Qurbanlıq Nəzakət...
3-09-2020, 21:12

Ha istədim yazmayım, dözə bilmədim. Neçə vaxtdır müşahidə edirəm. Bir xanımı hamı müzakirə edir. Keçmiş MTN-DTX əməkdaşı, Nəzakət Məmmədovanı. Hətta şəxsi həyatını müzakirəyə çıxarırlar. Adam utanır,ən sevmədiyim işdir. Şəxsi həyatın ictimai müzakirəsi. Özü də bu məsələni müzakirəyə kişilər çıxarır, ikiqat pərt oluram. Bu məsələdə köhnə kafayam düzü. Yəni Azərbaycan kişisini daha ali, daha fərqli əqidə, əxlaq simvolu bilirəm. Anlayırsınızmı, KİŞİLƏR!?.
***
...Gələk N.Məmmədovaya. Xanımdır, insandır deyib, onunla bağlı məsələnin başqa tərəfini yazmağı lazım bilirəm. Aha qorxulu və təhlükəli hissəsini. Bir hirs üzündən, keçmiş iş yoldaşlarından qisas alsın deyə, bir ayda üç dəfə Qurban Məmmədov bu qadını efirinə çıxarıb. Baş verən bu “canfəşanlıqdan”, “canıyananlıqdan”, “vətənpərvərlikdən”şübhəliyəm düzü. Noolsun MTN-DTX əməkdaşı olub. Nəzakət xanımın çoxlu sayda anlamadığı mətləblər var.
Məsələn, anlamır ki, Q.Məmmədov çox qarışıq simadır. Ancaq öz əlinə “oynayır”, bir də sahibinin. Özü də N.Məmmdovanın nə zamansa çalışdığı bəlli dövlət qurumu ilə ciddi problemləri və şəxsi düşmənçiliyi var. Düşmənçiliyi o qədər çərçivəsiz, sərhədsizdir ki, özünə vətənpərvər desə də, bu orqanın, dövlətin onurğa sutunu oduğunu tamamilə unudur.
N.Məmmədovaya kimsə mütləq anlatsın ki, bəlli dövlət qurumu ilə həmsöhbətinin Namiq Abbasov dönəmindən düşmənçiliyi var. Və onun adı gah şimal, gah cənub qonşularına bağlanır tez-tez. Zamanında belə ittihamla məhbəs həyatı da yaşayıb.
Onun N.Məmmədova ilə söhbətlərdən birində diqqətimi çəkən məqamı, səninlə də bölüşürəm dəyərli oxucu. Dəxli olmadan, söhbətə Iranın ETTALAT-ı ilə Azərbaycanın təhlükəsizlik qurumunu müqayisəsini qatır. İranı tərifləyir, Azərbaycanı aşağılayır. Niyə? Hardandır bu İran və ETTALAT sevgisi?..
Təəssüfüm və təəccübüm həm də başqa bir şeyədir. Azərbaycan xüsusi xidmət orqanında, keçmişdə olsa belə hansısa post tutmuş adam qarşısında, başqa bir dövlətin təhlükəsizlik qurumu təriflənir, o da qorxa-qorxa susur. Məhz qorxa-qorxa. Bu qorxunun mahiyyətində siyasi bilgisizlik və informasiyasızlıq durur. Heç milli təəssüb də yoxdur.
Sizin hirsiniz bütöv bir orqana deyil axı, konkret şəxslərə idi Nəzakət xanım. Yüngülvari də olsa siyasi yük olmalı idi cavablarınızın. Amma sıfırın altında və qeyri-peşəkar cavablar verirdiniz.
Deyilənə görə beynəlxalq mövzularda ekspertsiniz. Gəl ki, mən verdiyiniz cavablardan ekspert olmanızı hiss etmədim. Daha çox üzərində eksperiment aparılana bənzətdim sizi. Hətta buna rəğmən əminəm bilirsiniz, Azərbaycanda gedən son proseslərdə şimal, cənub qonşularımızın xüsusi xidmətlərinin dayaqları ciddi zəifləyib. Onlara yeni dayaqlar lazımdır. Işsiz, hirsli, narazı. Siz bu standarta tam uyduğunuzun fərqində deyilsiniz amma.
Odur ki, bu xanımı yaxından tanıyan biri ona desin ki, dayanın Nəzakət xanım. Sizi çox pis məqsəddə, qisasçılıqda, çox pis istiqamətdə istifadə edirlər. Mənəvi borc bildim, qadın həmrəyliyi bildim ki, bunu yazım. Heç doğru yöndə deyilsiniz. Siz ölkənin onurğa sutunu sayılan bir orqanda çalışmısınız. Oranın keçmiş əməkdaşı olmur, bunu mən sıravi vətəndaş, yazar olaraq dəqiq bilirəm. Əslində siz hara getsəniz də elə oranın əməkdaşısınız, mənəvi bağlara görə. Diqqət edirəm, qorxularınız var, nədənsə, kimlərdənsə. Elə bil dayanmmaq tapşırığı almısınız. Siz siz olun, dayanın! Qorxuram, çox qorxuram ki, bir gün başınıza bir oyun gətirib, yükünü atalar Azərbaycanın boynuna. Bu yazıq Azərbaycanın da jurnalist Elmar, yazıçı Rafiq Tağı kimi xoş olmayan yaşadıqları var...
...Nə qədər ki, gec deyil, ayılın, dayanın, doğru olan yolu seçin. Özünüzü istifadəyə verməyin. Mühacirlərdən hələ ki, bu məmləkətdə bir xeyir görən olmayıb. İşlərinə hyarayan dam olmasaydınız efirlərinin e-sini də görməzdiniz. Sizdən bütöv bir dövlətin, onurğa sutununu aşağılamaq, ələ salmaq, təhqir eləmək, birininkini tərifləmək üçün istifadə edirlər. Bu kənardan çox aydın görünür.
***
Bir də onu anlamıram. Zamanında o boyda dövlət qurumunda, bu qədər siyasi hazırlıqsız , iradəcə zəif, milli təəssübü olmayan kadrlara necə və niyə iş veriblər görəsən?
Jalə Mütəlimova
03.09.2020.
Teref.az