.."artıq itlik dövrü bitmiş, kamera əsri başlamışdır."- Heydər Oğuzdan ALLEQORİYA
27-08-2020, 12:05
![.."artıq itlik dövrü bitmiş, kamera əsri başlamışdır."-](/uploads/posts/2020-08/1598515441_1.jpg)
Ev sahibi həyətdən tutmuş mənzilə qədər hər yerə kamera quraşdırmışdı. Artıq itə ehtiyacı qalmamışdı. Əksinə, yoldan keçən hər adama hürən it həm ev sahibi, həm də qonum-qonşu üçün əlavə baş ağrısına çevrilmişdi.
İtin hürüşündən bezən “xozeyin” nəhayət qərar verir: mənasız bir varlığa çevrilən it azdırılmalıdır. Boğazına ip salıb azdırmağa aparanda içgüdüləriylə başına gələcəkləri anlayan it yəqin yaxşı hürmədiyi üçün sahibini qəzəbləndirdiyini düşünmüşdü. Bağışlansın deyə, bəlkə də həyatında ən hündür səslə hürməyə başlamışdı ki, ağzına dəyən təpik zərbəsindən gözlərində ulduzlar parıldamışdı.
Bu yağlı təpikdən sonra “ecazkar” hürüş ondan asılı olmayaraq zingiltiyə çevrilmişdi. Zingildəyə-zingildəyə sahibinin ayaqqabısını yalamağa girişmişdi. Növbəti zərbəni yeyəndə isə daha hansı məharətini göstərə biləcəyini düşünsə də heç nə ağlına gəlməmişdi.
Çünki onun bacardığı iki iş vardı: biri hürmək, digəri yalamaq. Di gəl ki, hünərinin ikisi də sahibini qəzəbləndirirdi. Dərin düşüncələrə dala-dala sahibinin arxasınca sürünən it sonuncu dəfə hansı qələtə yol verdiyini anlamağa çalışsa da, əsl günahını tapmaqda açıqlik çəkirdi.
Axı, o, harda, hansı səhvə yol vermişdi?
Binəva başa düşə bilmirdi ki, artıq itlik dövrü bitmiş, kamera əsri başlamışdır.
Heydər Oğuz
Teref.az