Nikol Qarabağın anneksiyasına hazırlaşır: Həmsədrlərin “ŞAH ƏSƏRİ”
4-09-2020, 09:15
![Nikol Qarabağın anneksiyasına hazırlaşır:](/uploads/posts/2020-09/1599196560_1.jpg)
Nikol Paşinyan 2018-ci ildə küçədən siyasi Olimpə gələrkən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün masada sələflərindən fərqli əyləşəcəyi gözləntiləri var idi. Bu gözləntinin olması da səbəbsiz deyildi.
- Onun jurnalist keçmişində münaqişənin həllindən yana olması və sələflərindən fərqli olaraq, Dağlıq Qarabağ doğumlu olmaması;
- Ermənistanın dövlət kimi gələcək mövcudluğu qarşılığında qoşunları işğal altındakı ərazilərdən çıxarmağa razı olan və buna görə devrilən Levon Ter-Petrosyanın “mənəvi oğlu” kimi eyni mövqeni paylaşması;
- Münaqişənin həlli ilə Ermənistanı blokadadan çıxarması və “iqtisadi inqilab” vədlərini yerinə yetirmək imkanı əldə etməsi şansı;
- Siyasi hakimiyyətinə təhlükə hesab etdiyi “Qarabağ klanı”nın Qarabağ faktorundan ona qarşı siyasi rıçaq kimi istifadəsinin qarşısını alması;
- Onu siyasi Olimpə yüksəldənlərin qarşısında götürdüyü “Rusiyadan imtina” öhdəliyini yerinə yetirməsi və s.
Bunun fonunda Ermənistanda parlament seçkilərindən öncə ABŞ Prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dedikləri sözlər də münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.
“İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq”, – Bolton belə deyirdi.
Siyasi lüğətə “Bolton planı” adı ilə düşən və yalnız ideya olaraq qalan təklif “ərazilər əvəzinə sülh” prinsipinə söykənirdi. Yəni Qarabağa heç bir status verilmir və işğal edilmiş ərazilər tam şəkildə Azərbaycanın tərkibinə qaytarılır, əvəzində Bakı Ermənistanın regional layihələrə qoşulmasına “yaşıl işıq” yandırır, Türkiyə ilə sərhədlər açılır. Münaqişənin həlli Tramp Administrasiyasının geosiyasi planları fonunda vacib görünürdü. Həmin vaxt ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə göndərdiyi məktublarda “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır” qeydləri də bunu deməyə əsas verirdi.
Və bu variant Nikolun hakimiyyətə gələrkən verdiyi vədləri yerinə yetirə bilməsi üçün də sərfəli görünürdü.
Belə demək mümkünsə, Nikol Paşinyan hakimiyyətə gələndən sonra ona daxili vəziyyəti stabilləşdirmək üçün vaxt verilmişdi. Bu, rəsmi şəkildə elan olunmasa da, baş verənlər göstərirdi ki, həmsədr ölkələr Ermənistanın yeni rəhbərliyinin hakimiyyət sütunlarını möhkəmləndirməyinə və yeni parlament seçkilərini keçirməsinə qədər gözləməyi seçdilər. Rəsmi Bakı da danışıqları kiminlə aparacağını müəyyənləşdirmək üçün gözləmə mövqeyinə keçdi. Çünki Azərbaycan münaqişənin məhz sülh yolu ilə həllinin tərəfdarıdır, əks təqdirdə, İrəvan küçələrində “it yiyəsini tanımadığı” dövrdə şəraitdən istifadə edərək, işğal altındakı ərazilərdə anti-terror əməliyyatı keçirə bilərdi. Azərbaycan sülhə sadiq qaldı.
Paşinyan hakimiyyəti nə etdi? Faktiki olaraq, həmsədrlərə də, beynəlxalq ictimaiyyətə də kələk gəldi.
2018-ci ilin 28 sentyabrında Prezident İlham Əliyev və Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclası zamanı görüşdü. “Lift diplomatiyası” olaraq təqvimə düşən bu görüşdə cəbhədə “atəşkəs rejimi”nə əməl edilməsi ilə bağlı razılıq əldə olundu. Sonrakı aylarda təmas xəttində itkilərin sayı demək olar ki, sıfırlandı.
2019-cu ilin yanvarında Azərbaycan və Ermənistan XİN rəhbərləri Parisdə üç saatlıq müzakirə apardı, “xalqları sülhə hazırlamaq” üzərində razılıq əldə olundu. 23 yanvar tarixində isə Prezident İlham Əliyevlə Nikol Paşinyanın Davosda görüşü keçirildi.
Hadisələrin inkişafı və təmaslar münaqişənin həllinə ciddi ümidlər yaratmışdı.
Lakin bu təmaslardan qısa müddət sonra Paşinyan siyasi həyasızlığa başladı və Dağlıq Qarabağdakı separatçı rejimi danışıqların “tərəfi” olması tezisini ortaya atdı. Məqsəd danışıqlar prosesini uzatmaq və sülhü pozmağa hesablanmışdı.
2019-cu ilin 26 fevralında - Xocalı soyqırımının 27-ci ildönümü günü soyqırımın müəllifi olan Ermənistanın müdafiə naziri Davod Tonoyan gerçək niyyətlərini ortaya qoydu.
“Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq” deyən Tonoyan erməni jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına “niyə də yox” cavabını verdi.
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın siyasi həyasızlığı qarşısında heç bir ciddi addım atmadı, yalnız martın 9-da Paşinyanın “format dəyişikliyi” ideyasına qarşı bəyanat verdilər.
Bu bəyanat Nikol Paşinyanın təxribatlarının qarşısını almağa nail olmadı. Erməni baş nazir martın 12-də Təhlükəsizlik Şurasının iclasını tarixdə ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində – Xankəndidə separatçıların iştirakı ilə keçirdi və iclasda “Qarabağın tərəf olması” tezisini yenidən gündəmə gətirdi. Martın 26-da erməni hərbi birləşmələri Azərbaycan əsgərini şəhid etdi. Bu, Düşənbədə “lift diplomatiyası”nan sonra cəbhədə verilən ilk şəhid idi.
Martın 29-da Azərbaycan Prezidenti ilə erməni baş nazir Vyanada bir araya gəldi. Əslində Tonoyanın hərbi ritorikaya müraciət etməsi və Azərbaycan əsgərinin şəhid edilməsi bu görüşün də digərləri kimi nəticəsiz olmasına hesablanmışdı.
Vyana görüşündə Ermənistanın separatçıları danışıqlara “tərəf” kimi daxil etmək iddiası alt-üst edildi, lakin bu, həmsədrlərin yox, Azərbaycan liderinin siyasi iradəsinin nəticəsi idi. Minsk qrupu sadəcə nəticəsiz bəyanatlar vermək vərdişini davam etdirərkən, Nikol Paşinyan Vyanadan qayıdandan sonra da sülh danışıqlarını baltalamağa başladı.
30 may: cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun mayoru Aqil Omarov şəhid edildi. Bu, atəşkəsin pozulması nəticəsində hərbi qulluqçunun düşmən gülləsinə tuş gəlməsi kimi işğalçının adi hala çevrilmiş təxribatı deyildi, snayperlə Azərbaycan Ordusunun zabiti, batalyon komandirinin şəhid edilməsi gərginliyin yaradılmasına, danışıqları pozmağa hesablanmışdı.
Həmsədrlər heç nə olmamış kimi davrandı...
İyul ayından başlayaraq, işğalçı ölkə təxribat hücumlarını təmas xəttindən dövlət sərhədinə - Qazax istiqamətinə keçirdi.
Avqustun 5-də isə Paşinyan işğal altındakı torpaqlarda “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını gündəmə gətirdi və iddia etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.
Bu, işğal altındakı ərazilərin faktiki anneksiyasının elan edilməsi və indiyə qədər həyata keçirilən danışıqlar prosesini heçə saymaq idi. İşğalçının cavabını Prezident İlham Əliyev tarixi “Qarabağ Azərbaycanındır və Nida” bəyanatı ilə verdi. Həmsədrlər isə növbətçi bəyanat verməkdən başqa heç nə etmədilər.
Oktyabrın 30-da Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin (keçmiş) “xarici işlər naziri” Masis Mailyanın Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-a səfər etdi və separatçıya Konqres binasının zallarından birində Azərbaycana qarşı çıxışlar etməsinə şərait yaradıldı.
2020-ci ilin ilk ayından etibarən Ermənistan separatçı rejimi danışıqlarda “tərəf” kimi daxil etmək iddiasını daha da genişləndirdi və sülh prosesini pozmaq üçün təxribatlarını davam etdirdi.
Mayın 22-də işğal altındakı ərazilərdə separatçı rejimin yeni “rəhbəri”nin qondarma “andiçmə” mərasimi keçirildi. Mərasimin baş qonağı Ermənistanın baş naziri Nikol Paşinyan idi. Həmsədrlər Nikolun Şuşada şampan partlatmasını seyr etməkdən başqa heç nə etmədilər.
Cəzasızlıq özbaşınalığa gətirib çıxarır və beynəlxalq ictimaiyyətin, xüsusilə münaqişənin həllindən məsul olan həmsədr ölkələrin Ermənistanın bütün təxribatlarına göz yumması, sadəcə, növbətçi bəyanatlarla çıxış etməsi işğalçı ölkənin iyulun 12-də Tovuz istiqamətində genişmiqyaslı hücuma keçməsinə şərait yaratdı.
Azərbaycan Ordusu işğalçısının təxribatının qarşısını aldı və layiqli cavabını verdi. Bəs, həmsədrlər “Tərəfləri sülhə dəvət edirik” kimi çeynənmiş və heç nəyə yaramayan leksikondan istifadə etməkdən başqa nəsə etdimi?!
Hətta Tovuz istiqamətində genişmiqyaslı hərbi əməliyyatlardan sonra da Ermənistana etiraz etməyən vasitəçilər, əksinə, onu müxtəlif yollarla silahlandırmağa davam edirlər. Rusiyanın döyüşlərin getdiyi vaxt və sonrakı günlərdə Ermənistana gizli yolla silah daşıması faktları da bunu sübut edir.
Bu cəzasızlıq mühiti Ermənistanın daha da irəli getməsinə səbəb oldu. Və bunun nəticəsidir ki, işğal altında olan Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyan açıq şəkildə sülh danışıqlarına qarşı çıxır, anneksiyadan bəhs edir.
“Realist olaq – danışıqları müzakirə etmək yox, müharibəyə hazırlaşmaq lazımdır. Danışıqlar olmayacaq. Nə qədər ki Bakı aqressiv ritorikadan əl çəkməyib, danışıqlar haqda söhbət belə gedə bilməz”, - separatçı bildirir.
Arutunyanın bu bəyanatı özfəaliyyət deyil, faktiki olaraq, Nikol Paşinyanın hakimiyyətə gələndən sonra danışıqlar prosesini pozmağa hesablanmış siyasətinin və həmsədrlərin cavabsız qoyduğu “Qarabağ Ermənistandır” iddiasının məntiqi davamıdır.
Araik Arutunyanın açıqlaması o deməkdir ki, “danışıqlar yalnız bir məqsədə qulluq edə bilər - işğal olunmuş Azərbaycan ərazilərinin Ermənistana biləşdirilməsinə”. İndiyədək “müstəqil dövlət” qurmaq, Qarabağ ermənilərinin “təhlükəsizliyini təmin etmək”, Dağlıq Qarabağ “xalqının” hüquqlarını qorumaq və s. haqda danışan separatçılar indi anneksiyanı qanuniləşdirməkdən danışırlar.
Bu, Paşinyanın “Qarabağ Ermənistandır” iddiası ilə irəli sürdüyü anneksiya siyasətinin separatçılar tərəfindən davam etdirilməsidir.
Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsindən danışan Arutunyan ötən ay “lazım gələrsə, Gəncəni vuracağıq” açıqlaması verəndə də həmsədrlər özlərini “lal və kar” kimi apardı.
Cəzasızlığın nəticəsi ortadadır və hazırda sülhü pozan aqressiv Ermənistanı həmsədrlərin “şah əsəri” hesab etmək olar.
- Paşinyan hakimiyyətə gəldiyi gündən danışıqları pozur, masadakı bütün sənədləri rədd edir, onlar susurlar;
- Separatçıları danışıqlar masasına gətirmək iddiasını irəli sürür, reaksiya vermirlər;
- Erməni hərbi birləşmələri cəbhədə və sərhəddə təxribat hücumlarına cəhd edir, özlərini sanki heç nə olmamış kimi aparırlar;
- “Qarabağ Ermənistandır və nöqtə” kimi marazmatik bəyanat səsləndirir, “ordumuz müdafiəyə yox, hücuma hazırlaşmalıdır” kimi aqressiv bəyanat verir, Gəncəni və Mingəçevirə zərbələrin vurula biləcəyi haqda hədə-qorxu gəlirlər, həmsədrlərdən səs gəlmir.
Nəhayət, Azərbaycanın dövlət sərhədini pozaraq, Tovuz istiqamətində hücuma keçməyə cəhd edən Ermənistanın əməlləri həmsədr dövlətlər tərəfindən pislənmədi, əksinə, həmsədrlərdən biri - Rusiya işğalçı orduya tonlarla silah-sursat daşıyır.
Paşinyan hazırda 100 minlik “xalq ordusu” yaradır, onun “sülhpərvər” xanımı Anna Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərbi düşərgədə hərbi təlim keçir. Həmsədrlər sanki “evdən çıxıb, bir daha geri qayıtmayıb” elanında olduğu kimi itkin düşüblər.
Cəzasızlıq işğalçı Ermənistanın hərbi aqressiyasının daha da böyüməsinə gəritirib çıxarıb. Həmsədr dövlətlər bu aqressiyanı və sülh prosesinə yaranan təhlükəni gördükləri halda heç bir addım atmır, amma unudurlar ki, Azərbaycan Ordusu onların “şah əsəri”ni darmadağın etmək gücündədir...
Və maraqlıdır ki, gələn ay regiona səfər etməsi planlaşdıran həmsədrlər hansı üzlə və nə deməyə gəlirlər?!
Asif Nərimanlı