hava xətti ilə də daşımaq olar. Ancaq hava xətti ilə tank və motoatıcı briqadaların Ermənistana tullanması mürəkkəb xarakter daşıyar. Bundan başqa, türklərin çox güclü müasir aviasiyası var.

Ümumiyyətlə, orada hərbi fəaliyyətin başlanması zamanı türklər Ermənistandakı həm erməni, həm də Rusiya qüvvələrini yer üzündən silərlər. Amma bu, Rusiya ilə müharibə demək olar və bu şəraitdə Rusiya nüvə silahına əl ata bilər…

- Moskva belə riskli addıma gedə bilərmi?

- Bəlkə də gedər. Məsələn, heç kimin olmadığı dağlıq əraziyə və ya Anadoludakı hansısa bazaya nümayişkəranə br zərbə endirər - buna hazır olduğunu göstərmək üçün. Amma başqa tərəfdən, artıq bu, bütün NATO ilə müharibə demək olar. Situasiya kifayət qədər ciddidir və o, bircə anda kəskinləşə bilər… Ancaq Azərbaycan və Ermənistan arasında tammiqyaslı müharibə baş verməsə, o zaman Türkiyə prosesə müdaxilə etməyəcək.

Əlavə etmək istərdik ki, bir neçə il bundan əvvəl, türklər Suriya ilə sərhəddə Rusiya təyyarəsini vurduqları zaman başqa bir rusiyalı siyasətçi - Vladmir Jirinovski də atom bombası ilə hədələmişdi və demişdi ki, Rusiya boğazlara bir atom bombası atsa, İstanbul suyun altında qalacaq.

İndi bu ritorikanın (niyyətin) sahibi durub strateji tərəfdaşlıqdan dəm vurur. Əcəb tərəfdaşlıqdır, deyilmi?

Mirzə AĞ

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.